"Bizim taktikamız belə idi. Baş məşqçimizin göstərişi ilə ikinci hissədə pressinq etməyə başladıq. Hava başqa cür olsaydı, bəlkə də fərqli hesab ola bilərdi"

"Keşlə"nin futbolçusu Nikola Mitroviç Premyer Liqanın 19-cu turunda "Qarabağ"a məğlub olduqları oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi əvvəlcə görüşü şərh edib.

- Həm bizim, həm də "Qarabağ" üçün çətin oyun oldu. Futbol havası deyildi, güclü külək vardı. Meydanın vəziyyəti də yaxşı deyildi. Amma bu vəziyyət iki komanda üçün də eynidi. "Qarabağ"ın qapımıza ümumilikdə vurduğu bir neçə zərbəsindən biri qol oldu. Bizim də şanslarımız var idi, sadəcə, alınmadı.

- "Qarabağ" o qədər də güclü oynamırdı. Amma siz sanki rəqibdən qorxurdunuz.

- Xeyr, qorxmurduq. Bizim taktikamız belə idi. Baş məşqçimizin göstərişi ilə ikinci hissədə pressinq etməyə başladıq. Hava başqa cür olsaydı, bəlkə də fərqli hesab ola bilərdi. Amma hər bir halda, "Qarabağ" çox yaxşı komandadı və yüksək səviyyəli futbolçuları var.

- Deməli, nəticə qazanmağınıza hava şəraiti mane oldu?

- Xeyr. Sadəcə, dediyim odu ki, hava yaxşı olsaydı, yaxşı futbol olardı.

- Bu cür meydançada futbol oynamaq sizin üçün çətindi?

- Bu, futbol meydançası deyil.

- Demək olar ki, ən pis meydanlardan biridi?

- Əlbəttə. Bunu görmək olmur? Dərhal görünür. Biz hər gün burada məşq edirik. Bu, mənə ünvanlancaq sual deyil. Biz işimizi görməyə çalışırıq.

- Ayaqlarınız ağrayır?

- Əlbəttə, ağrılar var və olacaq. Amma nə etmək olar? Hər an zədə almaq qorxusu var.

- Nəyə görə "Keşlə" uğurlu çıxış edə bilmir?

- "Neftçi" ilə oyunda pis oynamamışdıq, amma epizodlardan istifadə edə bilmədik deyə uduzduq. "Sumqayıt"la görüşdə qalib gəlsək də, işimizi çox çətinə salmışdıq. "Qəbələ"ylə də həmçinin. Məncə, normal komandamız var və normal futbol oynayırıq. Daha yaxşı olacağını düşünürəm.

- Bəlkə komandada maddi problem var?

- Xeyr, belə problemimiz yoxdu. Pulumuzu qəpiyinə kimi almışıq.

- "Sabah"la görüş haqda nə düşünürsən?

- Onların da yaxşı komandası var. çox ağır oyun olacaq. Bizə də, onlara da xal lazımdı. çox güman, maraqlı oyun keçəcək.

- Müqavilən mövsümün sonunda başa çatacaq. Klublarımızdan təkliflər almısan?

- Mayda müqaviləm başa çatır. Görək necə olacaq. Müqaviləmin sonuna qədər ən yaxşısını etməyə çalışıram. Əsas odur ki, mən və ailəm Bakını çox sevirik.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest