"Bu, bizim tam görmək istədiyimiz "Neftçi" deyil". Bu fikirlər "Neftçi" klubunun prezidenti Kamran Quliyevə məxsusdu. O, Topaz Premyer Liqasının VII turunda "Sabah" üzərində qazanılan 2:0 hesablı qələbədən sonra jurnalistlərə müsahibəsində bildirmişdi ki, rəhbərlik etdiyi komandanın həm müdafiə, həm də qapı xəttindən razıdı: "Komandamız son illərin ən uğurlu müdafiə oyunu ilə seçilir. 7 matçda cəmi 3 top buraxmışıq. Həm müdafiə, həm də qapı xəttimiz yaxşıdı. Səlahət Ağayev hər oyunda gözəl "seyv"lərlə yadda qalır".

Quliyev bu sözlərlə digər cinahlarda yer alan futbolçulardan narazı qaldığını gizlətməmişdi. Görünür, komanda rəhbərliyi bu istiqamətdə "işə" başlayıb və boşluğu - yarımmüdafiə xəttindəki problemin həllinə çalışırlar.  

Belə ki, çoxdandı gözü ölkə xaricində olan "Neftçi"nin düşərgəsində artıq yeni futbolçu zühur edib. Bir müddət öncə seneqallı Mamadu Mbodj ilə danışıqlar aparan və anlaşma əldə edən paytaxt təmsilçisi baxışa yenə Afrikadan futbolçu çağırıb.

"Ağ-qaralar"ın məşqlərinə qatılan bu oyunçunun da adı Mamadudu. Amma bu seneqallı yox, qvineyalıdı. Adaşından fərqli, Mamadu Kane baxışdan sonra komandada qalmaq imkanına malikdi. Təbii ki, özünü yaxşı tərəfdən göstərə bilsə.

ölkənin ən köklü klubu olmasına baxmayaraq, öz yetirmələri ilə güclənmək iqtidarında olmayan "Neftçi" rəhbərliyi, transferlərdən "zövq alan" Kamran Quliyev heyətdəki legionerlərin sayını artırmaqdan doymur. Bakılıların "Mamadu sevgisi" isə məşhur filmdən sitatı xatırladır.

Sanki "Bütün Əhmədləri bura yığın" sitatını müasirləşdirən Quliyev Afrikadakı Mamaduları bir araya gətirməklə məşğuldu.

Amma bu Mamadu, o Mamadudan fərqlənir. Söhbət təkcə iki futbolçunun ampluasında deyil. Yeri gəlmişkən, Mbodj mərkəz müdafiəçisidirsə, Kane yarımmüdafiəçidi. 4 yaş böyük olan seneqallı bir neçə il Avropada – Litvada "Jalgiris" də çıxış edib və onun klub karyerası barədə müəyyən fikir yürütmək mümkündü.

Qvineyalı isə vətənində "Kallum Star"da oynayıb. Bu üzdən də o daha çox "qara qutu"ya bənzəyir və bu qutudan nə çıxacağı baxış müddətində bəlli olacaq. Amma onun da adaşı kimi ölkəsinin gənclər millisində oynaması məlumdu.

Kane ötən il Qvineyanın U-20 yığması ilə iki böyük yarışa qatılıb. İlin əvvəlində Zambiyada keçirilən gənclərin Afrika Millətlər Kuboku yarımmüdafiəçi üçün uğurlu alınıb. Meydan sahiblərinə 0:1 hesablı məğlubiyyətdə 90 dəqiqə pay sahibi olan Mamadu Misirlə görüşdə (1:1) ehtiyatda qalıbsa, Mali üzərində qələbənin (3:2) son 9 dəqiqəsində iştirak edib. Son iki görüşdə isə yarımmüdafiəçi əvəzolunmadan meydanda olub. Yarımfinalda Seneqala 0:1 hesabı ilə uduzan qvineyalılar 3-cü yer uğrunda matçda CAR-a qalib gəlib – 2:1. Nəticədə Mamadu və komandası qitə çempionatının bürünc medalına yiyələnib.

Afrika çempionatının 4 ən yaxşısı sırasında düşmək komandaya mundiala vəsiqə qazandırıb. Söhbət U-20-lərin dünya çempionatından gedir. Lakin Kane və komanda yoldaşları Cənubi Koreyadakı turnirə sanki turist kimi yollanıb. İlk görüşdə meydan sahiblərindən 3 cavabsız qol buraxan afrikalılar II turda sensasiyaya imza atıblar: İngiltərə ilə heç-heçə  - 1:1. İlk görüşdə 90 dəqiqə şans qazanan Mamadu futbolun yaradıcılarına qarşı cəmi 3 dəqiqə oynayıb. Onun matçın sonlarında meydana girməsi vaxt qazanmaq, qol buraxmamağa xidmət edib.

Son turda Argentina ilə görüşən Qvineya qələbə ilə mübarizəni davam etdirmək imkanı da qazana bilərdi. Amma Kanenin 90 dəqiqə oynayıb, elə 11-ci dəqiqədə sarı vərəqə aldığı matç darmadağınla başa çatıb. Cənubi amerikalılar 5 cavabsız qolla afrikalıları evə göndərib.

Bir sözlə, Quliyevin rəhbərlik etdiyi "Neftçi" iki Mamadu ilə güclənmək istəyir. Az qala heç kimin tanımadığı futbolçularla. Amma çətin. Qarşısına çempionluq hədəfi qoyan komanda mövsümün sonunda "Qarabağ"dan 10 xal geridə qalanda, "ay mama" deməsə yaxşıdı...

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest