"çətin oyunun olacağını bilirdik. "Neftçi" liderliyə öz oyunu ilə layiq komandadır. Bizimlə matçda da demək olar ki, bizdən üstün çıxış etdilər. Amma futbolda belə hallar çox olur. Oyunun alınmasa da, sonda qalib gələ bilirsən. Bu gün də belə oyunlardan oldu". Matc.az xəbər verir ki, bunu "Səbail"in kapitanı Rahid Əmirquliyev səfərdə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. 30 yaşlı yarımmüdafiəçi lider üzərində qələbəni rəqibin oyununu ciddi analiz etmələri və əks-hücum taktikası seçmələri ilə əlaqələndirib: "İlk qoldan sonra istər-istəməz müdafiədə oturmalı olduq. Ardından ikinci qolu da vurduq. Bundan sonra da meydanda üstünlüyü rəqibə verərək, tam əks-hücum taktikasını seçdik. Müdafiədə isə çox sıx oynadığımız üçün rəqibin təhlükəli hücumlar yaratmasına imkan vermədik".

Əmirquliyev Premyer Liqanın II dövrəsində "Neftçi"yə 0:4 hesablı məğlubiyyətin də bu görüşə köklənməkdə yardımçı olduğunu vurğulayıb: "Əlbəttə, belə şeylər yaddan çıxmır. Bu hesabı unutmaq olmaz. Həm bu amil, həm liderə qarşı oynamağımız, həm də əsas rəqiblərimiz "Qarabağ" və "Qəbələ"nin xal itkiləri bizi qələbəyə sövq etdi".

Təcrübəli futbolçu bu qələbə sayəsində avrokubok şanslarının yüksəldiyini "Açığı, avrokuboklara vəsiqə qazanacağımıza kimin inanıb-inanmadığını deyə bilmərəm. Əsas odur ki, biz özümüzə güvənirik. İstəyirik ki, çempionatı ən azı 3-cü yerdə bitirək. Kiməsə nəyisə sübut etmək istəmirik. Göstərmək istəyirik ki, Avropa Liqasında oynaya bilərik. Hər kəsin şəxsi fikri var və buna hörmətlə yanaşırıq".

Əmirquliyev "Səbail"in texniki qələbələr sayəsində 3-cü pilləyə yüksəldiyinə dair fikirlərə isə belə şərh edib: "Biz belə şeylərə fikir vermirik. Futbolçuların işi meydana çıxıb, layiqli oynayaraq, xal qazanmaqdır. Hər kəsin öz fikri var və buna hörmətlə yanaşırıq. Bəlkə də klub təzə yaranıb və inam yoxdur. çalışacağıq ki, bu il avrokuboklarda çıxış edək və inam yaransın".

"Səbail"in futbolçusu "Neftçi" üzərində qələbə sayəsində "Qarabağ"ın şərikli lider kimi qalmasına kömək etdikləri fikri ilə razılaşmayıb: "Biz bunu düşünmürdük. "Qarabağ" özü dünən xal itirmişdi. Əsas məqsədimiz 3 xal qazanaraq, rəqiblərimizdən aralanmaq idi. Artıq 4-cü pillədəki "Qəbələ"dən 6 xal öndəyik. 3 xaldansa 6 xal irəlidə olmaq daha yaxşıdır. Amma unutmayaq ki, irəlidə çox oyun var. Növbəti tur "Sumqayıt"ı qəbul edəcəyik və sonra Qəbələyə yollanacağıq. Ona görə də arxayınlaşmaq olmaz. Hər oyuna 3 xal üçün çıxmalıyıq ki, yerimizi daha da rahatlayaq. 3-cü pillədə yer alacağımızı mövsümün əvvəllərində desəydik, bəlkə də buna heç kəs inanmazdı. Komandamıza yaxşı futbolçular qoşuldular. çempionatda "Qarabağ"la "Neftçi" istisna olmaqla, digər komandaların səviyyələri bərabərdir. Ona görə də 3-cü yeri tutmağa inam var idi".

Əmirquliyev sonda Nikola Yurçeviçin Azərbaycan yığmasına baş məşqçi təyinatını da şərh edib: "Belə qərarları AFFA verir. Yəqin ki, analiz aparıblar, nə isə var ki, onu gətiriblər. Bizə yeni baş məşqçi ilə yaxşı nəticələr göstərəcəyimizə ümid etmək qalır. Ona uğurlar arzulayıram. İlk sınağımız səfərdə Xorvatiyaya qarşı olacaq. Təbii ki, görüşün favoriti Xorvatiyadır. Bu gün "Neftçi" favorit idi, lakin qalib gələn biz olduq. Düzdür, "Neftçi" Xorvatiya deyil. Amma futbolda hər şey mümkündür. Meydana çıxaraq sonadək vuruşmaq lazımdır".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest