"Bizim öz hədəflərimiz var. Gəlin, xalları mövsümün sonunda hesablayaq. Biz hər zaman qarşıdakı oyuna hazırlaşırıq. Hər şey mövsümün sonunda bilinəcək"

"Qalib gəldiyimiz üçün hamımız razıyıq. Ağır oyun oldu. Başa düşürdük ki, rəqib matçın favoriti idi. Ancaq favorit görüşdən əvvəl olur. Hamı meydana girəndə hesab 0:0, şərtlər də eyni olur. Bu gün yaxşı müdafiə olunduq, oyunumuzu əks-hücumlardan quraraq qələbə qazandıq".

Matc.az saytının məlumatına görə, bunu "Səbail"in qapıçısı Aleksandr Rıbka Azərbaycan Premyer Liqasının XVIII turunda "Neftçi" üzərində qazanılan qələbəni (2:1) dəyərləndirərkən deyib.

Ukraynalı qolkiper daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Matçdan əvvəl də qələbə qazanacağınızı düşünürdünüz?

- Bir daha təkrar edirəm, oyun başlayanda hesab 0:0 olur və ondan sonra hər şey gözləmək olar. Ukraynada kiçik komandada oynadığım zaman iki dəfə "Şaxtyor"a qalib gəlmişik. Həmçinin "Dinamo" ilə bir dəfə heç-heçə edib, bir dəfə də qələbə qazanmışıq. Bizim kimi kiçik komandalar inkişaf edir. Bu cür xallar bizim üçün çox dəyərlidi.

- Oyundan sonra "Neftçi" azarkeşləri ilə aranızda problemin yaranmışdı...

- Onlar mənə tüpürdülər, təhqir etdilər. Mənim heç bir problemim yoxdu.

- Onlara əllə hesabı göstərirdiniz?

- Xeyr, belə bir şey etmədim.

- "Səbail" hazırda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Avrokuboklara vəsiqə qazana biləcəksinizmi?

- Bizim öz hədəflərimiz var. Gəlin, xalları mövsümün sonunda hesablayaq. Biz hər zaman qarşıdakı oyuna hazırlaşırıq. Hər şey mövsümün sonunda bilinəcək. Məqsədimiz hər oyunda müsbət nəticə əldə etməkdi. Növbəti matçda da qələbə qazanmağa çalışacağıq.

- Ukrayna yığmasında Kiyev "Dinamo"sunda oynamısınız. Təcrübəli futbolçu kimi, Azərbaycan çempionatında özünüzü necə hiss edirsiniz?

- Bura öyrəşməyə çox vaxt lazım olmadı. Bəlkə də, bu, təcrübəmdən qaynaqlanır. Yaxşı çempionatdı. Açığı, bura gələnə qədər Azərbaycan çempionatını izləmirdim. Amma bura gəldiyim üçün şadam.

- Oyunlara çox az azarkeşin gəlməsi sizi həvəsdən salmır?

- Nə deyəcəyimi bilmirəm. çox istərdim ki, oyunlarda stadionun heç olmasa, yarısı dolsun. Amma bu, bizdən asılı deyil. Əgər insanlar futbolu sevirlərsə, gəlirlər, onlara maraqlı deyilsə... Bizim işimiz meydana çıxıb yaxşı nəticə qazanmaqdı.

- "Neftçi" ilə "Qarabağ" arasında çempionluq mübarizəsi gedir. Hansı komandanı şanslı sayırsınız?

- "Neftçi"də dostum Kiril Petrov çıxış edir. Bu üzdən "Neftçi"nin çempion olmasını istərdim.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest