"Zirə" tezliklə yeni sponsoruna qovuşacaq. "Bakcell" qəsəbə təmsilçisi ilə əməkdaşlığa başlayır. Matc.az futbolinfo.az saytına istinadən xəbər verir ki, mobil operator şirkəti bu ildən "qartallar"ın əsas maliyyə dəstəkçilərindən biri olacaq. Onların hansı təkliflər paketinə razılaşdığı hələlik bəlli deyil. Amma komandanın formalarını, Zirə stadionunu tezliklə "Bakcell"in reklam bannerləri bəzəyəcək.

Müqavilənin maliyyə dəyəri tam dəqiqləşməyib. Amma yarım milyon manata yaxın olacağı deyilir. Bu isə o deməkdi ki, "Zirə"nin ana sponsoru "Santral"dan sonra məhz bu şirkət əsas maliyyə dəstəkçilərindən birinə çevriləcək və "Kapital Bank"ı 3-cü sıraya atacaq.

"Bakcell" futbolumuzda yeni ad deyil. 8-ci kilometr stadionuna adını verən şirkət bunun müqabilində müəyyən vəsait ödəyir. ötən ilə kimi "Mançester Yunayted" məktəbinin dəstəkçisi də məhz bu mobil operator idi. Futbola sərmayə qoymaqdan, qayğı göstərməkdən çəkinməyən "Bakcell" indi də "Zirə"nin böyüməsinə töhfə verəcək. Xəbəri şirkətdən də təsdiqlədilər.

"Zirə"nin qış transfer pəncərəsində 4 yeni legioner alıb əcnəbilərinin sayını 10-a çatdırmasında bu amilin də rolu var. Klub yeni sponsorun gəlişindən ilhamlanaraq transfer büdcəsini böyüdüb. Amma "Bakcell" hələlik kluba yatırım etməyib. Şirkəti birillik müqavilə bağlayacaq və bu, 2019-cu ili əhatə edəcək. ödəmələr də rəsmi anlaşmadan sonra büdcəyə daxil olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest