10 Oktyabr 2022, 14:02
FUTBOL
"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams İngiltərədə striptiz şouları ilə məşhur verilişin qonağı olub. Matc.az xəbər verir ki, bu gün 56 yaşı tamam olan ingilis mütəxəssis tərəf müqabili Katya Consla birgə seksual striptiz şou nümayiş etdirib.
Adamsla Consun performansı o qədər uğurlu alınmasa da, tamaşaçılar səsvermə yolu ilə onun şouda qalmasına nail olublar. Onlar mümkün 40 baldan cəmi 18-ni toplaya biliblər. Əfsanəvi futbolçunun tamaşaçılar qarşısında soyunması və bədənini nümayiş etdirməsini bəyənənlər çox olsa da, onu buna görə tənqid edənlər də tapılıb.
Xatırladaq ki, London "Arsenal"ında və İngiltərə yığmasındakı çıxışı ilə məşhur olan Toni Adams 2010-2011-ci illər aralığında "Qəbələ"də baş məşqçi olub, daha sonra bu klubda müxtəlif vəzifələrdə çalışıb. Son olaraq, 2017-ci ildə "Qranada"ya rəhbərlik etmiş Adams, həmin dövrdən bəri işsizdir.
Bir müddət alkoqol aludəçisi olan Adams qalmaqallı hərəkətləri ilə diqqət çəkib. Onun "Arsenal"da oynayarkən sərxoş halda küçədə yıxılması nəticəsində kəllə-beyin travması alması və başına 30 tikiş qoyulması İngiltərədə tez-tez xatırlanan hadisədir.
O, zaman-zaman Azərbaycandakı macəralarını Britaniya mətbuatı ilə bölüşüb. "Mən özümə qarşı isti münasibət hiss etdim. Xüsusən, gözəl dağ mənzərələri olan Qəbələ ilə Bakı arasındakı təzad məni cəlb etdi" – deyə Adams müsahibələrindən birində demişdi. "Guardian" qəzetinin məlumatına görə, Adamsı həvəsləndirən əsas səbəb ona ildə ödəniləcək 1 milyon funt sterlinq maaş idi.
"İlk matça gələndə ətrafda hər yer it nəcisi ilə dolu idi. Stadionun işçisindən meydançanı təmizləməsini xahiş edəndə, həmin nəcisləri tullanma yarışları üçün nəzərdə tutulan qum meydançasına atdı. Bir dəfə isə məşq edən zaman bazamızın ərazisində inək peyda oldu və meydançanın ortasını murdarladı" – deyə Adams "Daily Mail" qəzetinə müsahibəsində deyir.
Həyatı boyu alkoqolizmdən əziyyət çəkən Adams Azərbaycan çayını sevmişdi: "Ancaq çay içirəm. Burada (Azərbaycan) çay da əladır".
Yeri gəlmişkən, britaniyalı jurnalistlər Toni Adamsı "uzunqulaq" ləqəbi ilə çağırırlar. Bu ləqəb ona 1988-ci il Avropa çempionatında Marko Van Basten het-trik etdikdən sonra verilmişdi. Amma ingilis mütəxəssis bu ləqəbdən incimir: "Bu heyvanlar məndə mənfi hiss oyatmır. Əksinə, onlar zəhmətkeş, tərs və xoşməramlıdır. Mənim kimi".