"Hazırda bu məsələ ilə klubun baş meneceri məşğul olur. Göndərilməsi ilə bağlı danışıq gedir. Bir futbolçu intizamsızlıq edəndə, bütün komandaya sirayət edir. Başqası deyəcək ki, Diallonu bağışlayırsınızsa, mənə niyə güzəşt etmirsiniz?"

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov "report"a müsahibə verib. Matç.az saytının məlumatına görə, təlim-məşq toplanışını dəyərləndirən mütəxəssis ikinci yarı üçün hədəflərindən də söz açıb.

- Türkiyənin Antalya bölgəsində hökm sürən yağışlı hava şəraitinin bir sıra problemlərə yol açmasının fonunda təlim-məşq toplanışı gözləntilərinizi nə dərəcədə doğrultdu?

- Proqramda necə nəzərdə tutmuşduqsa, hamısını həyata keçirə bildik. Klubun baş meneceri Eldəniz Yusifovla birgə 12 - 26 yanvarda 4 yoxlama matçı planlaşdırmışdıq, onları da həyata keçirdik. Antalyada yalnız ikinci günümüzdə bir məşqimizdə hava ilə bağlı problem yaşadıq. Düşündüyümüz transferlərin 90 faizini həyata keçirmişdik. İki yerli və bir əcnəbi götürmüşdük. Qalırdı bir legioner, onu da həll etdik. Pleymeyker axtarırdıq və çalışırdıq ki, tələsməyək. Bizə təqdim edilən futbolçular arasından daha yaxşısını seçmək istəyirdik. Artıq venesuelalı Luis Penya ilə razılaşmışıq. Yeganə çatışmazlıq onun bizimlə toplanışda olmamasıdır. Qalan bütün işlərimiz qaydasında gedib. Zədəlilərimiz də sıraya qayıdıb. "Neftçi" ilə mövsümün ilk yarısındakı Premyer Liqa matçında ayaq barmağı sınan Azər Salahlı yoxlama görüşündə qol da vurdu. Əməliyyat keçirən Fuad Bayramov bizimlə birgə Türkiyəyə getməsə də, artıq məşqlərə başlayıb. Toplanış ərzində heç bir problem yaşamadıq və istədiyimizi əldə etdik. Artıq fervalın 2-də Premyer Liqanın XV turunda "Səbail"ə qarşı keçirəcəyimiz ev oyununa hazırlaşırıq.

- Yəni, yağışlı hava şəraiti planlarınızı pozmadı?

- Düzdür, bu dəfə çox yağış yağdı. Amma bizim məşqlərə təsir etmədi. çünki proqramımız yoxlama oyunlarının üzərində qurulmuşdu. Hazırlığımızın ilk mərhələsi Bakıda oldu. Həmin 6 gün ərzində yalnız məşqlər idi. Lakin yanvarın 12-dən sonra Antalyada məşq proqramlarını qısaldıb, matçlara üstünlük verdik. Ona görə də heç bir çətinliklə üzləşmədik. Oyunlarımız yanvarın 18-də, 20-də və 23-də baş tutdu. Bəlkə, matçları 3-4 gündənbir salsaydıq, bizim də problemimiz olardı. Düzdür, iki yoxlama görüşündə rəqibimiz dəyişdi. Ancaq istənilən halda baş tutdu. özbəkistan U-23 yığması Asiya çempiondur, başlanğıc mərhələsi üçün normal seçimdir. Onlarla qolsuz heç-heçə etdik. Daha sonra 3 yüksək səviyyəli rəqiblə qarşılaşdıq. Serbiyanın "Dinamo" (Vranye) komandasına 0:2, Qazaxıstan "Atırau"suna isə 1:3 hesabı ilə uduzduq. Yekunda isə Rusiya I Divizionunda 4-cü yerdə qərarlaşan "çertanovo"nu bir cavabsız qolla üstələdik. Planı əvvəl nisbətən zəif, sonra iki güclü, ardınca yenə zəif rəqib formasında qurmuşduq ki, işimizin nəticəsini, çatışmazlıqları görək.

- Yeni transferlərdən razısınız?

- Bəli. Təkcə Luis Penyanı gözləyirik. Komandanın orta xəttindəki boşluqları Con Kamara, Vüsal İsgəndərli, Emin Mehtiyev və Penya ilə doldurmağa çalışırıq. Həmçinin ukraynalı Valeri Kutsenkonu da dəvət etmişik. Ola bilər ki, Diallo Quydileye ilə yollarımızı ayıraq. Bu futboçuya çox ümid bəsləyirdim. Antalyaya getməzdən əvvəl söhbətimiz oldu. Xarakter olaraq yaxşıya doğru dəyişəcəyini, özünü sübut edəcəyini və daha çox işləyəcəyini söyləmişdi. Ancaq Türkiyədədə istədiyimizi ondan ala bilmədik. Gecikmələri vardı. Əvvəl də buna görə cərimələnmişdi. Yatıb qalırdı, məşqi buraxırdı. Vətənindən gəlib, zədəli olduğunu kimsəyə söyləmədən məşqə çıxmırdı. Bu qədər cərimələrin müqabilində Antalya toplanışı ərəfəsində yenə gecikdi. Bağışla-bağışla, hər şeyin bir həddi var. Düzdür, Türkiyə çempionatında çıxış edib, oyunu məni daha çox qane edirdi. Amma gecikmələri, üstəlik, ağır çəkisini ata bilmirdi. Ona görə qərara aldım ki, getsə, daha yaxşı olar.

- Artıq "Keşlə"ni tərk edib?

- Hazırda bu məsələ ilə klubun baş meneceri məşğul olur. Göndərilməsi ilə bağlı danışıq gedir. Bir futbolçu intizamsızlıq edəndə, bütün komandaya sirayət edir. Başqası deyəcək ki, Diallonu bağışlayırsınızsa, mənə niyə güzəşt etmirsiniz? Ona görə də bu futbolçunu yola salıb Kutsenkonu götürmək istəyirik. Onunla müqavilə bağlanılacaq.

- Diallo bu gün məşqdə iştirak etdi?

- Xeyr. Onu Antalya toplanışının son 3 günündə məşqlərdən azad etdim. Diallo yalnız komanda ilə birgə qaçırdı. Baş menecerimizə bildirilib ki, Daillonun meneceri ilə danışıb, məsələni həll etsin. İntizamsız davranışları bir neçə dəfə təkrar olundu. Artıq səbr kasamız daşıb. özünə klub tapsa, daha yaxşı olar. Son oyunumuzda və məşqlərdən kənarlaşdırdıq ki, komandaya mənfi təsir göstərməsin.

- Hazırda Bakıdadır?

- Bəli. Hazırda danışıq gedir.

- Gedənlərdən söhbət düşmüşkən, əsas müzakirə Vaqif Cavadov ətrafındadır. özü "Keşlə"dəki çıxışından heç də narazı olmadığını bildirir...

- Mənə qədər nə olub-olmadığımı bilmirəm. Hər halda komanda ötən mövsüm 7-ci yeri tutub, yenə eyni pillədə gedir. Nəyisə deməyə, danışmağa ehtiyac yoxdur. Sadəcə, özünə bildirdim ki, ehtiyatda oturmaqdansa, yeni komanda tapıb oynasa, daha yaxşı olar. "Keşlə" güclənməlidir və burada qərəz, hansısa başqa səbəb axtarmağa gərək yoxdur. Komandaya yeni nəfəs lazımdır. Bu yaşında ehtiyatda oturması mənim üçün də xoş deyildi. İstərdim ki, oynasın. Əsas heyətə düşmə şansı çox az idi. Rəhbərliklə söhbətdə belə qərara gəldik ki, oynamaq şansı varsa, başqa klubda da çıxış edə bilər. Komandadan göndərilməsi səbəbsiz yerə deyil. Vaqif məndən əvvəl də az oynamışdı. Gənc deyil ki, şansının irəlidə olduğunu söyləyim. Ona görə də çox düşündükdən sonra "Gedib hardasa oynasa, daha yaxşı olar" qənaətinə gəldim. Mənim yanımda - ehtiyat oyunçular skamyasında oturması Vaqif üçün hələ tezdir. Bu nöqteyi-nəzərdən, Cavadovu yola salmışıq. Müqavilənin pozulması ilə bağlı maliyyə işlərinə qarışmıram. Sadəcə, rəhbərliyə təqdim etdiyim siyahıda onun da adını göstərmişdim ki, getsə, daha yaxşı olar.

- Vaqif Cavadov bildirib ki, iki il əvvəl məhz onu yaxından tanıdığınız üçün AZAL-a dəvət etmişdiniz və özü də komandaya kömək etmişdi...

- Mən onu AZAL-a aparmamışam. O komandada çalışdığım vaxt futbolçu yoldaşları xahiş etmişdilər. Mən isə Cavadovun siyahımda olmadığını demişdim. Komandaya gəlişi isə belə olmuşdu: Klub rəhbərliyinə çıxmışdılar. O vaxtlar 144 min manatlıq büdcəmiz var idi. Həmin büdcədən Vaqifə veriləcək əmək haqqım yox idi. Rəhbərlik məndən xahiş edəndə dedim: "Azərbaycan millisində oynayıb, qoy gəlsin. Amma verəcəyiniz pulunuz varsa, buyurun, verin" dedim. Elə oldu ki, 200 manata razılaşdılar və gəldi. Yəni, Cavadovu AZAL-a mən gətirməmişdim. Həm də biz Vaqifi götürəndə mövsümün ikinci yarısı başlamışdı. Bilmirəm ki, komandamıza nə dərəcədə kömək etdi. Hər halda, həmin mövsüm AZAL 8 komanda arasında sonuncu yeri tutdu. Yəni, köməklik başqa şeydir. Vaqifə uğurlar arzulayıram, yolu açıq, işi avand olsun. Gücü çatırsa, getsin hansısa kluba kömək etsin.

- Yəni, Cavadov AZAL-a xahişlə gəlmişdi?

- Rəhbərliyimizə deyilmişdi, onlar da mənə. Belə məsələlərə çox qarışmaq istəmirəm.

- Amma hazırda elə bir komanda yoxdur ki, gedib orada normal maaş alsın...

- Nə edək? Biz hər şeyi maddiyyata bağlayırıq. Futbolçu oynamalı, özünü sübut etməli, oturub boşuna əmək haqqı almamalıdır. Mənim işim komandanı uğursuzluqdan çıxarmaqdır. Bura pul qazanmağa gəlməmişəm. Məni bura dəvət ediblərsə, o ümidlə yığışmışıq ki, komandanı 7-ci yerdən, "qara zolaq"dan çıxaraq. Pul xətrinə burada çalışsam, işimiz düz alımaz. Futbolçu da bunu düşünməlidir. Ehtiyatda oturub pul qazanırsansa və komandaya heç bir xeyrin dəymirsə, bəlkə başqa yerdə faydalı ola bilərsən? Mən heç kimə pul verən deyiləm. Futbolçunun nə qədər maaş aldığına, müqaviləsinin maliyyə tərəflərinə qarışmıram, meneceri qardaşım olsa belə, transfer məsələsini mənimlə danışması üçün yaxına belə buraxmıram. Pul məsələlərinə ümumiyyətlə müdaxilə etmirəm. Amma kimsə pul xatirinə yanımda oturacaqsa və başqaları əziyyət çəkdiyi halda, özü rahat qazanacaqsa, bu, mənim iş prinsiplərimə uyğun deyil. Mənim iş prinsipim belədir ki, ehtiyat futbolçular skamyasına baxanda matçda dəyişiklik edəcək futbolçuları görüm. Məsələn, Azər Salahlı zədələnəndə onun yerində müdafiədə məcburiyyətdən Slavik Alxasovu oynatdım. Amma ehtiyat oyunçular skamyasında yarımmüdafiədə oynatmağa futbolçu tapa bilmədim. Deməli, biz elə addım atmalıyıq ki, oyunu dəyişəcək və gücləndirə biləcək futbolçularımız olsun.  

- Mehtiyevin heyətə cəlb edilməsi bir qədər gözlənilməz oldu. çünki son illər yadda qalacaq çıxışını görməmişik. Onun transferində məqsəd nədir?

- "Neftçi"də rəhmətlik Böyükağa Hacıyevin köməkçisi olduğum dövrdə Mehtiyev də komandamızda yer almışdı. Sadəcə olaraq, cinaha yerli futbolçu tapa bilmirdik. Son illər eniş dövrü yaşasa da, onun gücünə bələdik. Bizdən əvvəl Türkiyənin həvəskarlar liqasında oynayıb. "Keşlə"yə xeyrinin dəyə biləcəyini düşünürük. Hər şey bizdən çox onun özündən asılıdır. Nəyə qadir olduğunu bilirik. Biz ona, onun isə bizə kömək etməyini istəyirik. Hər bir futboçunun karyerasında eniş ola bilər. Düşmüsənsə, qalxmağı da bacarmalısan. Cinaha yerli oyunçu axtarırdıq. Biri Vüsal idi, ikincisin tapa bilmirdik. Əskəriyyətinin klubu ilə müqaviləsi var deyə, çox dərinə gedə bilmirdik. Ona görə də bu futbolçunun üzərində dayandıq. Emin də öz oyunu ilə bizi sevindirməlidir.

- Hazırkı forması sizi qane edir?

- Bəli, 4 yoxlama matçında oynatdıq. Onun, İsgəndərlinin və Kamaranın komandaya uyğunlaşması məni çox sevindirir. Mehtiyev tədricən forma yığıb, istədiyimiz oyunu göstərir. Həm müdafiənin, həm də yarımmüdafiənin cinahında oynaya bilir. Matçlarda da yoxlamışıq. Oyun praktikası az olsa da, yoxlama görüşlərindən sonra inkişaf görünür. İstər müdafiədə, istərsə də orta xətdə aktiv olması üçün bu mövqedə işlək futbolçu lazımdır. Emin də bu baxımdan bizi qane edir.

- "Keşlə" ötən mövsüm çempionatı 7-ci pillədə başa vursa da, Azərbaycan Kubokunu qazanıb. Ancaq bu dəfə kubokda mübarizəni dayandırmısınız. Nəyə ümid edə bilərsiniz?

- ümid sonda ölür. Keçən mövsüm komanda 7-ci sırada qərarlaşmışdı və itirəcəyi bir şey yox idi. üst pillələrə çata bilmirdilər deyə, bütün güclərini kuboka vermişdilər. Hər il eyni nəticəni göstərmək çətindir. ötən yay baş məşqçi Yuri Maksimov idi, sonra Mladen Milinkoviç gəldi, ardınca mən təyin olundum. Biz gələndən bəri 2 oyunda qalib gəlmişik, eyni sayda uduzmuşuq. Bir qarşılaşmada isə heç-heçə etmişik. Azərbaycan Kubokunda da "Qarabağ"a yenilmişik. Komanda əvvəldən "qara zolağ"a düşəndə, onu birdən-birə çıxarmaq olmur. Antalya toplanışından sonra komandadakı istək bizə "qara zolaq"dan çıxacağımıza dair ümid verir. Mümkünsüz heç nə yoxdur. Bir film var, həmişə futbolçulara ondan sitat gətirirəm. Düzdür, hər dəfə bir söz deyirəm, bəzən onu şişirdirlər (gülür). 1941-ci ildə Yaponiya ABŞ-ın hərbi donanmasını bombardman edir. ABŞ prezidenti Franklin Ruzvelt müşavirədə "biz Yaponiyanı vurmalıyıq" söyləyir. Hər kəs bunun mümkün olmadığını bildirir. ölkə başçısının yaqları protez olur. Buna rəğmən, əlil arabasını itələyərək ayağa durur və həyatda hər şeyin mümkün olduğunu söyləyir. Futbolçulara bu kinoya baxmağı tövsiyə edirəm. Uşaqlara da deyirəm ki, mümkünsüz heç nə yoxdur. İtirdiklərimiz artıq keçmişdə qalıb. Bundan sonra itirəcəyimiz hər şey bizə daha çox zərbə vura bilər. İtirmək yox, uğur haqda fikirləşməliyik. Məğlubiyyəti yox, qalib gəlmək üçün nə etməli olduğumuzu düşünməliyik. Hazırda 7-ci sırada olsaq da, 3-cü sıradakı "Səbail"dən 9 xal geri qalırıq. Yəni, fərq elə də böyük deyil. ötən mövsüm "Neftçi"də işlədiyim vaxt 3-cü yerlə aramızda 17 xallıq fərq vardı. Amma komanda istəyi 3-cü yeri tutmağımızla nəticələndi. Artıq kubok əldən çıxıb. çempionatda isə bizi ağır və gərgin mübarizə gözləyir. Nə qədər bacarırıqsa, xal toplamağa çalışacağıq. Hər şey özümüzdən asılıdır.

- Yeni ilə 3-cü sıradakı avrokuboka can atan "Səbail"ə qarşı oyunla başlayırsınız...

- Belə baxanda, avrokuboka hamı can atır. 8-ci yerin də şansı var. "Neftçi" və "Qarabağ" çempionluq uğrunda mübarizə aparırlarsa, bürünc medal üçün qalan 6 komandanın şansları bərabərdir. Hamı Avropa Liqasına düşmək istəyir.

- Antalya toplanışında "Səbail" 4 oyundan 10 xal götürüb. "Zirə" isə 3 matça yüzfaizlik nəticə göstərib. Biri növbəti rəqibinzidir, digəri isə son pillədədir və sizi qabaqlamağa çalışır...

- Karlos Alberto Parreyranın vaxtında - 1994-cü ildə Braziliya millisi dünya çempionu olana qədər bütün yoldaşlıq oyunlarında uduzmuşdu. Həmin vaxt heyətdə ulduzlar yer almışdı və yekunda birinci yeri tutdular. Komandada qalib ruhunun olması üçün qələbə qazanmaq önəmlidir. Amma yoxlama görüşlərində qalib gələndə komandandakı boşluqları görə bilmirsən. Bu baxımdan yoxlama matçlarında nəticəyə önəm vermirəm. Belə qarşılaşmalarda qalib gəlmək iş fəlsəfəmdə yoxdur. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest