Bir gün əvvəl "Neftçi"nin qələbə qazanması "Qarabağ"ı ağır Sumqayıt səfərində yalnız qalibiyyətə vadar edirdi. Lakin rəqib də Ayxan Abbasovun gəlişindən sonra daha intizamlı oyun sərgiləyən "Sumqayıt" idi.

Gözlənildiyi kimi, "Sumqayıt" oyuna 5 müdafiəçi ilə çıxmışdı. Düzdü, Bəxtiyar Həsənalızadənin gedişi və Şəhriyar Əliyevin zədəli olması baş məşqçini çətin vəziyyətə salıb. "Qarabağ"la qarşılaşmada da bu "üçlüy"ü Vurğun Hüseynov-Rail Məlikov-Adil Nağıyev təşkil etmişdi. Meydan sahibləri 5-3-2 sxemi ilə meydandakı yerini almışdı. Əli Babayevlə Xəyal Nəcəfov dayaq yarımmüdafiəçisi kimi müdafiəçilərə kömək etməli idilər. Yeni transfer Peyman Babayi ilə ülvi İsgəndərov komandanın qol ümidi, Aleksey İsayevin vəzifəsi onları topla təmin etmək idi.

"Qarabağ"da isə "Neftçi" ilə görüşdə kobud səhvlərlə diqqət çəkən Şahruddin Məhəmmədəliyevi qapıda bu dəfə Vaqner da Silva əvəz edirdi. Müdafiə "dördlüy"ü olduğu kimi qalmışdı. ötən oyunda qırmızı vərəqə alan Qara Qayayevi gənc Hacıağa Hacılı əvəzləmişdi. Heyətdəki digər dəyişiklik də məcburiyyətdən edilmişdi. Cəzalı Mahir Mədətovun yerinə hücumda İnnosent Emeqara qol axtarışında olmalı idi.

İlk dəqiqələrdən topa nəzarətin "Qarabağ"da olması, onsuz da, gözlənilən idi. Komanda, əsasən də cinahlar vasitəsilə rəqibin arxa xəttində boşluqlar axtarırdı. "Sumqayıt" isə tamamilə qapanmaq istəmir, imkan düşən kimi əks-hücumlara keçməyə can atırdı. Elə bu istək tez-tez "kimyaçılar"ın orta xəttində boşluqlara yol açırdı. Müdafiə və hücum arasındakı məsafənin böyük olması qonaqlara yarımmüdafiədə rahat oynamaq imkanı verirdi. Ancaq "Sumqayıt"ın müdafiədə sıxlıq təşkil etməsi "Qarabağ"ın qol vəziyyəti yaratmasına mane olurdu. Sağ cinahdakı Dani Kintana topu qəbul etdiyi zaman bir qayda olaraq mərkəzə doğru meyllənib, ara ötürmələrinə üstünlük verirdisə, əks tərəfdəki Abdullah Zubir fərdi ustalığı sayəsində tez-tez cərimə meydanına daxil olurdu. "Neftçi" ilə qarşılaşmanın ən zəifi olan Zubir bu dəfə topla birlikdə müdafiənin dərinliyinə sızmağı bacarırdı. "Qarabağ"ın cinahlardan təzyiqi qarşısında sumqayıtlılar çətinliklə tab gətirirdilər.

Rəqibin bütün diqqətini cinahlara yönəldən ağdamlılar 20-ci dəqiqədə mərkəzdə yaranan boşluqdan məharətlə yararlandılar. ümumiyyətlə, belə sıx müdafiəni yalnız standart vəziyyətlər və uzaq məsafədən zərbələrlə cəzalandırmaq mümkündü. "Sumqayıt"ın ucaboy mərkəz müdafiəçilərini "ikinci mərtəbə"də üstələmək müşkül görünürdü. Kintana ilə Zubirin fəallığı Ozobiçi bir anlıq unutdurdu. 20-ci dəqiqədə önündə boşluq görən xorvatiyalının cərimə meydanı həndəvərindən zərbəsinə, sözün həqiqi mənasında tor da dözmədi. Bu cür oyunla meydan sahiblərinin qol buraxması, onsuz da, qaçılmaz idi.

Yalnız mərkəzə dəvət edildikdən sonra "Sumqayıt"ın oyununda bir qədər canlanma yarandı. Ancaq komandanın hücum cəhdlərinin qarşısı meydanın mərkəzini keçər-keçməz alınırdı. Bu baxımdan Almeyda ilə Hacıağanın işini yüksək qiymətləndirmək lazımdı. Uzun ötürmələr zamanı isə müdafiəçilər asanlıqla topu saxlayırdılar. Əvəzində "Qarabağ" artıq rəqibin müdafiə xəttində boşluqlar tapa bilirdi. Ancaq belə fürsətlərdə son ötürmələrdə dəqiqlik çatmırdı. Təsadüfi deyil ki, ilk hissə ərzində meydan sahiblərinin hücumçuları Vaqneri bir dəfə də olsun yaxından görə bilmədilər. Bunda Aleksey İsayevin meydandakı varlığı ilə yoxluğunun hiss olunmaması da az rol oynamadı. Gənc yarımmüdafiəçi nə müdafiədə, nə də hücumda komandasına düz-əməlli kömək edə bilirdi.

Ağdam klubunda, xüsusən də, Almeydanın yavaş-yavaş əvvəlki formasını bərpa etdiyini söyləmək olar. Onun meydandakı varlığı irəlidəki komanda yoldaşlarının sərbəst hərəkət etmələrinə şərait yaradırdı. Belədə onların geridən oyun qurmalarına ehtiyac qalmırdı və Zubir-Ozobiç-Kintana "trio"su qapıya daha yaxın oynaya bilirdi. Əsasən də, son ötürmələrdə əsas yük ispaniyalının üzərinə düşürdü.

Komandasının zəif çıxışını görən Ayxan Abbasov fasilədən dərhal sonra iki əvəzləməyə əl atdı. Əfran İsmayılovla Əmir Ağayevin oyuna qoşulması taktiki düzülüşə də təsir etdi. Abbasov 5-1-3-1-ə keçərək, cinahları gücləndirməyə çalışdı. İsmayılovla Ağayev müvafiq olaraq sağ və sol cinahda oynamalı idi. Bu dəyişikliklər "gənclik şəhəri" təmsilçisinin oyununu xeyli yaxşılaşdırdı. Peyman tək hücumçu kimi daha effektli nəzərə çarpırdı, nəinki ülvi yanında olanda. "Kimyaçılar" artıq rəqibi irəlidə qarşılayır, qonaqların oyun qurmasına, topla istədiyi kimi davranmasına imkan vermirdi. Xüsusən də, Əfranın fəallığını vurğulamaq yerinə düşər. "Qarabağ" bir növ rəqibin təklif etdiyi tempdə oynamağa məcbur qalmışdı. Rəqib müdafiədə oturmasa da, Qurban Qurbanovun yetirmələri sürətli hücumlar qurmaqda çətinlik çəkirdilər. Hətta sumqayıtlılar bir müddət 3 müdafiəçi ilə də oynadı ki, "Qarabağ" kimi rəqibə qarşı bunu etmək cəsarət istəyir. Bəzi anlarda qonaqlar bütün komanda ilə müdafiəyə də çəkilməyə məcbur olurdular.

Orta sahədə yaranan boşluğu görən qonaqların çalışdırıcısı 67-ci dəqiqədə matçın ən zəifi olan Emeqaranı Simeon Slavçevlə əvəzlədi. Artıq "Qarabağ" hücumçusuz oynayırdı və meydanda 4-6-0 kimi görünürdü. Müdafiənin önündəki 3 yarımmüdafiəçinin də qarşısında başqa "3-lük" yer almışdı. Yalnız sona 10 dəqiqə qalmış Reynaldo Silvanın oyuna qoşulması ilə tarazlıq bərpa olundu. Dönüşünü qeyd edən braziliyalı hücumun mərkəzinə, Ozobiç isə əvəzlənən Kintananın yerinə keçdi. Reynaldonun ayağı ağdamlılara düşdü. Korner zamanı ev tapşırığının uğurlu alınmasında Əmir Ağayevin də "köməyi" danılmazdı. Məhz ona dəyən top ötürmənin ünvana çatmasında müstəsna rol oynadı. Bədavi Hüseynova isə yalnız yaxın məsafədən toru silkələmək qaldı.

Bu qol meydan sahiblərinin bərabərlik ümidinin üstündən xətt çəkdi. Tamam həvəsdən düşən "Sumqayıt" artıq məğlubiyyətlə barışmışdı. Son 10 dəqiqədə hər iki komanda vaxtın bitməsini gözlədi. Beləliklə, 90 dəqiqə ərzində Vaqneri işə qoşa bilməyən "Sumqayıt" məğlub olsa da, cəsarətli oyunu ilə öyünə bilər. "Qarabağ" isə, xüsusən də, ikinci hissədə çətin anlar yaşamasına baxmayaraq, çətin səfərdən 2:0 hesablı qələbə ilə dönməyi bacardı.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest