"Neftçi"nin yeni transferi Petru Raku "Zimbru"nun yetirməsidi. Matc.az saytının məlumatına görə, 32 yaşlı müdafiəçi 2005-ci ildən peşəkar futbolçu kimi çıxış edir.

Raku iki il "Zimbru"da oynadıqdan sonra legioner həyatı yaşamağa başlayıb. 5 il ərzində İsveç təmsilçisi "Norçöpinq"də qalan Raku bunun 6 ayını icarə əsasında Finlandiya "MüPa"sında keçirib. Maraqlıdı ki, həmin vaxtlar futbolçu hücumda çıxış edib. Yalnız 2009-cu ildən sonra Raku bir müddət dayaq yarımmüdafiəçisi, ardından isə mərkəz müdafiəçisi kimi oynayıb.

2012-ci ilin yanvarında futbolçu Danimarkaya köçüb. Lakin "Hyörrinq"də cəmi 6 ay qala bilib. Bir il işsiz qalan Raku 2013-cü ildən etibarən ölkəsi Moldovada çıxış edib. "Veris" və "Milsami" karyerasından sonra 2017-ci ilin yayında "Şerif"ə üz tutub. Tiraspol klubunun aparıcı simalarından olan müdafiəçi ötən yay Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la hər iki matçda iştirak edib, hətta Bakıdakı qarşılaşmada sarı vərəqə alıb.

Universallığı ilə seçilən Petru Raku müdafiənin mərkəzi ilə yanaşı, hər iki cinahında, o cümlədən dayaq yarımmüdafiəçisi mövqeyində oynamağı bacarır. üstəlik, futbolçu intizamlı oyunu ilə də diqqət çəkir. Təsadüfi deyil ki, karyerası ərzində bir dəfə də olsun qırmızı vərəqə almayıb və "sarı"ya meyilli də deyil.

32 yaşlı oyunçu 2010-cu ildən Moldova millisinə çağırılır. O, yığmanın heyətində 48 matçda iştirak edib, aktivinə 1 qol yazdırıb. ötən il yanvarın 30-da Azərbaycan yığması ilə keçirilən yoldaşlıq görüşündə də (0:0) 90 dəqiqə meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest