"Qəbələ" qısa müddət yaranmasına baxmayaraq, Azərbaycanın ən böyük tərəqqiyə imza atan klubudu. ölkənin ən yaxşı futbol akademiyası, iki dəfə Avropa Liqasının qrupu həyəcanı, milli komandalara ən çox futbolçu yetişdirmək - qısa zaman üçün böyük işlərdi. Bunun da səbəbi təməldən işlərin düzgün qurulmasıdı.


İlk növbədə akademiya üçün hər cür infrastruktur yaradan və müxtəlif ölkələrdən tanınmış məşqçiləri cəlb edən əyalət klubu bunun bəhrəsini təzə-təzə görməyə başlayır. Akademiyanın yetirməsi və U-21-in kapitanı Hacıağa Hacılını "Qarabağ"a 200 min manata  satmaqla, Azərbaycan tarixində ən bahalı transferi gerçəkləşdirən "Qəbələ" əsas komandada görülən işlərlə də başqalarına əsl peşəkarlıq nümunəsidi. Məsələn, dəqiq legioner transferləri ilə. Dmitri Bezotosnı, Voislav Stankoviç, Stiven Monroz kimi keyfiyyətli futbolçularla hər klubumuz öyünə bilməz. Hazırda çempionatın ən yaxşı oyunçusu Baqali Dabo və Filip Ozobiç kimi legionerlər də "Qəbələ"nin tapıntılarıdı. Yəni, bu futbolçuların uğurlu çıxışını "Neftçi" və "Qarabağ"ın seleksiya xidmətinin aktivinə yazmaq olmaz, region təmsilçisinin maddi sıxıntılarına görə daha çox pul verib hazırın nazirinə yiyələniblər.

Bəs bu cür uğurlu qrafik cızan və düz işlər görən bir klub niyə maddi sıxıntı yaşasın? Bu sualın cavabını tapmaq çətindi. çünki, "Qəbələ"nin belə duruma düşməsi heç bir məntiqə sığmır.

Sıxıntılara baxmayaraq, klub yenə də düz yoldadı. Hacıağa Hacılıdan başqa, Təmkin Xəlilzadəni 170 min manata "Sabah"a satıblar. Yuxarıda adını çəkdiklərimizdən başqa, Ceyms Adeniyi, Sabien Lilay, Lalavele Atakora kimi legionerlər var. "Qəbələ"nin legionerləri "Qarabağ" və "Neftçi"dən geri qalmır. Yeni transfer, qasırğa sürəti ilə seçilən gürcü David Volkovi də çempionatın kəşflərindən olmaq potensialındadı.

Yerli futbolçuların da demək olar hamısı əsas millinin, U-21-in və digər yığmaların üzvləridi. Cavid Hüseynov, Rauf Əliyev, Asif Məmmədov, ürfan Abbasov, İlqar Qurbanov, Rasim Ramaldanov kimi təcrübəli futbolçular var. Milli komandamızın gələcəyi olacaq Bəhlul Mustafazadə, Elvin Camalov, Qismət Alıyev, Roman Hüseynova da təcrübəsiz demək olmaz. Gənc istedadlar isə "Qəbələ"də həmişə olub. Yəni, bu heyətlə nəinki bürünc medal, çempionluq uğrunda da mübarizə aparmaq mümkündü. Amma Cavidin liderlik, Raufun bombardirlik keyfiyyətlərini bu mövsüm görə bilmirik. Yalnız yerli futbolçular yox, yüksək səviyyələri bəlli olan Bezotosnı, Stankoviç, Monroz, Lilay kimi legionerlər də özlərinə bənzəmir. Bütün bunların əsas səbəbkarı isə böyük ehtimalla "Qəbələ"nin yeganə zəif bəndi -  baş məşqçi Sənan Qurbanovdu.

Qurbanov birdən-birə od alovun içinə atılmayıb. Uzun illər klubda kifayət qədər güclü əcnəbi məşqçilərin köməkçisi işləyib. Amma görünür, onlardan lazımı keyfiyyətləri mənimsəyə bilməyib. Mövsümün ilk yarısındakı uğursuzlar məhz Sənan Qurbanovun ayağına yazılmalıdı. Amma Qurbanov Antalya toplanışından sonra komandasının ikinci dövrəyə tam hazır olduğunu deyib. Təki elə olsun. Türkiyədəki son hazırlıq matçında hesabda 2 dəfə geriyə düşdükləri oyunda 3:2 hesablı əzmkar qələbə də, şübhəsiz komandaya psixoloji üstünlük və xoş əhval ruhiyyə verib. "Qəbələ"nin heyətindəki demək olar bütün futbolçular xarakterlidi, döyüşkəndi. Ona görə də son əzmkar qələbə təəccüblü deyil. Amma Qurbanov bu futbolçuların potensialından istifadə edə biləcəkmi? Onlardan bacarıqlarının maksimumunu almağı bacaracaqmı? Hər şey həftəsonu ikinci yarısı start götürəcək mövsümdə bilinəcək.

Tək arzu belə bir klubun, özü də "Sumqayıt"ı nəzərə almasaq yeganə əyalət klubumuzun müəmmalı vəziyyətdən çıxıb, çətin günləri arxada qoymasıdı. Bu mövsüm göstəriləcək uğurlu nəticə yəqin bütün məsələlərdə həlledici amil olacaq. İlk iki dövrədəki zəif çıxışa görə "Neftçi" və "Qarabağ"la arada olan xal fərqini nəzərə alsaq, çempionluq mübarizəsinə qoşulacağı mümkünsüz görünən "Qəbələ" üçün bürünc medal da uğurlu nəticə sayılacaq.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest