Azərbaycanlı iş adamı Rauf İsmayılovun sahibi olduğu "Darıca Gənclərbirliyi" klubuna azarkeşlər basqın ediblər. Matç.az saytının məlumatına görə, bir neçə gündü klub ətrafında gəzən söz-söhbətlərdən təngə gələn fanatlar Kocaeli təmsilçisinin bazasına gələrək, rəhbərliyi istefaya səsləyib.

Onlar klubun yeni sahibi Rauf İsmayılovun adını çəkərək, müxtəlif təhqir və söyüşlər səsləndiriblər. İş adamından xəbər çıxmayınca isə tərəfdarlar "Rauf nerdesin (hardasan), Allah belanı versin" şüarına güc veriblər.

Qeyd edək ki, ötən ilin son günlərində həmin kluba sahib çıxan İsmayılov böyük vədlər vermiş və komandaya maliyyə dəstəyi göstərəcəyini, yeni transferlər olacağını desə də, sözünün üstündə durmayıb. Xüsusilə, qış toplanışı üçün Antalyaya yollanan klubun qaldığı bazanın pulunu ödəyə bilməməyi yerli mətbuatda geniş əks-səda doğurmuşdu.

Bu səbəbdən sonuncu hazırlıq matçını oynaya bilməyən "Darıca Gənclərbirliyi" Kocaeliyə qaçmağa məcbur olmuşdu. Yerli mətbuatda gedən daha bir xəbərdə isə klubun Rauf İsmayılovla paralel olaraq daha bir iş adamına satılması iddia edilib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest