"Qarabağ"ın futbolçusu Qara Qarayev səfərdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra brifinq keçirib. Matc.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi əvvəlcə oyunu dəyərləndirib...

- Düşündüyümüz kimi oldu. çempionatın ən ağır səfərinə hazırlaşmışdıq. Həm "Keşlə"yə, həm də meydana qarşı oynadıq. çox ağır səfər idi. Şükürlər olsun ki, bunun öhdəsindən gəldik və çox vacib olan üç xalı aktivimizə yazdıq. Son zamanlar komandalar bizə qarşı daha motivasiyalı oynayır və bu da işimizi çətinə salır. Belə meydanlarda rəqibin aqressiv oynaması bizə çətinlik törədir. Yaxşı hazırlaşmışdıq və lazım olan nəticəni qazandıq.

- İkinci hissədə demək olar ki, hücum təşkil etmədiniz. Müdafiədə niyə erkən oturdunuz?

- "Keşlə" istənilən an rəqibi əks-hücumda yaxalayıb, cəzalandıra bilən komandadır. Biz də bunun ehtiyatını görmüşdük. Oyunun sonuna yaxınlaşdıqca bizim üçün vacib olanı - nəticəni qoruyub saxlamaq idi. Biz müdafiədən oynamağı düşünmürdük. Heç vaxt belə fikrimiz olmayıb. Sadəcə, rəqib məcbur edəndə belə alınır. Bundan sonrakı oyunlarda 90 dəqiqə müdafiə olunub, 3 xal qazanmaq mümkün olsa, bizə yetərlidir.

- ötən tur "Qarabağ"la heç-heçə edən "Sabah" bu tur "Neftçi"yə 0:3 hesabı ilə uduzdu...
- Başqa komandaların oyunu barədə danışmağı xoşlamıram. Bundan sonra özümə söz vermişəm ki, rəqiblər barədə danışmayacam. Onu deyim ki, "Sabah"ın bizə qarşı istəyini "Neftçi" ilə matçda görmədim. Yəqin ki, bizimlə oyundan sonra yorulublar. Digər komandalara fikrimizi ayırsaq, zirvədə qərarlaşmaq düşüncəmiz puça çevrilə bilər. öz oyunumuzu analiz edirik.

- İlk hissənin sonunda Mahir Mədətovla Maksim Medvedev arasında fikir ayrılığı yaşanmışdı...
- Əslində, oyun zamanı belə şeylərin yaşanmasını xoşlayıram. Burada bir istək var. Bu, ancaq bizi sevindirir. Bizim belə şeylərimiz ancaq meydandadır. Bir-birimizə irad bildirib, düz yol göstərməyə çalışırıq. Futbolçular arasında prinsip yoxdur ki, bir-birimizə qışqıraq və kənardakılar da bunu görsün. Doğruları bəzən aqressiv formada deyə bilərik və bu da normaldır.

- Sizcə, çempionluq mübarizəsi son turda həll olunacaq?
- Xalların bərabər olması son tura aparır. Hələ 9 tur qalıb və bu da 27 xal edir. Hələ çox qalıb. 2-3 tur qalsaydı, son tura planlaşdırmaq olardı. Bəlkə də son tura lüzum qalmayacaq. Ancaq yarışın gərgin keçməsinin futbolumuz adına xeyri var. Bu da bizi sevindirir.

- Növbəti turda "Zirə" ilə qarşılaşacaqsınız. Bu oyunla bağlı fikirləriniz necədir?

- Son 4 oyunda uduzmayan komandaya qarşı oynayacağıq. Baş məşqçi Samir Abasov qış fasiləsindən sonra "Zirə"yə oyun sistemini aşılayıb. Evdə oynayacağıq. Bu yolu davam etdirmək üçün sona qədər mübarizə aparmalıyıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest