"Neftçi"nin son transferi hücumçu olacaq. Paytaxt klubu ilə adı hallanan futbolçulardan biri də "Osmanlıspor"un seneqallı forvardı Maqaye Quayedi. Fransanın aşağı yaşlılardan ibarət müxtəlif yığmalarında oynamış 28 yaşlı futbolçu "Everton"la İngiltərə Premyer Liqasında çıxış etməyə imkan tapıb. Amma böyük ümidlər bəslənilən afrikalının karyerası daha sonra enişə gedib.

Hər şeyin səbəbi də Maqayanın xarakteri, daha dəqiq desək, intizamsız olmasıdı. Təsadüfi deyil ki, hazırda Super Liqaya yüksəlmək uğrunda mübarizə aparan "Osmanlıspor" da növbəti mövsümün sonunadək müqaviləsi olan və karyerasının ən yaxşı dövründə İngiltərə Premyer Liqasından Türkiyə aşağı liqasınadək qrafik cızan başabəla futbolçunu belə rahatlıqla buraxır.

Queyenin futbolçu keyfiyyətləri çox yaxşıdı və "Neftçi"  transferi gerçəkləşdirsə, bu mənada gücünə güc qatacaq. Amma daha əvvəl "Qarabağ" və "Qəbələ"yə də təklif olunan forvarddan klublarımız məhz insani keyfiyyətlərinə görə imtina edib. Sıra "Neftçi"dədi. Transfer gerçəkləşsə, "flaqman" ərkəsöyün Queyeyə əlavə tərbiyəçi də tutmalı olacaq. Sosial şəbəkədə bu keçid haqda fikrini soruşduğumuz futbolçu gülüş smayliki ilə reaksiya verməklə kifayətləndi. Amma gözləməyə az qalıb. Bir-iki günə bütün suallara aydınlıq gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest