Veteran futbolçu Samir Ələkbərovun matc.az saytına müsahibəsi

- Premyer Liqada qış fasiləsi başa çatdı. XV turda "Qarabağ"la "Neftçi" arasında (1:1) Azərbaycan derbisi baş tutdu. Oyundakı mübarizə ürəyinizcə oldu?

- Sizin də qeyd etdiyiniz kimi, fasilə yeni başa çatmasına baxmayaraq, maraqlı görüş izlədik. Komandaların oyununda xeyli irəliləyiş hiss olunurdu. Əsl derbi ab-havası var idi və gərgin mübarizə alındı. Görünən odu ki, "Neftçi" mövsümün əvvəlində yaxşı məşqçi dəvət edib, o da komandasını qurur.

- "Neftçi"nin yeni transferləri Mamadu Mbodj və Vangelis Platellas necə təsir bağışladılar?

- Hər ikisinin oyunu şəxsən mənim xoşuma gəldi. Göstərdilər ki, "Neftçi"nin gücünə güc qatacaqlar. Hələ bir italiyalı hücumçu da alıblar. Məncə, "Neftçi" bu mövsüm kifayət qədər iddialıdı. "Qarabağ" asanlıqla çempion ola bilməyəcək. çempionatımızda iki bərabərgüclü komandanın olması yaxşı haldı. "Qarabağ" neçə il idi ki, hegemonluq edirdi. Nəhayət, onlara "dişli" rəqib çıxıb. ümid edirəm ki, digər komandalarımız da güclənər və daha maraqlı çempionat izləyərik. Bütün bunlar rəqabəti artırar, avrokubokdakı nəticələrə müsbət təsir göstərər.

- Necə düşünürsünüz, çempionluğun taleyi bu komandalar arasındakı son dövrə matçında həll olacaq, yoxsa "Qarabağ"la "Neftçi"ni kimsə büdrədə bilər?

- Məncə, son dövrədəki "Neftçi" - "Qarabağ" qarşılaşmasının nəticəsi çempionu müəyyənləşdirməyəcək. Onlar çempionluq uğrunda yarışsalar da, digər komandalar avrokuboka düşməyə çalışırlar. Məsələn, "Sumqayıt"ın adını çəkə bilərəm. Elə "Qarabağ" qarşıdakı turda bu komanda ilə səfərdə qarşılaşacaq. Nəzərə alaq ki, "Sumqayıt" ölkə kubokunda "Neftçi"ni mübarizədən kənarlaşdırıb. Yəni digər komandalar əllərini aşağı salmayacaqlar.

- üçüncü yerdə qərarlaşan "Səbail"in "Keşlə"ni 3 cavabsız qolla məğlub etməsi sürpriz olmadı?

- Açığı, 3:0 hesabını gözləmirdim. "Keşlə" çox zəif çıxış etdi, heç nə ilə yadda qalmadı. Onlarda əzmkarlıq görmədim. "Səbail" isə oyununu "tapdı", əlinə düşən imkanlardan yaxşı yararlandı.

- "Keşlə" qolları, demək olar ki, rəqibinə hədiyyə etdi...

- Tərlan Əhmədov da oyundan sonra demişdi ki, qolları hədiyyə etdik. Bəs verilən hədiyyəni qəbul etməlisən də (gülür). Şans düşübsə, bundan istifadə etmək lazımdı.

- Milli komandanın əsas qapıçısı Kamran Ağayev bu görüşdə də kobud səhvlə yadda qaldı. Gələn ay isə yığmamız AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya ilə qarşılaşacaq. Bəlkə Səlahət Ağayevin artıq "1 nömrə"yə çevrilməsinin vaxtıdı?

- Təkcə Səlahəti yox, Emil Balayevi də bu yerə iddialı sayardım. Elə Rəşad Əzizli də pis təsir bağışlamır. Qapıçılarımız var. Amma bunların içində ən ümidlisi Kamrandısa və o da belə səhvlər edirsə, bu, ciddi siqnaldı. Kamran artıq arxasındakı qapıçıların nəfəsini hiss etməli, ciddi yanaşmalıdı.

- Turun ikinci günündə "Qəbələ" "Sumqayıt"ı son dəqiqələrdə vurduğu yeganə qol sayəsində çətinliklə məğlub etdi...

- Məncə, "Sumqayıt" məğlubiyyətə layiq deyildi. Bərabərsəviyyəli oyun getdi. Hər iki komandanın imkanları oldu. Elə matç idi ki, kim qol vursaydı, qələbə qazanacaqdı.

- "Sabah" "Zirə" ilə oyunda uzun müddət azlıqda çıxış etsə də, 2:0 hesablı qələbə qazandı. Nəzərə alaq ki, "Sabah" gələn mövsüm avrokubokda iştirak edə bilməyəcək. Belə vəziyyətdə bu cür motivasiyanı nə ilə əlaqələndirmək olar?

- Açığı, bu il azarkeşlik elədiyim komanda "Sabah"dı. çünki möhkəm kollektivləri var. Həqiqətən də, avrokuboka getməyəcəyini bilə-bilə meydana çıxıb bu cür çıxış etmək asan iş deyil. Onlar bu günün yox, gələcəyin komandasını qurublar. çempionata qoşulandan rəqiblərinə göstəriblər ki, biz də varıq. Məncə, "Sabah" Premyer Liqaya əlavə rəng qatır.

- Son olaraq, milli komandaya baş məşqçi axtarışları davam edir. Görünən isə odu ki, yeni çalışdırıcı əcnəbi olacaq. Sizcə, hansı regiondan mütəxəssisin gəlməsi yığma üçün uğurlu olar?

- Bilirsiniz ki, məqsəd Avropa çempionatına vəsiqə qazanmaqdı. Ancaq bu gün Mourinyonu da gətirsən, yığmamızı Avropa çempionatına çıxara bilməz. Təbii ki, hamımız bunu arzulayırıq. Ancaq heç inandırıcı deyil. O ki qaldı kimin gətirilməsinə, özümüzdə yaxşı məşqçi kifayət qədərdi. Ancaq əcnəbi gələcəksə, məncə, keçmiş SSRİ "şineli"ndən çıxan məşqçinin təyinatı maraqlı olardı. çünki onlar bizə bir köynək yaxındılar. Hər halda, AFFA rəhbərliyi bu məsələni hərtərəfli araşdıracaq. İndiyə qədər yığmamızı ukraynalı, rusiyalı məşqçi çalışdırmayıb. Məncə, bu ölkələrin nümayəndəsinin gəlişi maraqlı olar.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest