"Seçmə mərhələnin startı üçün çox vaxtımız yoxdu. Cəmi iki məşqimiz olacaq". Matc.az saytı xəbər verir ki, bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç deyib.

Dünya ikincisi AVRO-2020-nin seçmə qrup mərhələsində ilk oyununu martın 21-də Azərbaycan millisinə qarşı keçirəcək. Bu gün mətbuat konfransı təşkil edən Daliç Zaqrebdəki qarşılaşmanın favoriti olduqlarını söyləyib: "Azərbaycanla matçın favoriti bizik. Ancaq rəqibi qiymətləndirməsək, ciddi problemlərimiz olar. İndi vəziyyət dəyişib, dominantlıq edəcək tərəf biz olmalıyıq. Topa nəzarət etməklə yanaşı, təmkinli davranmaq lazımdı. İlk görüş olduğundan, rəqibin müdafiə xəttini yarmağın çətin olacağını gözləyirəm".

53 yaşlı mütəxəssis həmyerlisi Nikola Yurçeviçin millimizin "sükanı arxası"nda olmasına da toxunub. Onun fikrincə, bu amil yığmamız üçün üstünlükdü: "Bu, onlar üçün müsbət haldı. Yurçeviç orda olduğundan, bizə çətin olacaq. Ancaq buna baxmaq lazım deyil. Dolu tribunalar önündə bizə heç kim heç nə edə bilməz, Azərbaycan da həmçinin".

Qeyd edək ki, Xorvatiya - Azərbaycan matçı "Maksimir" stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest