Azərbaycan futbolu dünya səviyyəsində daha çox hakimləri ilə tanınıb. Mərhum Tofiq Bəhramovun 1966-cı il dünya çempionatında qoyduğu möhür hələ bundan sonra da uzun illər yaddan çıxmayacaq. SSRİ-də dövrünün ən güclülərindən olmuş Eldar Əzimzadə də ölkəmizi beynəlxalq dərəcəli referi kimi uğurla təmsil edib.

Müstəqillik illərindən bəri isə Tofiq Bəhramov, Eldar Əzimzadə səviyyəsinə yüksəlmək perspektivi olan bir hakim üzə çıxıb. Hərçənd, indiki şərtlər altında belə birinin üzə çıxması özü möcüzədi. FİFA referisi adını ən gənc yaşda almaqla tarixə düşən Əliyar Ağayev cəmi 31 yaşı olmasına baxmayaraq, artıq Avropa Liqasının qrup mərhələsində oyunlar idarə edib. UEFA-nın I kateqoriyasını alan Əliyar çempionlar Liqasının həlledici mərhələlərində, dünya və Avropa çempionatında ölkəmizi təmsil etməyə də ən yaxın şəxs kimi görünür. O isə bütün bunlara Hakimlər Komitəsinin sabiq rəhbəri Xaqani Məmmədovun müəyyən maneələri fonunda nail olub.

Ancaq görünür, Xaqani bəyin yoxluğunu hiss etdirməyəcək yeniləri üzə çıxıb. İndi də Hakimlər Komitəsində təmsil olunan bəzilərinin Azərbaycan futbolunun gələcək "Tofiq Bəhramov"unu "sındırmaq" üçün birləşdiyi haqda söhbətlər dolaşır. Hakimlik dönəmində çıxardıqları hoqqalar çox da keçmişdə olmayan həmin şəxslərin bəzi səlahiyyət qazanması özü ayrıca bir mövzudu. Belələri gənc referilərə nə öyrədə, onlara necə nümunə ola bilər?

Ağayev Avropa arenasında nə qədər uğurlu olsa, digər referilərimizin yolu bir o qədər asan keçər. Ancaq  elit kateqoriyaya doğru irəlilədiyi bir zamanda sıxışdırılma cəhdləri təkcə Əliyarın karyerasını deyil, Azərbaycan hakimliyini məhvə sürükləyə bilər.

Təyinatlara birbaşa təsir etməyi bacaranlar artıq iki turdu Əliyarın Premyer Liqa yolunu bağlayıblar. Elitada daha təcrübəli hakimlərə ehtiyac duyulduğu bir məqamda ölkənin yeganə I kateqoriyalı hakimini aşağı diviziona sürgün etməyə ad tapmaq mümkün deyil. Təsadüfi deyil ki, Ağayev qış fasiləsindən sonra Premyer Liqada 3 görüş idarə edib ki, onların da heç biri mərkəzi qarşılaşma səviyyəsində olmayıb. Ağayevin bu günlərdə beynəlxalq görüşü də yoxdu ki, ona istirahət verildiyini bəhanə edəsən.

Əvəzində İnqilab Məmmədova "stavka" edilir ki, onun da "day-dayı"sını çoxları tanıyır. Bir çox oyunda "inqilabi" qərarlarla klubların "alqışını qazanan" Məmmədovun bu günlərdə nəfəs dərməyə imkanı yoxdu.

Martın 1-də "Neftçi-2" - "Zirə-2" görüşünün 4-cü hakimi olan Məmmədov bundan 2 gün sonra Premyer Liqanın XIX turu çərçivəsində "Zirə" - "Qəbələ" matçını idarə edib. "Day-dayı"sı ilə işbirliyi çox uğurlu alınır və həftəsonu qazanc daha çox olacaq. İnqilab bəy əvvəlcə martın 8-də "Ağsu" – "Keşlə-2" qarşılaşmasında ədalət təmsilçisi olacaq. Ağsudan birbaşa Qəbələyə yollanaraq, 2 gün sonra "Qəbələ" - "Səbail" oyununda fit çalacaq. Düşünmürük ki, 10 gün ərzində 4 oyuna təyinat almaq (bunun 3-də baş hakim) İnqilab bəyin idarəçiliyindən qaynaqlanır. Hər halda, Məmmədov indi nə Rəhim Həsənov, nə Rauf Cabbarov, nə də digərlərindən yaxşıdı. Hələ Ağayevi demirik.

Ortaya çıxan mənzərə isə heç də xoş deyil. Əgər Əliyara qarşı bu cür münasibət göstərənlərin qarşısı alınmasa, azarkeşlərin Avropa və dünya çempionatında azərbaycanlı görmək arzusu elə arzu olaraq qalacaq...

ELçİN

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest