"Neftçi"nin transfer gündəmində olan Ziqi Badibanqa bu keçiddə maraqlıdı. Matc.az xəbər verir ki, bu barədə məlumatı Belçika mətbuatı yayıb.

Bildirilir ki, "Şerif"də rəhbərliklə sözü çəp gələn 28 yaşlı futbolçu əsas komandadan uzaqlaşdırılıb. "Şerif"lə Antalya toplanışına aparılmayan Badibanqa əvəzedici heyətlə birlikdə məşqlərə çıxır. Lakin o, yaya qədər əvəzedicilərdə qalmaq fikrində deyil. Hətta "Şerif-2"nin yoxlama görüşündə meydana çıxmaqdan da imtina edib.

Moldova klubu ilə müqavilə müddəti yaya qədər olan Badibanqa qış fasiləsində ayrılmaqda israrlıdı. Bir müddət əvvəl "Neftçi" forvardın keçidində maraqlı olsa da, yüksək təzminat tələbi bakılıları fikrindən daşındırmışdı. Buna baxmayaraq, Badibanqa hələ də "Neftçi"yə keçəcəyinə ümid edir. Tez-tez sosial şəbəkə vasitəsilə Premyer Liqanın lideri barədə paylaşımları da bundan xəbər verir.

Qeyd edək ki, Ziqi Badibanqa 2017-ci ilin fevralından "Şerif"in formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest