Azərbaycan Premyer Liqasında çıxış edən klublar Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışını başa vurublar. Bu dəfə Peşəkar Futbol Liqasının xətti ilə qonşu ölkəyə media nümayəndələri aparılmayıb. Yalnız bir neçə media nümayəndəsi şəxsi vasitələrlə müəyyən komandaların düşərgəsində olub. Bu halda əksər KİV klubların mətbuat xidmətlərinin məlumatlarından yararlanmalı olublar. Həmin məlumatlar isə rəsmi sayt və sosial şəbəkə ("Facebook") hesabları vasitəsilə çatdırılıb.

Amma rəsmi saytlardan cəmi 5-i hazırlıq prosesi dövründə tam fəaliyyətdə olub. "Zirə" texniki problemlərə görə bəzi məlumatları rəsmi saytında dərc edə bilməyib. Qəsəbə klubu portalında yalnız 11 məlumat yerləşdirib. "Sabah"ın saytı hazırlıq prosesi bitdikdən sonra istifadəyə verilib. Lakin debütant klub "orijinal" üsul taparaq, bəzi məlumatlarını əvvəlki tarixlərə paylaşdırıb.

"Səbail"in saytı isə indiyədək fəaliyyət göstərməyib. Uzun müddətdir hazırlanan sayt bu gün istifadəyə verilib. Qış toplanışında saytlar vasitəsilə ən çox xəbər yerləşdirən klub "Sumqayıt" ilk pillədə qərarlaşıb. "Gənclik şəhəri" təmsilçisinin saytında 50 xəbər yer alıb. Amma bunların yarısı komandanın hazırlığı ilə bağlı foto və videoreportajlar ibarətdir.

Xəbərlərin əhəmiyyətinə görə isə Azərbaycan Premyer Liqasının lideri "Neftçi"ni ön plana çəkmək olar. Flaqman hazırlıq prosesi ərzində digər xəbərlərlə yanaşı, bir neçə futbolçusunun açıqlamalarını və müsahibələrini ictimaiyyətə təqdim edib. Eyni halı "Qəbələ"nin rəsmi saytında da müşahidə etmək olar.

Digər klublardan fərqli olaraq, "Qarabağ" və "Sabah" toplanışda daha uzun müddət - 3 həftə olublar. Lakin rəsmi saytdakı xəbər sayı baxımından Ağdam komandası debütantı xeyli qabaqlayıb.

"Qarabağ" "Facebook" sosial şəbəkəsində isə ən çox aktivlik göstərib. İkinci belə komanda "Sumqayıt", üçüncüsü isə "Neftçi" olub. Klubların əksəriyyəti yoxlama oyunları zamanı heyətlərini və vurduqları qolları əsasən sosial şəbəkə vasitəsilə çatdırıblar. Yalnız "Neftçi" komandası oyunlarından mətn yayımı təşkil edib.

Heç bir klub oyunlarını öz "YouTube" kanalı vasitəsilə yayımlamayıb. Bu baxımdan, Peşəkar Futbol Liqasının çəkiliş qrupu yenilik edərək, Azərbaycan komandalarının iştirakı ilə 7 oyunu internet izləyicilərinə çatdırıb. Eyni zamanda CBC Sport telekanalı 3 matçdan yayım təşkil edib. Qalan 18 qarşılaşmanın əksəriyyətini isə canlı izləmək mümkün olmayıb. Yalnız rəqib komandalar yayım təşkil etdikləri halda, tamaşaçılar bundan bəhrələnə biliblər. Azərbaycan klubları isə ən yaxşı halda oyundan epizodları videoicmal kimi təqdim ediblər. (Report)

Azərbaycan klublarının mətbuat xidmətlərinin Antalyadakı fəaliyyətləri

Rəsmi saytlar üzrə (xəbər, foto və videoreportaj sayı):

1. "Sumqayıt" (13 yanvar – 27 yanvar) - 50

2. "Neftçi" (13 yanvar – 27 yanvar) – 33

3. "Qarabağ" (6 yanvar – 27 yanvar) – 28

4. "Qəbələ" (13 yanvar – 27 yanvar) - 28

5. "Sabah" (2 yanvar – 23 yanvar) - 12

6. "Zirə" (12 yanvar - 27 yanvar) - 11

7. "Keşlə" (12 yanvar – 26 yanvar) - 5

 

Sosial şəbəkələr üzrə ("Facebook"da paylaşım sayı)

1. "Qarabağ" – 58

2. "Sumqayıt" – 48

3. "Neftçi" – 46

4. "Zirə" – 44

5. "Sabah" - 41

6. "Keşlə" – 28

7. "Səbail" – 26

8. "Qəbələ" – 24

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest