İtaliyanın "Torino" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Turin təmsilçisi Niderlandın "Ayaks" klubunun müdafiəçisi Perr Sxursu transfer edib.
 
Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Lakin İtaliya mətbuatı "Torino"nun bu keçidə görə "Ayaks"a 9 milyon avro ödəyəcəyini yazıb.
 
Perr Sxurs Niderlandın "Fortuna Sittard" klubunun yetirməsidir. Niderlanddan olan mərkəz müdafiəçisi 2018-ci ildən "Ayaks"da çıxış edirdi. O, bu komandanın heyətində 95 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə edib.
 
"Torino" hücumçusu Vinçentso Milliko ilə də yollarını ayırıb. Turin klubu 22 yaşlı forvardı "Kalyari"yə satıb. Lakin transferin detalları açıqlanmayıb. İtaliyalı futbolçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb.
 
Vinçentso Milliko "Yuventus"un yetirməsi olsa da, peşəkar karyerasına Turinin digər təmsilçisində başlayıb. O, "Torino"da cəmi 21 oyuna çıxıb və 1 qol vurub. İtaliyanın aşağı yaş qruplarında oynamış futbolçu icarə əsasında "Frozinone" və "Kozensa"da da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest