Deyəsən, "Neftçi" çoxdan axtardığı hücumçunu axır ki, İtaliyada tapıb. Nə gözəl. "Böyük beşlik" ölkələrindən oyunçu almaq həmişə prestijlidi. Amma burda bir əmma var.

Məsələ burasındadı ki, "ağ qaralar" axtardığı hücumçunu - Canluka Sansoneni A seriyasında yox, heç B seriyasında da yox, C seriyasında tapıb. özü də bu "transfer bombası"nın nə az, nə çox 32 yaşı var. özü də bu mövsüm cəmi 2 oyunda meydana çıxıb və yaşı qədər dəqiqədə meydanda olub.

Nə gözəl, nə pakizə. Düzdü, "Neftçi"nin baş məşqçisi Roberto Bordinin özü də A seriyasından gəlməyib. Amma həmyerlisini transfer etməklə, deyəsən qaş vurduğu yerdə göz çıxardıb. Nə deyək, xeyirli olsun. Bəlkə də C seriyasında mübarizə aparan "Novara"ya lazım olmayan və cəmi iki oyunda, cəmi yarımsaat meydanda olan 32 yaşlı "qoca" bombardirlik istedadını məhz "Neftçi"də açacaq? Bəlkə, ötən mövsüm B seriyasında və kubokda keçirdiyi 24  oyunda cəmi 1 qol vuraraq komandasının C seriyasına yuvarlanmasında müstəsna xidmətləri olan hücumçunun əsas işi qol vurmaq deyil? Nə bilmək olar, bəlkə də Bordin 32 yaşlı forvardda başqa hansısa gizli istedad görüb...

Amma yadımızdan çıxmışdı. Axı Bordin deyir ki, heç bir transferə qarışmıram. O zaman bu məsələyə yəqin ki,  Kamran Quliyev baxır. Kamran müəllim də dünya çapında tanınmış seleksionerdi. Karikari, Braliç, Eyubov, Paratskini də Bordin yox, Kamran müəllim seçib bəyənmişdi. İnanaq ki, Canluka Sensone adı çəkilənlərdən fərqli "ikinci cavanlığı"nı yaşayaraq kluba fayda verəcək və heç olmasa çəkilən xərci doğruldacaq.

"Neftçi"yə xeyirli olsun!" deməkdən başqa əlimizdən heç nə gəlmir...

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest