"Neftçi"nin İtaliyanın C seriyasından Canluka Sansoneni transfer etməsi ölkədə geniş əks səda doğurub. O, Azərbaycan futbolunda ilk italiyalı legionerdi. Düzdü, 32 yaşlı futbolçu bu mövsüm İtaliyanın 3-cü liqasında cəmi 2 oyunda, cəmi 35 dəqiqə meydanda olub. Buna baxmayaraq "ağ qaralar" "ağsaqqal" futbolçuya SOCAR-ın ayırdığı büdcədən ayda 25 min dollar maaş, hər vurduğu qola və çempionluğa görə əlavə bonuslar verəcək. Azərbaycanda çıxış edəcək ilk italiyalı futbolçu bununla, nəinki "Neftçi"də bəlkə də, bütün ölkəmizdə ən çox pul qazanan futbolçu olacaq.

Vaxtilə İtaliyanın B seriyasında çıxış edən "çezena"nın əsas oyunçusu olan Derlis Meza Kollini "İnter"ə gətirəndə heç bu qədər səs küy çıxmamışdı. O zaman paraqvaylı futbolçunun 24 yaşı vardı. Derlis "İnter"dəki oyunu ilə özünü azərbaycanlı azarkeşlərə sevdirməyi bacardı. Daha sonra "Qəbələ"nin də formasını geyən Meza Kolli ötən mövsümü "Neftçi"də keçirdi. "Flaqman"ın uzun müddət sonra medal qazanmasında komandanın liderlərindən olan yarımmüdafiəçinin əməyi danılmaz idi. Amma mövsüm bitər bitməz Derlis Meza Kolli "Neftçi"dən ayrıldı. Bu gözlənilməz ayrılığın səbəbi nə idi?

Meza Kollinin Sansonedən fərqli 32 yox, 24 yaşı vardı, Azərbaycana C yox, B seriyasından gəlmişdi, gəldiyi zaman İtaliyadakı komandasının aparıcı üzvlərindən idi, daha sonra Azərbaycanda özünü tam təsdiq etmiş və "Neftçi"nin əsas heyətində əvəzedilməz oyunçuya çevrilmiş biri idi. Bəs nə baş verdi ki,  yenicə bürünc medal qazanıb avrokuboklara hazırlaşan klubunu tərk etdi?

Hazırda İtaliyada olan paraqvaylı ilə bu və digər suallara aydınlıq gətirməyə çalışdıq.

- Derlis, salam. Uzun müddətdi sorağınız gəlmir...

- Hazırda Berqamodayam. Məşqlərimi edirəm.

- Sabiq komandan olan "Neftçi"də baş verən dəyişiklərdən xəbəriniz varmı?

- Hansı dəyişiklər? Mən orda olanda dəyişiklər baş verdi. İndi olanlardan xəbərim yoxdu. Sözün düzü, mənə maraqlı da deyil.

- "Qarabağ"la bu gün keçiriləcək derbi haqda da məlumatınız yoxdu?

- Axı, artıq bu görüşün mənim üçün heç bir əhəmiyyəti yoxdu...

- İncik danışırsız. "Neftçi" ilə əlaqələriniz qalır?

- Xeyr. Heç bu haqda fikirləşmək istəmirəm. çünki "Neftçi"dən yaxşı emosiyalarla ayrılmadım...

- Nə baş verdi ki? Komandanın əsas oyunçusu idiz. Avrokuboklara yüksəlmişdiz...

- Bu futboldu, hər şey ola bilər. Yeni adamlar, dəyişiklər, hər şey baş verir. O adamlar nə baş verdiyini daha yaxşı bilir... Mən isə öz tərəfimdən bircə onu bilirəm ki, son oyunlarda əmin idim ki, bu klubda məni saxlamayacaqlar...

- O zaman mövzunu dəyişək. Azərbaycan və Azərbaycan futbolu haqda fikirlərinizi bilmək maraqlı olardı.

- Mən Azərbaycanda uzun müddət yaşamışam. ölkəniz xoşuma gəlir, mənim ikinci evimdi. Futbola gəlincə, karyeramın ən yaxşı illəri Azərbaycanda keçib. Əvvəl çempionat daha səviyyəli idi, daha güclü rəqabət vardı. Bu mənada indi cəmi 8 komandanın olması o qədər də yaxşı hal deyil.

- Azərbaycanlı futbolçuların Avropa bazarına çıxması üçün nə çatmır?

- çox çətindi. Mən Azərbaycana getməmiş hər zaman Avropadan çoxlu təkliflərim olurdu. Avrokubok həyəcanı yaşamaq üçün Azərbaycanı seçdim. Azərbaycan çempionatı qitədə çox az tanınır. Düşünürəm ki, yerli futbolçuların Avropaya çıxması üçün yeganə şansı klublarında və milli komandalarda beynəlxalq oyunlarda özünü ən yaxşı tərəfdən göstərməkdi.

- "Neftçi"nin yeni transferi Canluka Sansonini tanıyırsızmı? Deyilənə görə, o komandanın ən bahalı futbolçusu olacaq. C seriyasından gələn 32 yaşlı futbolçu çempionluq yolunda "Neftçi"yə kömək ola bilərmi?

- Mən Sansoni haqda heç nə deyə bilmərəm. Kiminsə qazancını müzakirə etməyi də sevmirəm. Əgər məşqçilər bəyənib alıbsa, yəqin ki, komandaya faydalı olar. Bundan başqa heç nə deyə bilmərəm.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest