Premyer Liqanın XVII turunda bürünc medala iddia edən "Səbail"lə "Sabah" üz-üzə gəlirdi. Hər iki komandanın ötən turda öz meydanında məğlub olması matçın gərginliyini bir qədər də artırırdı.

Tərəflər meydana bir itki ilə çıxmışdı. "Səbail"də sabiq "Sabah"lı Elvin Yunuszadə iştirak etmirdisə, qonaq komanda bombardiri Marko Deviçin xidmətindən məhrum idi. Bu itki debütantda futbolçuların yerdəyişməsinə də səbəb olmuşdu. Ukraynalı forvardı qarşılaşmada kapitan Cavid İmamverdiyev əvəz etməli idi. Bunun fonunda cəzasını başa vuran Təmkin Xəlilzadə ilə Məqsəd İsayev start heyətindəki yerlərini qaytarmışdılar.

ümumiyyətlə, komandalar fərqli taktiki düzülüşlə mübarizəyə başladılar. Aftandil Hacıyev 5-4-1 sisteminə üstünlük vermişdisə, Elşad Əhmədov yenidən 4-5-1-ə qayıtmışdı. Ev sahiblərində Vüqar Bəybalayev dayaq yarımmüdafiəçisi mövqeyindən müdafiənin mərkəzinə çəkilmişdi və üçlü mərkəz müdafiəni tamamlayırdı. Qonaqlarda isə rəqib hücuma keçən zaman Erik Ramos müdafiədəki oyunçuların sayını 5-ə çatdırırdı. Təbii ki, bu düzülüşlər bir növ formal xarakter daşıyırdı. çünki hər iki tərəf topla/topsuz fərqli sistemlərə keçirdi.

"Səbail"in yeni transferi Oke Akpovetanın debüt matçına çıxdığını da vurğulamaq lazımdı. Aftandil Hacıyevin komandasında hücumçu sarıdan elə bir problem yox idisə, Elşad Əhmədovun meydana buraxdığı "11-liy"in nə cinahlarında, nə də mərkəzində ön xətt oyunçusu var idi. Cavid İmamverdiyev istisna olmaqla, digər futbolçuların hamısında müdafiə gücü daha "ağır" gəlirdi. Bu da komandanın son ötürmə və zərbə zamanı çabalamasına gətirib çıxarırdı. Qonaqlar topa sahib olduğu dəqiqələrdə irəlidə çoxala bilmirdilər. Düzdü, ilk yarının böyük hissəsi "Sabah"ın üstünlüyü şəraitində keçir, top əsasən "Səbail"in cərimə meydançası həndəvərində görünürdü. Təmkin Xəlilzadə və Elgün Nəbiyev iki epizodda rəqib müdafiəsinə həyəcanlı anlar yaşatdı.

Getdikcə oyunda bərabərliyi təmin edən meydan sahiblərinin sağ cinahında 3 oyunçunun çıxış etməsi maraqlı gedişlərdən idi. Həmin cinahda Maudo Jarjue müdafiəçi, Kevin Kubemba isə vinger funksiyasını yerinə yetirirdisə, Fəhmin Muradbəyliyə bir növ sərbəstlik verilmişdi. Onun vəzifəsi top rəqibdə olarkən beşli müdafiənin sağ cinahını tutmaq, irəli çıxarkən isə həmin cinahdan hücumlara dəstək vermək idi. Bu üzdən "Səbail" həmlələrini əsasən bu cinahdan etməyə çalışırdı.

Aftandil Hacıyevin məhz bu seçimi qarşılaşmada həlledici oldu. İkinci hissədə üstünlüyə yiyələnən "Səbail"də Kubemba rəqibin cinah müdafiəçisini tez-tez özü ilə mərkəzə apararaq Fəhmin üçün boş dəhliz yaradırdı. Belə epizodların birində - 64-cü dəqiqədə bu gedişat hesabın açılmasına səbəb oldu. Ara ötürməsi zamanı özünü unutduran Fəhminin cərimə meydanına girməsi qolun başlanğıcı idi. Təbii ki, Vanderson Silvanın yanlış mövqe seçimi, həmçinin Muradbəylinin qapı önünə ötürməsindən sonra Məqsəd İsayevin topa uğursuz toxunuşu, həmçinin doğru yerdə olmaması qola öz "köməkliyini" göstərdi. ümumiyyətlə, Vanderson ikinci hissədə Fəhminin qarşısında aciz görünürdü. Hətta vəziyyət o həddə çatmışdı ki, ondan arxayın olan Kumebma sol cinaha çəkilərək, Ağabalaya kömək edirdi.

Komandasının hücum gücünün yetərsiz olduğunu görən Elşad Əhmədovun ön xətt oyunçuları Bəxtiyar Soltanov və Emil Qasımovu meydana buraxması da heç nəyi dəyişmədi. ümumiyyətlə, hər iki komandada əvəzləmələr zamanı futbolçuların meydandakı yerlərinin dəyişməsi də diqqətdən qaçmadı. Hesabda geridə olan debütant son dəqiqələrdə hücuma atılmağa məcbur idi. Amma qonaqların uzun ötürmələri heç bir nəticə vermədi və "Səbail" Ağabala Ramazanovun yeganə qolu sayəsində aktivinə 6 xal dəyərində qələbə yazdırdı.

P.S. Oyunla bağlı maraq doğuran əsas məqamlardan biri "Sabah"ın dəstəksiz qalması idi. Görünür, 6 aydı Premyer Liqada çıxış edən çempionatın debütantı hələlik 1 nəfər də olsun azarkeş qazana bilməyib. Belə olmasaydı, Bakıda keçirilən görüşə paytaxt klubuna dəstək verən kimsə gedərdi. Hər halda, Qəbələdən Bakıya azarkeşlər gəlirsə, bunun fonunda "Sabah"ın hətta paytaxtdakı matçını izləmək Masazır sakinlərinə maraqlı deyilsə, deməli, klub başbilənləri qəsəbə sakinləri ilə "dil" tapa bilməyib.Yoxsa, rəhbərliyə şirin vəd verməyə nə var ki?

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest