"Qarabağ"ın futbolçusu Maksim Medvedev Premyer Liqanın XVII turunda "Qəbələ" üzərində qazanılan 2:1 hesablı qələbədən sonra jurnalistlərə müsahibəsində matc.az saytının əməkdaşının da sualını cavablandırıb.

- Oyun necə alındı?
- "Qəbələ"nin yaxşı komanda olduğunu bilirdik, Məlumdu ki, yaxşı hücum xəttinə malik rəqibdi. Biz də bunun fərqində idik. Ona uyğun hazırlaşmışdıq. Mümkün qədər ehtiyatlı oynayırdıq. çünki elə bir vəziyyət yaranıb ki, heç bir komanda xal itirmək istəmir. Əsas odu ki, yekunda arzumuza çata bildik.


- İkinci hissədə çox çətinlik çəkdiniz. "Qəbələ" təzyiqi artırmışdı və bu, sizə oynamağa mane olurdu...
- Hesabda öndə idik və bunu saxlamaq üçün risk etməməyə qərar verdik. çalışırdıq ki, oyunu daha çox əks-hücumlar üzərində quraq. Ona görə də ikinci hissədə "Qəbələ"yə oynamağa imkan verdik.


- Mahir Mədətovun tez-tez top itirməsi sizi komanda yoldaşı kimi əsəbiləşdirir? Əziyyətinizi sanki yerə vururdu. ümumiyyətlə, sizcə, Mahirdə niyə belə geriləmə var?
- Həm gənc oyunçudu, yetərli təcrübəsi yoxdu, həm də oyuna sonradan qoşulmaq çox çətindi. Topu, rəqibi hiss eləmək üçün bir az zamana ehtiyac olur. Bir-iki epizodda saxlaya bilmədi topu, düzdü, biz də əsəbiləşirik, amma çalışırıq ki, ona dəstək olaq. Oyunun alınmırsa, öz şablonunu meydanda saxlamalısan. Biz ondan çox şey istəmirik.


- Birinci pillənin sahibi "Neftçi" ilə aranızdakı xal fərqi 1-ə endi. Bu, sizdə əlavə ümidlər yaradırmı?
- Düzdü, "Neftçi" birinci pillədədi, qabaqda isə oyunlar var. Bilmək olmaz, bundan sonra hansı komanda nə qədər xal itirəcək. Mövsümün son oyunu "Neftçi" ilə olacaq. Biz də hər şeyə hazırıq. Bu gün əgər bir xal fərq varsa, bu, bizə sərf eləmir.


- Beş ildi "Qarabağ" ardıcıl çempion olur. Amma bu il "Neftçi" sizinlə rəqabət aparır. Demək olarmı ki, hazırkı mövsüm daha maraqlıdı?
- Əvvəllər "Qəbələ" ilə daha çox rəqabət halında idik, amma yekunda çempion ola bilirdik. Bu il Avroliqada çox güc sərf etdik, ona görə gözlənilməz xal itkiləri yaşadıq. İndi çalışmalıyıq ki, bütün diqqətimizi bura yönəldib aradakı fərqi qapadaq.


- Milli komandanın aparıcı üzvlərindən biri kimi Nikola Yürçeviçin təyinatı ilə bağlı nə düşünürsüz?
- Düzünü desəm, o məşqçi haqqında çox şey bilmirəm. Milli üzvlərindən kimsə onunla ünsiyyət qurmayıb. Yəqin ki, toplanışda məlum olacaq ki, o, necə məşqçidi, hansı futbolu tələb edir.


- Xorvatiya ilə Aç-2020 seçmə mərhələsinin ilk oyununa çox az vaxt qalıb. Premyer Liqada bir az fasilə verib, növbədənkənar milli komanda toplanışına ehtiyac varmı? Ən azından tanışlıq üçün...
- Bir tərəfdən yaxşıdı ki, oyundan qabaq məşqçi ilə çox vaxt keçirərik. Amma çempionatın qrafikinin dəyişməsi də yaxşı hal deyil.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest