"Sumqayıt" klubunun prezidenti Riad Rəfiyevin müsahibəsi

- Gələn ay klub prezidenti kimi fəaliyyətə başlamağınızın bir ili tamamlanacaq. ötən müddətdəki işinizi necə dəyərləndirirsiniz?

- Fikrimcə, hələlik işlər qənaətbəxşdir. Klubda xeyli iş görülüb. Uşaq futbolunun da inkişafı istiqamətində müəyyən addımlar atılıb. İnfrastruktur məsələlərinin də həllinə çalışmışıq. Kluba yeni sponsorlar cəlb etmişik ki, bu da əlavə maliyyə deməkdir. İdman tərəfinə də toxunsaq, komandamız Premyer Liqada yüksək yerlər uğrunda mübarizəni davam etdirir, Azərbaycan Kubokunda isə yarımfinaldayıq.

- Komandanız Premyer Liqada yaxşı vəziyyətdə deyil. Ardıcıl 3 oyunda eyni sayda məğlubiyyət almısınız. Növbəti tur "Zirə" ilə qarşılaşacaqsınız. Bu matça dönüş nöqtəsi kimi baxırsınız?

- Əlbəttə, ümid edirik ki, bu oyun dönüş nöqtəsi olacaq. çempionatın ikinci hissəsində ardıcıl üç matçda məğlubiyyətlə üzləşmişik. Bu, heç də xoş deyil. Amma qrafikimiz də çox çətin idi. İlk oyun "Qəbələ" ilə səfərdə oldu. Sonra ölkə çempionu "Qarabağ"la qarşılaşdıq. Daha sonra "Keşlə" ilə çox ağır süni meydanda oynadıq. Ən pis qrafik bəlkə də bizdə idi. Ən çox da bundan qorxurduq.

- Baş məşqçiniz Ayxan Abbasov "Keşlə"yə məğlubiyyətdən sonra mətbuat konfransında sərt danışıb. Bildirib ki, komandada bəzi şeylər dəyişməlidir. Abbasov bunu deyərkən nəyi nəzərdə tuturdu?

- O, sadəcə görüşdən sonra çox kədərlənmişdi. çünki həmin oyunda uduzmaq istəmirdik. Qarşılaşmaya çox yaxşı hazırlaşmışdıq. Son dəqiqədə penaltidən buraxdığımız qol planlarımızı pozdu. Ona görə də Abbasov belə fikirlər səsləndirib. çox kədərləndiyi üçün belə söz deməsi normaldır. Bütün klublarda olduğu kimi bizdə də çatışmayan məqamlar var. Düzü, bu, bir dənə deyil və normal haldır. Hər bir klubda problemlər olur. Böyük klublarda da çatışmayan nöqsanlar var. Onları da zamanla aradan qaldıracağıq.

- "Zirə"yə də məğlub olsanız, Ayxan Abbasov istefa verəcəkmi?

- Xeyr, belə bir söhbət yoxdur. Ona tam olaraq güvənir və inanırıq. Bu barədə danışmaq belə istəmirik.

- Komandanın çempionatda işi yaxşı getmir. Əsas gücü kuboka verib avrokuboklara vəsiqəni düşünmək düzgün olmazdımı?

- Xeyr. Komandamız hazırda hər iki cəbhədə - həm çempionatda, həm də kubokda mübarizə aparır. çempionat oyunlarına zəif motivasiya ilə çıxmağımız mümkün deyil. Biz hər iki cəbhədə ən yüksək motivasiya ilə mübarizəmizi davam etdirəcəyik.

- Sonuncu yeri tutub Premyer Liqa ilə vidalaşmaqdan qorxmursunuz?

- Bu barədə fikirləşmirik. çünki məqsədimiz hər oyunda meydana qalibiyyət üçün çıxmaqdır.

- "Sumqayıt"ın transfer siyasəti barədə də fikirləriniz maraqlıdır: Komandaya başqa ölkələrdən futbolçular gətirilsə də, hamısı azərbaycanlı kimi təqdim olunur. ümumiyyətlə, kluba nə vaxtsa legioner cəlb olunacaqmı?

- "Sumqayıt"ın strategiyası ilk gündən bəllidir. Komandada Azərbaycanla bağlılığı olan oyunçular çıxış edə bilər. Hazırda bu yöndə heç bir dəyişiklik yoxdur, bu strategiya ilə gedirik. Komandamızda Azərbaycanla bağlılığı olan oyunçular yer alıb. Bizdə Azərbaycana bağlılığı olmayan legioner futbolçu yoxdur. Oyunçu var ki, əslən azərbaycanlıdır, amma Azərbaycan pasportu yoxdur. Bu da normaldır. Burada qeyri-qanuni bir şey yoxdur. Onu Azərbaycanla bağlılığı olduğuna görə komandaya cəlb eləmişik.

- Məsələn, Atilla Yıldırımın Azərbaycanla nə bağlılığı ola bilər?

- Atillanı araşdıra bilərsiniz. Onun valideynləri İğdır şəhərindəndirlər. Oranın isə əhalisinin 90 faizi azərbaycanlılardır.

- Futbolçunuz Əli Babayevin azərbaycanlı polisləri ələ salan açıqlamasından xəbərdarsınız?

- Xəbərimiz var. Fikrimcə, Babayev səhv edib belə açıqlama verib və bu cür söz işlədib. Amma yenə də onu pis mənada işlətməyib, azərbaycanlı polislərin yaxşı tərəfini göstərmək üçün deyib. Sadəcə, bəzi jurnalistlər bunu başqa cür yazıblar. Anlaşılmayan situasiya yaranıb. Əli Babayevlə bu barədə ciddi söhbət etmişik. özü də səhvini başa düşüb və üzr istəyib. Belə eləməməli olduğunu başa düşüb.

- Belə bir iddia var ki, Azərbaycan üçün futbolçuların milliləşdirilməsi məsələsinə Riad Rəfiyev baxır...

- Bunların hardan və nəyə görə çıxdığını bilmirəm. Bəli, milli komandada işlədiyim vaxt həm də xaricdə yaşayan azərbaycanlı futbolçular üzrə baş kordinator vəzifəsini də yerinə yetirirdim. Həmin oyunçularla sıx əlaqədə olurdum. Xaricdən neçə azərbaycanlı futbolçu milliyə gəlibsə, onların bizim millini seçmələrində mənim də hansısa vasitəçi kimi rolum olub. Bu, federasiyadakı vəzifələrimdən biri idi.

- Rusiyada çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyevlə də əlaqəniz var?

- Onunla federasiyada çalışanda çox sıx əlaqədə olmuşam. Demək olar ki, ayda bir dəfə danışmışıq. çox yaxşı ünsiyyətimiz var.

- Hazırda əlaqəniz varmı?

- Bəli, dostluq əlaqələrimiz də var. Onunla dost kimi də tez-tez söhbət edirik.

- Sizə Azərbaycan millisində oynamaq istədiyini deyib?

- Hamımız istərdik ki, Ayaz bizim millidə oynasın. Sadəcə, bu, bir az çətin məsələdir. Ayaz hazırda Azərbaycan millisini seçsə, qonşu ölkədə legioner hesab olunacaq. çünki Rusiya Premyer Liqasının reqlamenti belədir. Onun üçün çox ağır seçimdir. Bilirəm ki, özü Azərbaycan millisində oynamaq istəyir. Vətəninə bağlı oğlandır, Azərbaycanı çox sevir. Sadəcə reqlamentə görə, hazırda hansısa tələsik cavab verə bilməz. Bu da normaldır və anlayışla qəbul etmək lazımdır.

- Qarşıdakı seçmə mərhələ üçün Rusiya millisindən təklif gəlsə necə?

- Seçim bizim yox, onundur. Bilirəm ki, AFFA Quliyevə millidə oynamaq təklifini ünvanlayıb. Bir neçə dəfə - həm Robert Prosineçkinin, həm də Qurban Qurbanovun vaxtında dəvət olunub. Amma yenə deyirəm ki, seçim onundur. Qərarı özü qəbul etməlidir.

Mənbə: Sportnet.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest