Bu həftə Topaz Premyer Liqasında mövsümün ikinci yarısı start götürəcək. Matç.az xəbər verir ki, XV turun mərkəzi qarşılaşmasında "Qarabağ" "Neftçi"ni qəbul edəcək.

Mövsümün yox, dövrənin oyunu

çempionatın ilk iki pilləsində qərarlaşan komandaların görüşü təkcə turun deyil, həm də III dövrənin oyunu sayılır. Əslində, 3 xal fərqi ilə qərarlaşan klubların duelini mövsümün matçı da saymaq olardı. Amma Premyer Liqa 4 dövrədən ibarətdi və rəqiblərin daha bir dueli qaldığından bunu söyləmək olar. çünki son turda baş tutacaq həmin görüşün əhəmiyyət daşımayacağını indidən iddia etmək düzgün deyil.

Azərbaycan derbisi

"Neftçi" və "Qarabağ" arasında oyuna əminliklə Azərbaycan derbisi demək olar. Düzdü, bu fikirlə barışmayanlar da var. Lakin əksər futbol ölkələrində qəbul olunub ki, daim yüksək liqada oynamış iki komandanın duelinə derbi deyilsin. Bizim Premyer Liqanın da daimi iştirakçıları məhz "Neftçi" və "Qarabağ"dı. Paytaxt təmsilçisinin "Kəpəz"lə duelləri də uzun illər Azərbaycan derbisi sayılıb və daha zəngin tarixə malikdi. Lakin Gəncə klubunun aşağı liqaya düşməsi ilə çempionatımızda yalnız bir derbi qalıb. Bu derbini də cəmi 5 gündən sonra izləyəcəyik.

"1 nömrə"li arena

"Qarabağ"ın rəqibini ev oyunlarını keçirdiyi "Azərsun Arena"da qəbul etməməsi qarşılaşmanın Tofiq Bəhramov adına stadionda baş tutmasına imkan yaradıb. Bu da matça xüsusi rəng qatıb. çünki hər iki komanda tarixinin  uğurlu anlarının əksəriyyətini bu arenada yaşayıb. "Neftçi" uzun illər bu arenanın ev sahibi olubsa, ağdamlılar avrokubok zəfərlərini burada əldə edib.

Keçmişi və bu günü fərqli olanların 29 titulu

Derbidə üz-üzə gələcək komandalara nəzər salsaq, "Neftçi" dünəni, "Qarabağ" isə bu günü ilə öyünür. Zəngin tarixə malik 82 yaşlı paytaxt təmsilçisi həm SSRİ çempionatlarında, həm Azərbaycan səviyyəli yarışlarda uğurlarını xeyli əvvəl qazanıb. Böyük tarixə malik Ağdam futbolunu təmsil edən indiki "Qarabağ" nisbətən gənc komanda olsa da, son 5 ildə bütün cəbhələrdə "at oynadır". ümumilikdə, iki komanda birlikdə 29 titul qazanıb. "Neftçi" çempionluq (8-6) və Superkubok (2-1) sayında üstünlüyə malik olsa da, kubokda tarazlıq (6-6) hökm sürür.

Qarayevin qolu ilə başlayan tarix

SSRİ dövründə fərqli liqalarda mübarizə aparan komandaların ilk dueli müstəqillik illərinə təsadüf edib. 27 il əvvəl - 1992-ci ildə rəqiblər çempionata fərqli qruplarda başlasa da, final mərhələsində 1-12-ci yerlər üçün mübarizə aparıb. 1992-ci il sentyabrın 26-da, məhz indiki derbini qəbul edəcək Respublika stadionunda rəqabətin təməli qoyulub. Rüstəm Rəhimovun idarə etdiyi həmin görüşdə qalib müəyyənləşməyib – 1:1. İlk görüşdə "Neftçi"də Ərani Beydiyev, "Qarabağ"da Zaur Qarayev fərqlənib. Məhz hesabı açan sonuncu derbilər tarixində ilk qolun müəllifi olub. Derbidəki ilk qələbəni isə 24 gün sonra Ağdamda 2:1 hesabı ilə qalib gələn "Qarabağ" əldə edib.

Kubokda rəqabətə qalmaqallı start

1992-ci ildən başlayan rəqabət komandalar yalnız 1993-cü ildə çempionatda üz-üzə gəlməyib. Buna da əsas səbəb "Neftçi"nin uğursuz çıxışı olub. Düzdü, komandalar fərqli qruplarda yer alıb. Lakin qrupdan çıxa bilməyən "Neftçi" həlledici oyunlarda "Qarabağ"la görüşmək imkanını qaçırıb. Əvəzində həmin il komandalar ilk dəfə kubokda üz-üzə gəlib. Ağdamlılar qalmaqal, dava-dalaşla başa çatan 1/4 finalda turu adlayan tərəf olub – 2:1, 0:0. ümumiyyətlə belə qalmaqallar derbi tarixində az olmayıb.

Premyer Liqada yubiley

Fevralın 3-də keçiriləcək duel Azərbaycan çempionatlarında yubiley – 75-ci derbi olacaq. Əvvəlki 74 qarşılaşmada üstünlük "Qarabağ"ın tərəfindədi. Ağdam təmsilçisi 27 dəfə qalib gəlib. Eyni sayda görüşdə heç-heçə qeydə alınıb. Bakılılar isə 20 dəfə sevinib. Texniki nəticəni saymasaq, əyalət klubu top fərqində də üstünlüyə malikdi – 78:68. 146 qolun vurulduğu derbilərdə yubiley – 150-ci topa çox qalmayıb. Həftəsonu baş tutacaq duel məhsuldar alınsa, 4-cü top tarixə 150-ci çempionat qolu kimi düşəcək.

Kubokda da rəqib

çempionatda olduğu kimi, kubokda da ən çox üz-üzə gələn cütü məhz bu komandalar təşkil edir. İlk dəfə 26 il öncə qarşılaşan rəqiblər indiyədək 21 dəfə üz-üzə gəlib. "Qarabağ" burada da böyük üstünlüyə malikdi. Ağdamlılar 10, paytaxt klubu 5 dəfə qalib gəlibsə, 6 matçda sülh qeydə alınıb. Bu üstünlük texniki nəticələrin nəzərə alınmadığı top fərqində də əksini tapıb – 18:16. Belə ki, "Neftçi" 1993/94 mövsümündə iki oyunluq 1/4 final duelindən imtina etməklə 2 belə yenilgi alıb.

"Qarabağ"ın böyük üstünlüyü

"Qarabağ"la "Neftçi"nin qarşıdakı oyunu 96-cı derbi kimi tarixə düşəcək. İndiyədək çempionat və kubokda 95 duel baş tutub. Bu oyunlarda "Qarabağ" 37, "Neftçi" 25 dəfə qalib gəlib. Digər 33 matçda bərabərlik qeydə alınıb. 3 texniki nəticəni saymasaq, derbidə 180 qol vurulub. Ağdam təmsilçisi 96, paytaxt klubu 84 dəfə fərqlənib. 100-ə cəmi 4 qolu qalan son çempionu elə cari mövsümdə bu rəqəmə çata bilər.

100-cü derbi uzaqda deyil

"Qarabağ"la "Neftçi"nin cari mövsümdə daha bir dəfə meydana çıxacaq. Rəqiblərin növbəti mövsümün ilk yarısında keçirəcəyi 2 dueli də nəzərə alsaq, onlar arasındakı oyun sayı 99-a çatacaq. Bir sözlə, 100-cü derbi çox uzaqda deyil. Əgər kubokun püşkü rəqibləri 1/4 finalda üz-üzə qoysa və bu mərhələ ilin sonuna təsadüf etsə, yubiley dekabrda yaşana bilər. Əks halda isə 2020-ci iln ilk derbisində "100"ə şahid olacağıq.

Baş tutmayan Superkubok

Əslində 100-cü matça elə bu il də baxmaq imkanı qazana bilərdik. Amma baş tutmayan oyunlar buna imkan verməyib. Yarımçıq qalan 2001/02 mövsümündə rəqiblərin final mərhələsindəki iki görüşü keçirilməyib. Həmçinin yalnız çempionat və kubokda üz-üzə gələn komandaların Superkubokda görüşmək üçün yeganə şansı boşa verilib. 2013/14 mövsümündə "Qarabağ" çempion, "Neftçi" kubok sahibi olsa da, "ənənə"yə uyğun şəkildə matç təşkil edilməyib.

Həmzəzadədən ilk, Yusifovdan rekord

Hakimlər Komitəsi qarşıdakı matçı gözlənilmədən Rəvan Həmzəzadəyə tapşırıldı. üç FİFA referisi deyil, digər ədalət təsmilçisinin oyunu idarə etməsi ilklə əlamətdar olacaq. Belə ki, Həmzəzadə ilk dəfə derbinin baş hakimi olmaq imkanı qazanıb. O, "Qarabağ" – "Neftçi" oyunları tarixində bu funksiyanı yerinə yetirəcək 29-cu hakimdi.

Burada mütləq rekord isə Fariz Yusifova məxsusdu. O, 13 derbi idarə edib. Lakin onun rekordunun tezliklə qırılması mümükündü. Əliyar Ağayev artıq 11 belə matça təyinat alıb ki, bu göstəricidə Xaqani Məmmədovla 2-ci yeri bölüşür.

çempionun uğursuz seriyası

Fevralın 3-dəki komandalar fərqli durumda çıxacaq. Söhbət cari cari seriyalardan gedir. Son iki görüşdə hər iki komanda qol sevinci yaşayıb ki, bu da yenə məhsuldar matç gözləməyə ümid verir.

"Neftçi" 2018-ci ildəki 4 oyunda uduzmayıb. Bu müddətdə 2 qələbə və 2 heç-heçəsi olan bakılılar matça daha yüksək əhval-ruhiyyə ilə çıxacaq. Bakılılar ötən mövsüm evdə qolsuz heç-heçədən sonra səfərdə 1 qolla qalib gəlib. Cari çempionatda isə Ağdam təmsilçisinin meydanında 1:1, "ağ-qaralar"ın evində isə 3:1 hesabı qeydə alınıb.

Bombardirlər geri döndü

"Qarabağ"la "Neftçi" arasında oyunların ən yaxşı bombardiri Reynaldo Silvadı. Braziliyalı "ağ-qaralar"a yetərincə qənim kəsilib. O, derbilərdə 9 qol vurub. Bu göstəricidə 2-ci yerdə digər Ağdam futbolçusu Müşfiq Hüseynovdu. Onun hesabında 8 top var. "Neftçi"nin qapısına 6 qol vuran Riçard Almeyda siyahının 3-cüsüdü. Həm Reynaldo, həm Almeyda həm fasilədən sonra 2019-cu ilin əvvəlində yenidən "Qarabağ"a qayıdıb. Geri dönən bombardirlər derbidə birlikdə 15 dəfə fərqlənib.

"Neftçi"nin derbidəki ən məhsuldar oyunçuları isə 5 qol vurub. Onlardan biri "Qarabağ"ın uğurlarının memarı olan baş məşqçi Qurban Qurbanovdu. O, futbolçu kimi indiki komandasına 5 qol vurub. Qurbanov kimi Yunis Hüseynov və Nikolas Kanales də "Qarabağ"a 5 qol vurub. Derbidə 5 qol vuran Adamiya isə hər iki klubun heyətində fərqlənməyi bacaranlardandı. O, "Neftçi"də 1, Ağdam təmsilçisində 4 qol vurub.  5 qol vuran daha bir oyunçu – Muarem Muaem isə bütün qollarına "Qarabağ"da imza atıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest