"Qəbələ"nin kapitanı Cavid Hüseynov Premyer Liqanın XVII turunun "Qarabağ"la oyunundan sonra jurnalistlərə müsahibəsində matc.az saytının əməkdaşının da suallarını cavablandırıb.

- çox aqressiv və sərt oyundan sonra özünüzü necə hiss edirsiz? Yorulmusuz?
- Əlbəttə, yorulmuşuq. Mən də daxil olmaqla, bütün komanda çox əziyyət çəkdi. İstəyərdik ki, bunun bəhrəsini görək, amma alınmadı. Deyəcək söz yoxdu.

- Ceyms Adeniyi bəzi epizodlarda qapını görsə də, zərbə vurmurdu sanki. Bu, nə ilə əlaqədar idi?
- Başqa nəsə düşünmək istəmirəm. Komanda daxilində bu matçın təhlilini hələ aparmamışıq. Bilmirəm niyə belə edib, amma soruşub öyrənəcəyik.

- Sizcə, hesab matçın ədalətli nəticəsi idi?
- Ədalətli nəticə deyəndə ki, biz uduzmaq istəmirdik. Düşünürəm ki, heç-heçə daha yaxşı nəticə olardı. Bir az daha diqqətli olsaydıq, bunu da əldə edə bilərdik.

- Qışdan sonra özünə gələn "Qəbələ" yenidən məğlub oldu...
- İstəməzdik, amma "Qarabağ"a uduzmuşuq da, burda nə var ki? özünüz də necə mübarizə apardığımızı gördünüz.

- İkinci qolu çox tez buraxdınız. Nə baş verdi?
- Cavab qolundan bir dəqiqə sonra məyus olduq. Ani konsentrasiya itkisinin nəticəsi belə oldu. Bəlkə də ilk hissə bərabərliklə başa çatsaydı, ikinci hissə tamam fərqli ssenari olardı.

- Penalti epizodları haqqında nəsə deyə bilərsiniz?
- Nəsə desəm, yalan olar. Kənardan baxanlar daha yaxşı görür.

- Volkov sanki əvvəlki iki oyunda daha aktiv görünürdü. Bu dəfə kölgədə qalmışdı...
- Azərbaycana yeni gəlib, "Qarabağ"a qarşı da ilk oyunu idi. özünü göstərə bilmədi. Amma o demək deyil ki, oynaya bilmir.

- Əvvəlki illərdə çempionluq uğrunda mübarizə aparan "Qəbələ" var idi. Amma bu il sizi o mövqelərdə görə bilmirik...
- Biz heç də pis oynamırıq. Sadəcə, əvvəlki illərdə büdcə baxımından daha inamlı görünürdük. Amma hazırda büdcə aşağı olsa da, heç də zəif sayılmırıq.

- Büdcə əvvəlki illərlə müqayisədə çox azalıb?
- Kifayət qədər azalıb. Bu, mübarizə əzmimizə mane olmur, amma təsiri də az deyil.

- Millidə artıq yeni baş məşqçisi var, özünüzü milliyə hazır sayırsınız?
- Baş məşqçi bütün oyunları izləyir, kimi layiq bilsə, onu da çağıracaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest