Topaz Premyer Liqasında XVI tura "Əlincə Arena"da start veriləcək. Matc.az saytının məlumatına görə, ötən turda qələbə qazanan "Sabah"la "Qəbələ" birincilərin meydanında üz-üzə gələcək.

 

16:00. "Sabah" - "Qəbələ"

Yeni il hər iki komanda üçün uğurlu başladı. Həm "Sabah", həm də "Qəbələ" qış fasiləsindən sonrakı ilk rəsmi matçda aktivinə 3 xal yazdırmağı bacardı. Hər iki komandanın eyni xala malik olması və bürünc mükafata iddia etməsi bunu mərkəzi oyuna çevirir.

 

Liderlər əvvəlki formada

"Sabah"ın ilk yarıdakı nəticələrinin təsadüfi olduğunu və enişə keçəcəyini güman edənlər az deyildi. Ancaq Elşad Əhmədovun kollektivi "Zirə" ilə matçda növbəti dəfə iddiasını ortaya qoydu. Komandanın avrokuboka getməyəcəyini bilə-bilə yuxarı pillələrə iddia etməsi təqdirəlayiq haldı. üstəlik, Marko Deviç və Cavid İmamverdiyev "Zirə" ilə görüşdə əvvəlki formasını bərpa etdiyini göstərdilər ki, bu, böyük üstünlükdü. çünki debütantın meydanda ən çox asılılığı olduğu cütlük məhz onlardı.

"Qəbələ" isə "Sumqayıt"la qarşılaşmada çox əziyyət çəkdi. Bölgə təmsilçisi yalnız son dəqiqələrdə vurduğu qol sayəsində doğma arenasında xal itkisindən qurtuldu. Yeganə problem baş məşqçi Sənan Qurbanovun ixtiyarında məhdud sayda oyunçunun olmasıdı. Ehtiyat qüvvənin az olması mövsümün sonlarına yaxın problem yarada bilər.

 

Cinahlarda yaranan boşluq

"Sabah" oyuna ciddi itkilərlə çıxacaq. Bakılılar "Zirə" üzərində qələbə qazansa da, iki oyunçusunu itirib. Həmin qarşılaşmada qırmızı vərəqə alan Məqsəd İsayevlə sarı vərəqə limitini dolduran Təmkin Xəlilzadə komandaya kömək edə bilməyəcək. Xüsusən də, ikincinin yoxluğu ciddi itkidi. Maraqlıdı ki, Xəlilzadə ilk 3 "sarı"nı ilk yarıda məhz "Qəbələ"nin heyətində alıb. Cinah oyunçularının olmaması debütantın başını ağrıda bilər. çünki rəqib sürətli cinah futbolçuları ilə təhlükə yaratmağı bacaran komandadı.

"Qəbələ"də isə əksinə, komanda tam heyətlə hazırdı. Hətta cəzasını başa vuran Rauf Əliyev də baş məşqçidən şans gözləyir. Qış fasiləsindəki yoxlama görüşlərini yüksək səviyyədə keçirən milli komandamızın hücumçusunun dönməsi Sənan Qurbanovu çətin duruma salıb. çünki heyətdə kifayət qədər hücumçu var.

 

Bol hücumçu, qol problemi

Hər iki komanda transfer dönəmini passiv keçirdi. Bir oyundan sonra proqnoz vermək çox çətindi. "Sabah"da Təmkin Xəlilzadə və Məqsəd İsayevin yoxluğu ciddi problemdi. Elşad Əhmədov bunun fonunda elə heyət qurmalıdı ki, rəqibin cinah həmlələrinin qarşısını almaq mümkün olsun. Bu, onsuz da, çox qol buraxan komanda üçün ciddi siqnaldı. Cavid İmamverdiyevlə Marko Deviçin performansı da nəticəyə ciddi təsir göstərəcək.

"Qəbələ"nin əsas problemi isə ələ düşən qol imkanlarını sağa-sola xərcləməsidi. Heyətdə kifayət qədər sanballı hücumçular olmasına baxmayaraq, komanda hələ də qol yollarındakı sıxıntını çözə bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest