Barbados və Qrenada milli komandaları arasında məşhur və qalmaqallı oyundan 25 il ötür. Matç.az xəbər verir ki, futbol xəritəsində görünməyəcək səviyyədə olan bu iki yığma 1994-cü il yanvarın 27-də keçirdikləri görüşlə tarixə düşə biliblər.

Əslində, həmin məşhur olaylarda Karib kubokunda mövcud olan axmaq qərarlar rol oynayıb. Elə həmin görüş də qaydalara yenidən baxılmasına səbəb olub.

Karib kubokunun seçmə mərhələsində Puerto-Riko, Qrenada və Barbados eyni qrupda, bir dövrəlik dairəvi sistemlə mübarizə aparıb. Final mərhələsinə yeganə vəsiqə isə sonuncular arasındakı son turda müəyyənləşib.


Bunadək isə Qrenada Puerto-Rikonu 2:0, sonuncular isə Barbadosu 1:0 məğlub edib. İlk iki görüşdən sonra puerto-rikolular 1-ci yer şansını itirib.

Həlledici görüşün iştirakçıları isə meydana fərqli vəzifələrlə çıxıb. Qrenada 1-ci yeri tutmaq üçün xal qazanmalı idi. Hətta 1 top fərqilə məğlubiyyət də onları final mərhələsinə daşıyırdı. Barbadoslular isə ən azı 2 top fərqilə qalib gəlməlidi.

Qarşılaşmanın 87-ci dəqiqəsinədək 2:1 hesabı ilə öndə olan barbadoslular heç cür fərqi 2 topa çatdıra bilmir. Onlar vaxtın və final mərhələsi şansının da tədricən əridiyini görür.

Belə vəziyyətdə isə yarışın axmaq qaydaları onların işinə yarayır. Məsələ ondadı ki, turnirin reqlamentinə görə heç-heçə başa çatan görüşlərdə əlavə vaxt oynanılır. Ən dəhşətlisi isə odu ki, bu zaman oyun 2 qola bərabər olan "Qızıl qol"a qədər davam edir.

Məhz bunu xatırlayan barbadosluların müdafiəçisi öz qapıçısı ilə bir neçə paslaşmadan sonra avtoqol vurur. Bilərəkdən vurulan avtoqolun səbəbi 30 dəqiqə vaxt qazanmaq idi. Axı hesab 2:2 olandan sonra həmin yarım saatda 1 qol vurub hesabı 4:2-yə çevirmək imkanı vardı. Barbadoslular ya 4:2 udmaq, ya da eyni hesabla uduzmağı mənasız 2:1-dən üstün tuturdu.

Onlar hesabı bərabərləşdirdikdən sonra 90 dəqiqənin tamamınadək tarazlığın pozulmaması üçün rəqibin də qol buraxmamasını təmin etməli idi. çünki bundan sonra qrenadalılar avtoqol edib 2:3 hesablı məğlubiyyətlə qrup qalibi olardı. Hər iki qapını və hesabı qoruyan Barbados istəyinə çatıb və matçı əlavə vaxta daşıyıb.

Burada vurulan "Qızıl qol" isə 2 top dəyərində olub və Barbados 4:2 hesablı qələbə ilə final mərhələsinə yüksəlib.

Qrenadalıların məşqçisi Ceyms Kalrkson görüşdən sonra sanki dəli olub: "özümü aldadılmış hesab edirəm. Bu qaydaları düşünən adamın yeri birbaşa dəlixanadı. Belə oyun heç keçirilməməli idi. Futbolçularımız hansı qapıya tərəf qaçmağı da bilmirdilər. Həyatımda belə şey görməmişdim".

Həmin qarşılaşmadan sonra 1 qolun 2 qol kimi sayılması qərarı ləğv olundu. Amma həmin oyun tarixə düşdü. Barbados isə final mərhələsinə yüksəlib orada qrupda qaldı.

Mənbə: sports.ru

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest