Bu gün qış fasiləsindən sonra start götürəcək ölkə çempionatının ilk turunda "Zirə" ilə "Sabah" qarşılaşacaq. "Zirə" və digər klublar haqda həftə ərzində kifayət qədər yazmışıq.

Yeganə dərin təhlil etmədiyimiz klub debütant "Sabah"dı. Məsələ burasındadı ki, Elşad Əhmədovun komandası bu mövsüm çempion olsa belə, avrokuboklara qatıla bilmir. Buna görə də "Sabah"ın bu mövsüm məramı hamıya maraqlıdı.

Həm baş məşqçi, həm də klubun idman direktoru mediaya gələcəyin komandasını qurduqlarını və buna görə də istedadlı gəncləri komandaya topladıqlarını deyirlər. Görünür, futbolu çox sevən və ilk gündən təqdirəlayiq addımları ilə rəğbət qazanan klub sponsorları və rəhbərləri qarşıya bu məqsədi qoyublar. Amma icraçıların dedikləri ilə əməlləri üst-üstə düşmür. "Sabah"ın heyətinə baxanda baş məşqçi və idman direktorunun mediaya söylədikləri bu sözlərin heç də həqiqəti əks etdirmədiyini görürük.

Gəlin, bu məqamı daha detallı təhlil edək.

Komandanın heyəti demək olar ki, bütünlükdə təcrübəli futbolçulardan qurulub. Orta yaş çıxartmağa ehtiyac belə yoxdu. Bəziləri artıq karyeralarının qürub çağını yaşayır, bəziləri isə artıq bu gün bacarıqlarını ortaya qoymalıdılar. Yəni, sabahın oyunçuları olacaq yaşda deyillər. Peşəkar Futbol Liqasının rəsmi saytında "Sabah"ın geniş heyətinə baxanda komandanın yeganə gənc üzvünün 1999-cu il təvəllüdlü Elçin Əsədov olduğunu görürük. "Neftçi"yə lazım olmayan bu futbolçu  fövqəlistedadı ilə seçilmir və ona "gələcəyin ulduz"u deyə bilmirik. Əsədovla müqayisə qat-qat perspektivli ülvi İbazadə və Əlibəy Məmmədli "Neftçi"yə peşkəş edildi. Aydın Bayramov isə "Sumqayıt"ın qazancı oldu.

Əvəzində bu oyunçulara olan bütün hörmətimizə baxmayaraq, futbol meyarları ilə gənc deyə bilməyəcəyimiz Təmkin Xəlilzadə və  Rəşad Eyubov transfer olundu. Hətta, Emin Abbasov Eyubovu təzminatsız buraxan "Neftçi"yə təşəkkür etdi və "flaqman" tərəfindən "Sabah"a jest edildiyini dedi. Sanki, Eyubov "Neftçi"də heyətə düşə bilirdi, komandanın aparıcı oyunçusu idi və s...

Əslində, bu klub rəhbərliyi önündə özünü ucuz formada gözə soxmaqdan başqa şey deyil. Axı hamı bu il 27 yaşını tamamlayacaq Rəşad Eyubovun necə "perspektivli" olduğunu yaxşı bilir və Emin Abbasovla Elşad Əhmədov sabahın komandasını bu yaşda futbolçularla qurursa, onda əlavə şərhə ehtiyac yoxdu. Eyni sözlər Təmkin Xəlilzadəyə də aiddi. "Qəbələ"nin bu futbolçunu 170 minə satması qış fasiləsində ən uğurlu addımı idi. Təmkinin bu mövsüm avrokuboklara qatıla bilməyən "Sabah"a hansı qazancı gətirəcəyi isə bəlli deyil.

Əlbəttə, Təmkinlə yanaşı 29, 31, 32, 34, 36 yaşlı Cavid İmamverdiyev, Marko Deviç, Saşa Stamenkoviç, Erik Ramos, Miloş Bosançiç yaxşı futbolçu olublar, bəlkə bəziləri indi də pis formada deyil. Amma bu "ağsaqqallar"la, hətta gənc yaşlarında belə istedadları ilə seçilməyən, bu il müvafiq olaraq 30, 29 və 27 yaşını tamamlayacaq Bəxtiyar Soltanov, Novruz Məmmədov, Tərzin Cahangirovla "sabahın komandası" qurulmur cənablar! Bu futbolçularla "Sabahın komandasını qururuq" demək rəhbərliyi aldatmaqdan başqa bir şey deyil. Yox əgər "bu günün komandası" lazımdısa, o zaman hələ ötən il çempionlar Liqasının qrup mərhələsi təcrübəsi keçmiş Elvin Yunuszadə kimi ölkənin ən yaxşı müdafiəçilərindən biri niyə göndərilir, anlaşılmır.

Bu heyətin nə bu, nə gələn mövsüm, nə heç vaxt, aydın məsələdi ki, çempionluq yarışına qatılmaq perspektivi yoxdu. O zaman futbolu sevən, istənilən qədər maliyyə yatıran klub rəhbərlərinə yalançı vədlər verib, onları bir qədər sonra futboldan iyrəndirmək kimə və nəyə lazımdı?

Sonra da hamı "futbol yoxdu, klub yoxdu, SOCAR-dan, AFFA-dan başqa heç kim futbola pul yatırmır, klub saxlamır" deyir...

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest