Sabah qadınlardan ibarət yığma komandalar arasında AVRO-2021-in seçmə qrup mərhələsinin püşkü atılacaq. Matc.az saytının məlumatına görə, püşkatma mərasimi UEFA-nın İsveçrə şəhərindəki mənzil-qərargahında baş tutacaq.

Bakı vaxtı ilə 16:30-da start götürəcək mərasimə rekord sayda - 47 komandanın nümayəndəsi qatılacaq. Kipr və Kosovonun qadınlardan ibarət yığması ilk dəfə mötəbər turnirə qatılacaqsa, Azərbaycan millisi 2009-cu ildən sonra Avropa çempionatına dönüşünü qeyd edəcək.

Komandaların yer aldığı səbətlər də artıq bəllidi. Final mərhələsinə ev sahibliyi edəcək İngiltərə istisna olmaqla, digər yığmalar qruplara bölünəcək. Yığmamız püşkatma zamanı sonuncu - 5-ci səbətdə qərarlaşacaq.

Komandalar 9 qrupa bölünəcək ki, bunların ikisində 6, yeddisində isə 5 yığma mübarizə aparacaq. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən Kosovo yığması nə Bosniya və Herseqovina, nə də Serbiya ilə eyni qrupa düşə bilər.

Seçmə qrup mərhələsində mübarizə avqustun 26-da start götürəcək və gələn il sentyabrın 22-dək davam edəcək.

 

1-ci səbət: Fransa, Almaniya, Hollandiya, İspaniya, İsveç, Norveç, İsveçrə, Şotlandiya, İtaliya

2-ci səbət: Avstriya, Danimarka, İslandiya, Belçika, Rusiya, Uels, Ukrayna, Finlandiya, çexiya

3-cü səbət: Portuqaliya, İrlandiya, Polşa, Rumıniya, Serbiya, Sloveniya, Macarıstan, Bosniya və Herseqovina, Belarus

4-cü səbət: Türkiyə, Slovakiya, Xorvatiya, Şimali İrlandiya, Yunanıstan, İsrail, Qazaxıstan, Albaniya, Moldova

5-ci səbət: Farer adaları, Malta, Makedoniya, Estoniya, Monteneqro, Gürcüstan, Latviya, Litva, Azərbaycan, Kipr, Kosovo.

 

Qrup qalibləri və ikinci yerlər arasında ən yaxşı nəticə göstərən 3 komanda final mərhələsinə vəsiqə qazanacaq. İkinci yeri tutan digər 6 komanda arasında isə pley-off oyunları keçiriləcək. Seçmə qrup mərhələsinin matçları 26 avqust-3 sentyabr, 30 sentyabr-8 oktyabr, 4-12 noyabr, 2-11 mart 2020, 6-14 aprel, 1-9 iyun və 14-22 sentyabr tarixlərində oynanılacaq. Gələn il oktyabrın 19-da və 27-də pley-off mərhələsinin görüşləri baş tutacaq. Final mərhələsinin püşkatma mərasimi 2020-ci ilin sonlarında, oyunlar isə 2021-ci ilin iyul ayında İngiltərədə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest