Derbi alındı. Fasilədən sonra ilk qarşılaşmalar adətən darıxdırıcı keçir. çünki, futbolçular fiziki yüklənmədən sonra ideal formada olmurlar. Bərpa vaxt alır və təxmini 2-3 tur sonra artıq komandaları tam gücü ilə görmək olur. Bu dəfə fərqli hal müşahidə etdik. Həm "Qarabağ", həm də "Neftçi" istəkli və sürətli oyun nümayiş etdirdilər. Futbolçuların ağır təlim-məşq toplanışlarından sonra yorğunluğu hiss edilmirdi.

Komandalar görüşə kəşfiyyatsız başladı və qarşılaşmanın startında vurulan qol, sanki "Qarabağ"a qol-qanad verdi. Lakin Mahir Mədətovla Şahruddin Məhəmmədəliyevin ustalıq səviyyəsinin aşağı olması bütün komandanın əməyini yerə vurdu. Mahir "Qarabağ" hesabda öndə olanda boş qapıya "düşsəydi", nəticə tam fərqli ola bilərdi. Amma Mədətov nəinki, həmin epizodda, ümumiyyətlə, bütün oyunboyu yalnız bir faydalı hərəkətlə yadda qaldı. Həmin anda da "Qarabağ"ın heyətində ən fəal oyunçu Filip Ozobiç qapı çərçivəsini düzgün nişan ala bilmədi.

Mahirin futbolçu kimi keyfiyyətsizliyi bir yana, amma bu aşağı növ "futbolçu" Mamadu Mbodjun uzatdığı əli sıxmaqdan imtina edir... Mahir heç vaxt yaxşı futbolçu olmayacaq. Heç yarımhəvəskar Azərbaycan səviyyəsində də... Bu hərəkətə görə "Qarabağ"dan qovulsa, hamı Qurban Qurbanova təşəkkür edər.

Dünən buraxdığı gülməli qollarla "Keşlə"ni böyük hesabla uduzduran Kamran Ağayevdən turun ən bərbad qapıçısı adını almaq üçün dəridən qabıqdan çıxan Şahruddin Məhəmmədəliyevə gəlincə, o "Qarabağ"a hansı xidmətlərinə görə düşüb bilinmir. Buna qədər U-21-də buraxdığı "quşlar"la yadda qalan dağıstanlı yaxşı dindar və ya yaxşı oğlan ola bilər. Amma bir məsələyə zərrə qədər də şübhə yoxdu ki, Şahruddinin ustalığı çox aşağıdı və o, çempionluğa iddialı klub səviyyəsində qapıçı deyil. Eyni sözlər, Mahir Mədətova da aiddi. Mahirlə Şahruddin bəlkə də, regionlar liqasında parlaya bilər. Amma "Qarabağ" bu futbolçulara güvənib əsas heyətdə oynadacaqsa, çempionluqdan bəri başdan əlini üzsün. ümumiyyətlə, komanda hər 3 qapıçısını və Mahiri dərhal göndərib, bir normal qapıçı və bir normal hücumçu ala bilsə, bəlkə nəyəsə ümid edə bilər. Qələbə hədsiz lazım olsa da, ehtiyatdakı yeganə hücumçu İnnosent Emeqaranı meydana buraxmayan, ümumiyyətlə, cəmi 1 dəyişiklik edən Qurban Qurbanovun risk etməyərək sanki heç-heçəyə oynaması da anlaşılan deyil. Slavçev, Delarj kimi legionerlərdən qurtula bilməyən Qurbanov yarımmüdafiəçi və hücumçu almaq planlarının olduğunu demişdi. Amma "Qarabağ"ın yarımmüdafiəçiyə yox, qapıçıya ehtiyacı var!

Biz bu problemlər haqda hələ "Qarabağ" Antalyada olanda yazmışdıq. Qurbanov yarımmüdafiəçi və forvard alacaqlarını desə də, belə görünür ki, "Azərsun"un sponsoru olduğu və az qala hər xəttinin güclənməyə ehtiyac duyulan klub transfer etməyəcək. çünki, fevralın 8-i "transfer pəncərəsi" bağlanır...

Roberto Bordinin yerində bir az babat məşqçi olsaydı, "Qarabağ" böyük hesabla uduzmuşdu. Oyunboyu cinahdan demək olar ki, cəmi iki hava ötürməsi oldu və hər ikisində Şahruddin çıxışda top əvəzinə "kəpənək tutdu". Nəticədə Mamadu Mbodj hesabı və "Qarabağ"ın oyununun gedişini dəyişdi. Bir epizodda isə ağdamlıların bəxti gətirdi. Qapıçının çıxışlardakı "quşbazlığ"ını görən Bordin bütün hücumları cinah asmaları üzərində qurmalı idi. Amma uşağın gördüyü qələbə reseptini italiyalı görə bilmədi.

"Neftçi"nin futbolçuları rəqibləri ilə müqayisədə daha inamlı təsir bağışlayırdı. Səlahət Ağayev Şahruddinə, qolu yaradan Kiril Petrovla Mamadu Mbodj isə Rəşad Sadıqovla Bədavi Hüseynova "master-klass" keçirdi. Hücumda Mirabdulla Abbasovun oyunu alınmasa da, o əvəzlənəndən sonra Baqali Dabo Mahir Mədətova "əsl forvard necə olmalıdı" mövzusunda "dərs keçirdi".

Bu oyunda "ağ qaralar"ın yeganə zəif bəndi Anton Krivotsyuk idi. Lazımsız qırmızı vərəqə almaqla komandasını çətin vəziyyətə salan müdafiəçini hansı keyfiyyətlərinə görə milliləşdirib ölkənin yığma komandalarına çağırılması böyük sualdı. Ukraynalı nə milli, nə də "Neftçi"də çıxış edəcək ustalıqda biri deyil.

Yeri gəlmişkən, bu haqda qəti fikrə gəlmək hələ bir qədər tez olsa da,  derbi onu da göstərdi ki, qış fasiləsində transfer bazarında "Neftçi" daha yaxşı işləyib. Düzdü, hələ fevralın 8-i olmayıb. Amma deyəsən Qurbanov azarkeşlərə yarımmüdafiəçi və hücumçu sözü versə də, transferi yenə "Neftçi" edəcək. Belə ki, "xalq komandası"nın italiyalı Canluka Sansonedən sonra daha bir avropalı forvardla müqavilə bağlayacağı gözlənilir.

Hələlik, yalnız onu deyə bilərik ki, qış fasiləsində baş verənlər və ilk tur "Neftçi"ni çempionluğa addım-addım yaxınlaşdırır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest