Bu gün Azərbaycan Premyer Liqasında XV turun daha iki görüşü keçiriləcək. Matc.az saytının məlumatına görə, ilk olaraq "Qəbələ" ilə "Sumqayıt" qarşılaşacaq. Tərəflərin turnir cədvəlində qonşu olması diqqətçəkən məqamdı. Azarkeşlər medallar uğrunda yarışan komandaların duelinə şahidlik edəcəklər.

14:00. "Qəbələ" - "Sumqayıt"

Turnir cədvəlində qonşu olan hər iki komandanın çempionatda iddiası təxminən eynidi - medalçılar sırasına düşmək, Avropa Liqasına vəsiqə qazanmaq.

Təcrübə toplamaqda olan, yoxsa təcrübəli?

Əslində, "Qəbələ"nin turnir cədvəlinin ikinci hissəsində görünməsi mövsümün ən gözlənilməz hadisələrindən biridi. Bunun isə bir yox, bir neçə səbəbi var: baş məşqçinin təcrübəsiz, öyrənmə mərhələsində olması, heyətin aparıcı üzvlərinin ötən yayda ayrılması, yeni çalışdırıcıya, onun sisteminə uyğunlaşmaq və s. Belə demək mümkünsə, "Qəbələ" ilk dövrəni Sənan Qurbanovun təcrübə toplamasına qurban verdi. Bunun da bəhrəsini gördülər. Təsadüfi deyil ki, "qırmızı-qaralar" ikinci dövrədə cəmi 1 dəfə məğlub oldular. Antalya toplanışında keçirilən yoxlama görüşlərindəki fərqli nəticələr azarkeşləri narahat etməyə bilməz. Xüsusən də, komandanın hər oyunda 2 top buraxması müdafiə xəttindəki vəziyyətin ürəkaçan olmadığından xəbər verdi. Ancaq bu bir faktdı ki, Sənan Qurbanov təcrübə baxımından mövsümün əvvəlindəki məşqçi deyil. "Qəbələ"dən ikinci yarıda daha inamlı oyun gözləməyə dəyər.

Rəqibindən fərqli, "Sumqayıt"ın ən çox güvən yeri baş məşqçisidi. Ayxan Abbasovun gəlişindən sonra komandanın həm oyununda, həm də nəticələrində fərq yarandı. Təsadüfi deyil ki, fasilə öncəsi "kimyaçılar" son iki turda 4 xal topladılar, ölkə kubokunda "Neftçi"ni mübarizədən kənarlaşdırdılar. Antalya toplanışında da bu etibarlı oyun davam etdi. Baş tutan 3 oyunda 2 qələbə, 1 heç-heçə "gənclik şəhəri" təmsilçisində özünəinamı daha da artırdı. Ayxan Abbasovun oyun fəlsəfəsini "oturtması" baxımından qış fasiləsi "Sumqayıt"ın yalnız xeyrinə işləməlidi.

Zəifləyən müdafiə, güclənən hücum

Transfer bazarında "Sumqayıt" bugünkü rəqibindən fəal idi. Xüsusən də, İran və İsraildən gətirilən Peyman Babayi, Peyman Keşavarz və Əmir Ağayev komandanın gücünə güc qata bilsə, "kimyaçılar" istənilən rəqibi büdrədəcək səviyyədə olacaq. Yeganə mənfi amil kimi Bəxtiyar Həsənalızadənin gedişini vurğulamaq lazımdı. Düzdü, onun yerinə Adil Nağıyev gəldi. Ancaq qəbul edək ki, Bəxtiyar müdafiə xəttinin dirəyi idi və onu layiqincə əvəz etmək Adil üçün çətin olacaq. Komandanın Antalyadakı yoxlama görüşlərinin hamısında qol buraxması da Abbasov üçün ciddi siqnal idi.

"Qəbələ"də ən böyük itki isə Təmkin Xəlilzadənin "Sabah"a getməsi oldu. Sənan Qurbanov, görünür onun boşluğunu komanda daxilindəki oyunçularla doldurmağın planlarını cızır. Gürcüstanlı Davit Volkovinin transferi isə "qırmızı-qaralar"ın hücumundakı rəqabəti artıracaq.

Əliyevlərin yoxluğunda...

Hər iki komanda bugünkü görüşə itki ilə çıxacaq. "Sumqayıt"da Bəxtiyar Həsənalızadənin gedişi az imiş kimi, digər aparıcı müdafiəçi Şəhriyar Əliyevin hələ də zədədən əziyyət çəkməsi rəqib hücumçularının "çörəyinə yağ çəkir". Baş məşqçi hələ ki, müdafiənin mərkəzində Adil Nağıyev - Rail Məlikov - Vurğun Hüseynov "trio"suna güvənməli olacaq.

"Qəbələ"də isə Rauf Əliyev meydana çıxa bilməyəcək. Antalya toplanışında vurduğu qollarla özünə gəldiyini göstərən hücumçunun yoxluğunun hiss olunub-olunmayacağı digər forvardların çıxışından asılı olacaq. Hər halda Volkovi və Stiven Jozef-Monroz kimi hücumçuların olduğu komanda hücumçu sarıdan əziyyət çəkməz. "Qırmızı-qaralar"da Sabien Lilayın ikinci yarıda önəmli fiqura çevrilməsi gözlənilir. Yoxlama görüşlərini əla keçirən yarımmüdafiəçidən hər kəs meydanda liderlik tələb edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest