Azərbaycan millisinin yeni baş məşqçisi Nikola Yurçeviç bu gün mətbuat nümayəndələri önünə çıxıb. Matc.az saytının məlumatına görə, bu gün Bakı Olimpiya Stadionunun konfrans zalında xorvatiyalı mütəxəssisin mətbuat konfransı təşkil edilib.
53 yaşlı çalışdırıcı öncə təyinatı ilə bağlı fikirlərini bildirib: "Sizin üçün milli komandanın nə qədər vacib olduğunu marağınızdan görürəm. Bu, mənə də əlavə motivasiya verir. Azərbaycan millisinin baş məşqçisi təyin olunduğum üçün çox şadam. Mənə etibar etdiyi üçün AFFA-ya təşəkkür edirəm".
 
- Xorvatiya mətbuatında yazılıb ki, müqavilə  müddətiniz 2020-ci ilə qədərdi. Ancaq bu, hələ təsdiqlənməyib...
- Xorvatiyada heç bir media mənsubu ilə danışmamışam. Məlumatı hardan götürdüklərini bilmirəm. Müqavilə 1 illikdi. Daha sonra daha 2 il uzadıla bilər.
 
- Optimist olduğunu dediniz. Məqsədiniz nədi və nəyi Azərbaycan millisi üçün böyük nəticə hesab edirsiniz?
- İlk növbədə komandaya inanmalıyıq. Qrupumuzda yer alan Xorvatiya yığması FİFA reytinqində 4-cüdü. Bizim reytinqimiz isə elə də yaxşı deyil. Biz çalışacağıq ki, Avropa çempionatında yaxşı çıxış edək.
 
- Azərbaycan çempionatının bir neçə oyununu izləmisiniz. Sizdə hansı təəssüratlar yaranıb?
- "Sumqayıt" - "Qarabağ" və "Neftçi" - "Keşlə" oyunlarını izlədim. Bakıda olmayanda da "Neftçi" - "Qarabağ" görüşünə baxmışam. Bu oyunu çox bəyəndim. çünki milli üzvlərinin çoxu bu komandalarda yer alıb.
 
- Millidə hansı yenilik etmək istəyirsiniz və qapıda kimi görmək istəyirsiniz?
- Bundan əvvəlki seçmə mərhələ oyunlarını izləmişdim və bəzilərini bəyənmişdim. Düzgün konsentrasiya və hazırlıqla istəyimizə çatacağımızı düşünürəm. ölkədə olan yerli qapıçılar barədə məlumatım var. 2-3 həftə ərzində onları yenə izləyəcəm. Mənim üçün çox vacibdi ki, yığmaya çağırılan oyunçular 90 dəqiqə ərzində oyunlara düzgün köklənsinlər.
 
- Aç-2020-nin seçmə mərhələsinin startına az vaxt qalıb. Bu, hazırlaşmaq baxımından yetərli olacaq?
- Martın 21-də Xorvatiyaya qarşı çox vacib oyunumuz var. Nəzərimdə 20-yə yaxın oyunçu var. Amma yeni oyunçular axtarışında da olacam. Bütün yerlilər barədə tam məlumat toplamışam. Azərbaycan çempionatında oynayan milliyə namizədlər barədə tam məlumatlıyam. Xarici çempionatlarda oynayanlar barədə hələ tam informasiya toplaya bilməmişəm. O vaxta qədər bunu da edəcəm.
 
- Köməkçiləriniz xorvatiyalı, yoxsa yerli mütəxəssislər olacaq?
- Bir köməkçi məşqçim Xorvatiyadan, digər köməkçim yerli məşqçi olacaq. Həmçinin qapıçılar üzrə məşqçi də yerli olacaq. İki xorvatiyalı məşqçim ancaq təlim-məşq toplanışı zamanı bura gələcək. Köməkçim Mario Dokiç olacaq. Ona çox inanıram. Yerli məşqçi barədə assosiasiya rəsmiləri ilə görüşlərim olacaq, ondan sonra qərarımı verəcəm.
 
- Robert Prosineçki sizin barədə müsbət fikirlər səsləndirib. Təklif alanda ondan məsləhət almısınızmı?
- Mən onunla 30 ildən çoxdu tanışam, milli komandada bir yerdə çalışmışam. Ondan da, köməkçisindən də məlumat almışam. Gəlməzdən əvvəl çox söhbətimiz olub və yalnız pozitiv danışıb.
 
- AFFA-nın qarşınıza qoyduğu əsas məqsəd nədi?
- Matçdan-matça oyun səviyyəmizi artırmaq və seçmə mərhələdə uğurlu çıxış edib Avropa çempionatında iştirak etmək. Ora çıxmaq üçün "vuruşacağıq". Bilirik ki, çətindi, amma bunun üçün çalışacağıq.
 
- Həmyerliniz Prosineçki demişdi ki, Azərbaycanda quzu kababını xoşlayır. Siz bunu dadmısınız?
- Bəli, dadmışam. Prosineçki ilə danışığımız təkcə futbolla bağlı olmayıb. ölkə barədə də məlumat verib və ən çox buranın yeməklərini vurğulayıb. İki il də Türkiyədə çalışmışam. Bilirəm ki, sizin xalqlar yaxındı. Oranın da mətbəxini bəyənmişəm. Amma Xorvatiya mətbəxini də bəyənirəm.
 
- Xorvatiya ilə oyuna qədər neçə təlim-məşq toplanışı planlaşdırırsınız?
- Bəli, Bakıda toplanışımız olacaq. Amma tarixlər barədə hələ bir söz deyə bilmərəm. Premyer Liqanın təqviminə baxdıqdan sonra qərar verəcəm.
 
- Sizdən əvvəlki baş məşqçi Qurban Qurbanovla görüşmüsünüzmü?
- Bilirəm ki, Qurban Qurbanov Azərbaycan futbolu üçün böyük addı. Onun Serbiyaya vurduğu 2 qol yadımdadı. Məşqçi kimi də "Qarabağ"la uğurlar qazanıb. Hələ görüşümüz olmayıb. Amma gələn 2-3 həftə ərzində Premyer Liqanın bütün məşqçiləri ilə görüşmək fikrim var. Onlardan məlumat toplamaq istəyirəm.
 
- Prosineçki gələndə məvacibi açıqlanmışdı. Siz burda nə qədər qazanacağınızı deyə bilərsiniz?
- Əməkhaqqım varədə AFFA ilə 2-3 dəqiqəlik danışığımız olub. Yaxın 10 gün ərzində onlar sizə məlumat versələr, daha yaxşı olar.
 
- Prosineçki dünya futbolunda nadir addımlardan birini edirdi, oyundan əvvəl heyəti açıqlayırdı. Siz də bu cür edəcəksiniz?
- Bunda bir problem görmürəm. Amma hərdən elə an olur ki, bu fikirlə bir gün də yaşayım. Amma yüz faiz biləndə bir gün əvvəl heyətlə bağlı məlumat verəcəm.
 
- Prosineçki ailəsini də bura gətirmişdi və övladını burda məktəbə qoymuşdu. Nəzərə alsaq ki, müqavilə müddətiniz 1 illikdi, siz hansı addımı atacaqsınız?
- Mənim üçün çox xoşdu ki, Prosineçkidən ancaq pozitiv sözlər eşidirəm. Həyat yoldaşımla Bakıda yaşayacam. Qızlarım Zaqrebdə təhsil aldığı üçün orda qalacaqlar. Amma ayda bir dəfə Bakıya gələcəklər.
 
- Oyun fəlsəfəniz necə olacaq?
- Hücumameyilli futbola üstünlük verirəm. Amma reallığı da nəzər almaq lazımdı. Heyətdəki oyunçulara və rəqibə görə taktika dəyişə bilər. Məsələn, Xorvatiya ilə səfər oyunu ilə Macarıstana qarşı ev matçının taktiki planı fərqli olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest