"Neftçi"nin qış fasiləsində heyətinə cəlb etdiyi Canluka Sansone ölkəsi İtaliya mətbuatına maraqlı müsahibə verib. Matc.az saytının məlumatına görə, 32 yaşlı forvard Azərbaycan karyerası ilə bağlı hədəflərindən söz açıb.

- İtaliyada uzunmüddətli karyeranız olub və indi 32 yaşda yeni macəraya başlayırsınız "Neftçi"nin təklifini qəbul etməkdə sizi nə vadar etdi?

- Yeni təcrübələr almağı planlaşdırdığımdan bəri çox vaxt keçib. Mənə stimul verəcək yeni çağırış lazım idi. İtaliyadan bir neçə təklif aldım. Ancaq heç biri ürəyimcə olmadı, çünki stimul yox idi. Həm də Avropanın başqa bir ölkəsində oynamaq istəyirdim. "Neftçi"dən təklif alanda heç bir şübhəm yox idi. Burda olmaqdan məmnunam. Komandam turnir cədvəlinə başçılıq edir. Bundan yaxşısını arzu edə bilməzdim.

- Azərbaycan çempionatları tarixinin ilk italiyalı futbolçusu oldunuz...

- Əlbəttə, mənim və klubum üçün bənzəri olmamış bir ssenaridi. Bu amil də seçimimə təsir göstərdi. Bu üzdən əşyalarımı topladım və ayrıldım. Hər şey asan oldu: iki gün ərzində bütün məsələlər həll edildi və indi burdayam.

- Ancaq komandada italyan dilində danışan yeganə futbolçusunuz...

- Doğrudu. Ancaq baş məşqçimiz Roberto Bordin də var. Mənimlə zəng vurub haqqımda məlumatlı olduğunu dedi. Onunla əlaqə saxlamağım üçün məni həvəsləndirdi. Seçimimdə bu, böyük rol oynadı.

- Orda hansı həqiqətlərlə qarşılaşdınız?

- İlk baxışdan yenilənməyə və öyrənməyə çalışan maraqlı reallıq kəşf etdim. Ola bilsin ki, A seriyası səviyyəsində təşkilatlanmayıblar, ancaq böyüməkdə olduqlarını deyə bilərəm. Demək olar ki, hamısı müasir idman mərkəzləri və yeni stadionlara sahib olmaq üçün hərəkətə keçiblər. Futbol da ölkə kimi, inkişafdadı.

- Yerli futbolla müqayisədə Azərbaycanda hansı fərqliliklər gözləyirsiniz?

- "Neftçi"dəki ilk məşqdən sonra deyə bilərəm ki, texniki səviyyə digər liqalardan aşağı deyil, hətta bəzilərindən yüksəkdi. Əlbəttə, Avropa ölkələrinin çempionatları ilə müqayisədə taktiki hazırlığın aşağı olduğu görünür. Ancaq "Neftçi" heç də sadəlövh komanda deyil. İlk təəssüratlarım müsbətdi.

- 6 ildi çempion ola bilməyən "Neftçi" hazırda turnir cədvəlinə başçılıq edir. "Qarabağ"ın hegemonluğuna son qoymaq üçün yaxşı ildi?

- Ötən bazar günü zirvə yarışında gözəl bir oyuna şahidlik etdim. "Qarabağ" bir neçə futbolçusunun individual bacarığına əsasən daha texnikalı oyun göstərdi. Ancaq komandamız yaxşı vəziyyətdə idi və Bordinin əla iş gördüyünə şahid oldum. Əlbəttə ki, sona qədər mübarizə aparacağıq, özümüzə güvənirik. Bundan əlavə, "Neftçi" formasına olan bağlılıq prezidentdən tutmuş, menecerlərlə gələn futbolçulara qədər çox güclüdü. Onların hamısı bir neçə illik həsrətdən sonra titul gözləyirlər.

- "Neftçi" ilə ölkə çempionu olub Çempionlar Liqasında oynamaq məqsəd, yoxsa xəyaldı?

- Bu, xəyal yox, məqsəddi. Çempionluq uğrunda oynamaq ideyası mənim bu çempionata gəlməyimin səbəblərindən biridi. Hətta yanlışlıqla belə toxunmadığım bir yarışda - Çempionlar Liqasında oynamaq imkanı mənim karyeramda ən böyük nailiyyət olar. 18 yaşımda Eççelentsada oynamağa başladım və 25 yaşlımda A seriyasına yüksəlmişəm. İndi isə 32 yaşım var və hədəfim avrokuboklarda iştirak etməkdi.

- Gələcəkdə İtaliyaya qayıtmaq istərdinizmi?

- Son vaxtlar İtaliya futbolu qapılarını üzümə bağlayıb. Bizim çempionatda oynamaq hər zaman xoşdu. Ancaq bağlı qapını açmaq da olar. Bunu "Neftçi"dəki yeni macəram da göstərir. İstənilən halda, ümid edirəm ki, gələcəkdə İtaliya futbolunda yerim olacaq. Radarı tərk etmək üçün çox erkəndi. Orda son klubum olan "Novara"da bir çox səbəbdən uğursuz il keçirdim. Bu isə karyeramdakı uğurlu mövsümü unutdura bilməz. Təəssüf ki, futbol tez-tez yenilənir. Ancaq gələcəkdə İtaliyaya qayıtmaq istərdim. İndi deyil. Çünki hazırda yeni təcrübədən həzz almaq istəyirəm.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest