"Mən hələ "Qarabağ"la 6 xallıq fərq olarkən demişdim ki, "Neftçi" çempion olmayacaq". Matc.az xəbər verir ki, bu sözləri "Karvan", "Xəzər Lənkəran" və "Kəpəz"in sabiq baş məşqçisi Yunis Hüseynov deyib.
 
Bu mövsüm çempionluq uğrunda yarışan "Qarabağ" və "Neftçi"nin şanslarını dəyərləndirən təcrübəli mütəxəssis Ağdam klubunun 1 addım öndə olduğunu söyləyib:
 
"Sözlərim səhv başa düşülməsin. Bu, o demək deyil ki, mən "Neftçi"nin çempion olmasını istəmirəm. Əksinə, 15 il bu komandanın formasını geyinmişəm. Mövsümün sonunda onların qalib gəlməsini arzu edirəm. Ancaq sərgilədikləri oyun çempionluğa layiq deyil. Bu da komandanın qeyri-sabit çıxışı ilə bağlıdı. "Neftçi" qapanan müdafiəni yarmaqda çətinlik çəkir. "Səbail"lə oyunda da bunun şahidi olduq. Problem komandadakı legionerlərin fərdi ustalığının aşağı olmasındadı. "Qarabağ"ın "Sabah"la görüşünü də izlədim. Ağdam klubu oyun baxımından daha yaxşı təsir bağışlayır. Komandanın ölkə çempionu olmaq üçün lazımı potensialı var".
 
"Neftçi"nin kapitanı Emin Mahmudov Rusiya mətbuatına müsahibəsində öz komandası və "Qarabağ"ın qonşu ölkə çempionatında ikinci 8-likdə mübarizə apara biləcəyini söyləyib. Eminin fikirlərinə münasibət bildirən Hüseynov onunla razılaşmadığını deyib: "Emin öz komandasının adından danışsa, daha yaxşı olardı. çünki "Qarabağ" bu gün Rusiya Premyer Liqasında ilk 8-likdə asanlıqla oynaya, iddialı klublarla başabaş mübarizə apara bilər. Hə, amma "Neftçi", Mahmudovun da dediyi kimi, ikinci 8-likdə olar. Komandanın göstərdiyi oyun bunu deməyə əsas verir. Bilmirəm, bəlkə də rus jurnalist ona belə bir sual verib. Ancaq istənilən halda mən bunu düzgün qiymətləndirmirəm". (qol.az)
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest