"Qarabağ"la bugünkü oyunda məğlubiyyət Kamran Quliyevin "Neftçi"dən qovulması ilə nəticələnə bilər. Komandanın sponsorları illik büdcədən uğursuz istifadə edən prezidentdən narazıdı. Yayda aparılan uğursuz transfer siyasəti, eyni zamanda qışda alınan futbolçulara verilən real qiymətdən artıq məbləğlər SOCAR rəhbərlərinin səbr kasasını daşırıb. Gəlişindən sonra klub akademiyasının istedadlarını pərən-pərən salan, azarkeşlərlə münasibətləri korlayan Quliyevi yalnız bugünkü oyunda uğurlu nəticə xilas edə bilər.

SOCAR-ın Kamran Quliyevi əvəzləyəcək namizədi də bəllidi. Bu hazırda "Neftçi"nin vitse-prezidenti olan Elnur Eyvazovdu. SOCAR-da kluba yaxın dairələrdə bu gənc kadr sevilir və ona etibar edilir. Düzdü, SOCAR rəhbərliyi arasında bu məsələdə fikir ayrılıqları mövcuddu. "Sumqayıt"ın prezidenti Riad Rəfiyevi və "Keşlə"nin prezidenti Zaur Axundovu da dəstəkləyən qüvvələr var.

Görünən odur ki, bu xəmir çox su aparacaq. "Neftçi" hətta bu gün uğurlu nəticə göstərsə belə bu Quliyevi xilas etməyəcək. Ən uzağı martın 4-ü keçiriləcək AFFA-nın hesabat konfransından sonra Quliyevin yerinə gələcək adamın adı dəqiqləşəcək.

Hələliksə, bu post uğrunda gizli mübarizə başlayıb.

Qeyd edək ki, Kamran Quliyev marta kimi postunu qoruya bilsə AFFA-nın hesabat konfransına dəvət almayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest