"Sabah" ard-arda məğlubiyyətlər aldıqca, baş məşqçi Elşad Əhmədov hər dəfə yeni günahkar axtarışına çıxır. Hesabat turunda "Səbail"dən alınan 0:1 hesablı məğlubiyyətdən sonra da belə oldu. Debütantın məşqçisi yenilgini hücumçusuz oynadıqlarına bağladı, dolayısı ilə son görüşlərdə uğursuzluqlara görə rəhbərliyi nişan verdi.

Bəlkə də bu, açıqlamalarının birində "biz öz üzərimizə düşəni eləmişik, indi iş artıq meydandakılara qalıb" deyən Emin Abbasova bir cavab idi, bəlkə də deyildi. Amma ölkə kuboku da daxil olmaqla, son 10 qarşılaşmada cəmi 1 qələbə qazanan və bunun müqabilində 8 məğlubiyyət alan komandanın məşqçisi hər şeydən əvvəl günahı özündə görməlidi. Hamıdan əvvəl, yanvarın 2-dən təlim-məşq toplanışına yollanmış komandanın çalışdırıcısı ona hücumçu lazım olduğunu bilmirdimi?

Bütün toplanış zamanı təkcə intizamsız Marko Deviçə ümid olub, arxayın şəkildə gözləyən Əhmədov serbiyalının cəza və ya zədə səbəbindən olmayacağı təqdirdə nə edəcəyini düşünməmişdimi?

Azad agent statuslu futbolçu axtarışı üçün xeyli gecikməmisinizmi, cənab Əhmədov?

özü yıxılan ağlamaz, cənab baş məşqçi.

Deyəsən, toplanışı məğlubiyyətsiz başa vurmaq sizdə eyforiya yaratmış, yalançı uğurdan başınız gicəllənmişdi. İntizamsızlıqdan əziyyət çəkən komandanızla Premyer Liqada bundan artıq nə "qazanacağınızı" düşünürdüz axı?

Doğrudu, siz hər fürsətdə bunun əksini iddia etsəniz də, gəlin, faktlara bir də nəzər salaq:

- Bir futbolçunuz matçın ilk 25 dəqiqəsində iki dəfə sarı vərəqə alaraq (birində taekvondo fəndi işlətdiyi üçün) "qırmızı" ilə kənarda qalır, deyirsiniz ki, komandamda nizam-intizam qaydasındadı.

- Başqa futbolçunuz peşəkar oyundan çıxıb bərpa prosesi keçmək, dincəlmək, əzələlərini dincə qoymaq əvəzinə həvəskarların çempionatına qaçır, özünü riskə atır, siz hələ də iddia edirsiniz ki, komandamda hər şey yolundadı, dəmir kimi nizam yaratmışam.

- Digər futbolçunuz, ən çox ümid bəslədiyiniz legioneriniz 45 dəqiqə ərzində iki dəfə (!) hakimi aldatmağa cəhd göstərir, həm referiyə, həm rəqib komandaya, həm də öz komanda yoldaşlarına hörmətsizlik edir, hər iki halda da qarşısında layiq olduğu sarı vərəqəni görür, oyundan qovularaq komandasını çətin vəziyyətdə qoyur, siz sözünüzdən dönmürsünüz ki, "yox ee, nə danışırsız, mənim komandamda intizamsız ola bilməz".

- Həm rəqibin, həm də komanda yoldaşlarının əməyini oğurlamağa, haqqına girməyə cəhd etdiyi üçün onu cəzalandırmaq əvəzinə, tərifləyib yerə-göyə sığışdıra bilmirsiniz, sizin komandada olmağını qürurverici adlandırırsınız.

- Komandanızın kapitanı, bütün bu kimi hallarda kollektivdə nizam-intizam yaratmaqda ən əsas koməkçiniz olmalı adam komanda yoldaşının səhvini demək əvəzinə, hakimlə mübahisə edir, üstəlik, "əgər haqsız olsan belə, yenə də hakimə etiraz etmək lazımdı" kimi absurd fikir irəli sürür.

Elşad bəy, deyə bilərsinizmi, komandada intizamsızlıq necə olur? Siz nizam-intizamın pozulması deyəndə, nəyi nəzərdə tutursunuz? Gərək komanda daxilində hamı bir-birinə girsin, dava-dalaş, münaqişə olsun ki, o zaman intizam pozulmasından danışaq?

Bəlkə o də var, hə, Elşad müəllim? çox keçməz, çıxar onun da qoxusu. Sizə isə acizanə tövsiyə verim, əgər komandanı idarə etməyi bacarmırsınızsa, bacardığınız işlə məşğul olun...

Zaur XUDİYEV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest