1999-cu il doğumlu futbolçu hələ də klubsuzdu. Buna səbəb isə "Qarabağ"la 2021-ci ilə qədər davam edən müqaviləsinin olmasıdı. Yəni Dedanı heyətində görmək istəyən klub ilk növbədə təmsilçimizə müraciət etməlidi. Di gəl ki, indiyə qədər bu yöndə hansısa yenilik yoxdu.

"Qarabağ"ın U-19 komandasının 2016/17 mövsümünü qızıl medallarla başa vurmasına, ardınca əsas komandanın çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasına ən çox sevinən Rəşad Sadıqov və yetirmələri idi. Komandanın o vaxtkı baş məşqçisi olan "Qarabağ"ın hazırkı kapitanının rəhbərlik etdiyi kollektiv seçmə mərhələ oyunları oynamadan birbaşa qrupda iştirak etmək şansı qazanmışdı.

Qrupdakı rəqiblər isə "çelsi", "Atletiko" və "Roma"nın eyni yaş qrupundan olan komandaları idi. Ağdamlılar bütün oyunları məğlub başa vursalar da, səfərdə "Atletiko" üzərində qazanılan 1:0 hesablı qələbə indiyə qədər yaddaşlardadı. Həmin komandanın heyətində aparıcı oyunçu, kollektivin "vuran ayağı" Yaroslav Deda sayılırdı. Madriddə "Atletiko"nun qapısına vurulan yeganə qolun müəllifi olan ukraynalı bu komandanı Bakıda da məyus etməyi bacarmışdı. Daha bir dəfə isə "çelsi" ilə Bakıdakı görüşdə fərqlənməyə imkan tapmışdı.

Dedanın futbolçu bacarığı və məhsuldarlığı təkcə əsas komandanın baş məşqçisi Qurban Qurbanovun yox, U-21-in məşqçilər heyətinin də diqqətini çəkmişdi. Hətta onun yaxın gələcəkdə əsas millinin aparıcı fiqurlarından birinə çevriləcəyi güman olunurdu. Lakin sonradan nə baş verdisə, "Qarabağ" bu futbolçu ilə yolları ayırmaq qərarına gəldi. çox güman, xarakterindəki nöqsanlar və özündən razılığı Qurbanovun ürəyincə deyildi.

üstündən xeyli vaxt keçsə də, 1999-cu il doğumlu futbolçu hələ də klubsuzdu. Buna səbəb isə "Qarabağ"la 2021-ci ilə qədər davam edən müqaviləsinin olmasıdı. Yəni Dedanı heyətində görmək istəyən klub ilk növbədə təmsilçimizə müraciət etməlidi. Di gəl ki, indiyə qədər bu yöndə hansısa yenilik yoxdu. Məsələni diqqət mərkəzində saxladığımızdan, "Qarabağ"ın Futbol Akademiyasının meneceri Fərid Ağayevlə əlaqə saxladıq: "Deda hazırda Antalyada toplanış keçən "Karpatı"nın düşərgəsində baxışdadı. Məşqçilər heyəti futbolçunu komandada görməkdə maraqlıdı. Və çox güman, onunla müqavilə bağlanacaq. Hələ ki qarşı tərəfdən bizə rəsmi müraciət olmayıb. Dediklərinə görə, klub rəhbərliyi də Antalyada olduğundan, sənədləşmə işlərində durğunluq yaranıb. "Karpatı" bizə müraciət edəndən və keçidin detalları müzakirə olunandan sonra transfer vərəqini göndərəcəyik. Təbii ki, keçid pulsuz başa gəlməyəcək. Buna görə Ukrayna klubundan müəyyən məbləğ alacağıq. çünki Dedanı "Qarabağ"a gətirəndə klub rəhbərliyi ona görə "Volın"a müəyyən vəsait ödəmişdi. Hələ ki gözləyirik. Yaxın günlərdə dəqiq məlumat olacaq".

Maraq üçün qeyd edək ki, Yaroslav "Qarabağ"a gələnə qədər "Volın"ın sıralarındaydı. 17-18 yaşı olmasına baxmayaraq, Lutsk təmsilçisinin heyətində elitada 11 oyuna çıxıb, meydanda 453 dəqiqə görünmüşdü. Buna qədər isə Ukraynanın U-16 və U-17 yığmalarının şərəfini qorumuşdu ("Futbol+").

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest