Mini Futbol Liqasında (MFL) biabırçı hadisə baş verib. Matc.az saytının hadisə şahidlərinə istinadən məlumatına görə, baş tutan "Sabko" - "Qala Sığorta" oyununda birincilərin futbolçusu Ramin Əliyev qarşılaşmanın hakimi Nahid Xasıyevi döyüb.

AFFA-nın ən çox güvəndiyi ədalət təmsilçilərindən olan, eyni zamanda Topaz Premyer Liqasında da zaman-zaman təyinat alan hakimin həvəskarlar turnirində döyülməsi geniş ajiotaj yaradıb.

Bildirilir ki, AFFA Hakimlər Komitəsinin üzvləri Anar Salmanovla Elçin Məmmədovun da canlı izlədiyi qarşılaşmada baş verən olayın üstü örtülməyə çalışılır.

Belə ki, Elçin Məmmədov Nahid Xasıyevə döyülməsi faktına görə hüquq-mühafizə orqanlarına şikayət etməməyini tapşırıb. Referiyə zəng edən komitə üzvü hadisənin şişirdilməməyini tapşırıb.  Xasıyevə təzyiqlər təkcə bununla yekunlaşmayıb.

Ramin Əliyevin qardaşı, hazırda "Qəbələ"də çıxış edən milli komandamızın üzvü Rauf Əliyev də Xasıyevə zəng edərək, hadisə barəsində şikayətçi olmamasını istəyib.

Xasıyev əməkdaşımızla söhbətində futbolçudan şikayət etməyəcəyini söyləyib: "Mətbuatda yazılanlar həqiqətdi, belə bir hadisə baş verib. Ancaq şikayətçi olmamağımla bağlı heç bir təzyiq olmayıb. Rauf Əliyevlə söhbət etmişəm, o da qardaşına görə narahatdı. Həddi-buluğa çatmış adamam, hər halda, özüm qərar verə bilirəm. Həmin futbolçunu övladına görə bağışlayıram. Yəni, onu bir balasına bağışlayıram".

Elçin Məmmədov isə referiyə heç bir təzyiq göstərmədiyini iddia edib: "Mən heç həmin oyunda olmamışam. Biz camaatın şəxsi işlərinə qarışmırıq. Yanvar ayından Kütləvi İdman Haqqında qanun qüvvəyə minib. Onun əsasında belə hallar baş verirsə, dərhal hüquq-mühafizə orqanları işə qarışır. Bu iş də avtomatik olaraq hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüb. İdmanda belə hallar xoşagəlməzdi. Bunlara qarşı da həm İntizam Komitəsi, həm də aidiyyəti orqanlar tərəfindən tədbirlər görülür. Bu məsələyə Hakimlər Komitəsi qarışa da bilmir. Yarışın keçirilmə təşkilatı var ki, onların protokolunda qeyd olunub və müvafiq instansiyalara təqdim edilib".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest