Azərbaycan millisi tarixinin ən böyük uğursuzluqlarından birinə uğrayıb. Matç.az saytı xəbər verir ki, yığmamız Millətlər Liqasının IV turunda Malta ilə ev oyununda xal itirib.

1:1 hesablı heç-heçənin qeydə alındığı görüşdəki rəqib komanda FİFA reytinqində 183-cü pillədədi. Bir sözlə, Qurban Qurbanovun yetirmələri Planetin 183-cü komandasını rəsmi matçda yenə bilməyib.

Rəqibin gücünü – FİFA reytinqini nəzərə alsaq, Bakı Olimpiya Stadionundakı görüş rəqibin səviyyəsinə, reytinqinə görə tarixdə 2-ci ən böyük fiaskodu. Yalnız bir dəfə daha aşağı reytinqli komanda rəsmi oyunda millimizdən xal alıb.

Amma elə həmin komanda da Malta olub. Ada təmsilçisi ötən ay dünyanın 184-cüsü olduğu vaxt yığmamızdan Ta-Qalidə də xal qoparmışdı – 1:1.

Düzdü, millinin tarixində Vaduts biabırçılığı da var. 1998-ci ildə AVRO-2000-in seçmə oyununda Lixtenşteynə uduzmuşuq – 1:2. Amma həmin "cırtdan" indiki "cırtdan"la müqayisədə daha reytinqli olub. Həmin vaxt rəqibimiz dünyanın 165-cisi idi. İndiki Maltadan 18 pillə güclü.

ümumiyyətlə FİFA reytinqinin zirzəmisində - 151-ci və daha aşağı pillələrdə qərarlaşanlar 5 dəfə millimizi büdrədib. Ən böyük üç fiaskodan başqa daha iki uğursuzluğumuz diqqət çəkir. 2015-ci ildə elə həmin Malta dünyanın 160-cısı olsa da, 2:2 hesablı heç-heçəyə imza atıb. 2013-cü ildə isə səfərdə Lüksemburqu yenə bilməmək faciə idi. Həmin anda rəqib planetin 151-cisi sayılırdı.

"Zirzəmi"dəkilərə qalib gələ bilmədiyimiz 5 oyundan 4-ü səfərdə olmuşdu. Bu dəfə yığmamız evdə büdrədi. İlk dəfə azarkeşlərimiz bu fiaskonun canlı şahidi oldu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest