"Neftçi" olaraq bəyan edirik ki, "Sabah"la oyunda rəqib komandanın rəhbər heyətini və üzvlərini təhqir edən bir neçə şəxs bütün "Neftçi" azarkeşlərini təmsil etmir. Komandamızın minlərlə azarkeş ordusu hər zaman klubuna sadiqliyi ilə, onun ağır günündə belə yanında olmaqla seçilən fanatlardı. Onlar daim meydanda rəqibə hörmətlə yanaşıblar və yalnız öz futbolçularını qələbəyə səsləyiblər. "Neftçi" ailəsi olaraq, dünən meydandan kənarda baş verən bu cür aqressiv hərəkətlərə görə təəssüf edirik və bütün azarkeşləri idman prinsiplərinin əsası olan rəqibə hörmətlə yanaşmağa çağırırıq.

"Neftçi" stadionlarda bütün qeyri-peşəkar addımlara, aqressiv təcavüzün yaranmasına qarşıdı. Bu cür davranış ilk növbədə komandamızın imicinə zərbə vurur və bütün bunlar kluba müəyyən sanksiyaların tətbiq edilməsinə səbəb ola bilər. "Neftçi" azarkeşlərini meydanda nə baş verməsindən asılı olmayaraq, təcavüzkar davranışlardan uzaq qalmağa çağırırıq. Onları Azərbaycanın ilk peşəkar futbol klubu olaraq, həmişə sadiq olduğumuz ən yüksək standartlara və davranış normalarına riayət etməyə səsləyirik. "Neftçi" hər zaman tribunalara mümkün qədər çox insanı, o cümlədən xanımları və uşaqları cəlb etmək üçün hər cür cəhdləri dəstəkləyib və klub olaraq bu istiqamətdə də əməli addımlar atmaqda davam edirik. Azərbaycan xalqının adət-ənənələrini nəzərə almaqla, oyunlar zamanı tribunalarda istənilən təhqirə, söyüşə qarşı olduğumuzu bəyan edirik və ilk növbədə də azarkeşlərimizi "Neftçi" üçün buna əməl etməyə dəvət edirik.

"Neftçi" olaraq, AFFA-nın İntizam Komitəsinin qərarını gözləmədən dünənki oyunda "Əlincə Arena"ya bizim azarkeşlər tərəfindən dəymiş zərəri qarşılamağa hazırıq. Eyni zamanda, fanatlarımıza müraciət edərək, sevimli klublarını bu cür əlavə xərclərə əsas yaratmamağa dəvət edirik. Əks təqdirdə, "Neftçi"yə bu cür ziyan vuran şəxslərə qarşı qanun çərçivəsində addımların atılmasını tələb edəcəyik.

Oyun ərzində futbolçularımızın və klub nümayəndələrinin qeyri-obyektiv qərarlara qarşı reaksiyasının anlayışla qarşılanmasını, "Neftçi" rəhbərliyinin sakit bir şəkildə, reqlament çərçivəsində addımlar atdığını bəyan edirik. Artıq müvafiq strukturlara müraciət edilib, onlardan obyektiv və qərəzsiz qərarlar gözləyirik".

"Neftçi" azarkeşləri yəqin ki, bu bəyanatı unutmayıb. Unudubsa belə, bu xatırlatma zəruridi. çünki, bu gün daha prinsipial qarşılaşma var. Hər zaman siyasətdən uzaq olan və "Sabah" daxil hər bir klubun rəhbərliyinə qarşı hörmətlə yanaşan "Neftçi" azarkeşlərinin bu bəyanatla sanki, zorla etmədikləri əmələ görə məzəmmət edən Kamran Quliyev və ona dəstək verənlər həqiqətən anlaşılmaz adamlardı. Ona görə də bu cür gərgin oyunda "Neftçi" azarkeşləri ilk növbədə özünü doğma klublarının rəhbərliyindən qorumalıdır!

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest