"Sabah"ın müdafiəçisi Bəxtiyar Həsənalızadənin matc.az saytına müsahibəsi

- Yeni ilin ilk oyununda "Neftçi"yə qarşı keçirilən oyunu necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, oyun maraqlı və dinamik keçdi. İlk hissəni, demək olar ki, üstün keçirdik, qollar vurduq. Fasilədən sonra yenə üstün tərəf biz idik. Buna baxmayaraq, rəqibin də fərqlənmək şansı oldu. Əsas qələbə idi, çox şükür, bunu da qazanmağı bacardıq.

- Sanki ikinci hissədə oyun nizam-intizamında problem yaşadınız. İlk yarıdakı performansı davam etdirməyə nə mane oldu?
- İlk oyun olduğu üçün belə hal normal idi. Bundan əlavə, bu futboldu. Bütün matçı eyni səviyyədə keçirmək çox çətindi. Əsas odu ki, bu görüşdə qalib gəlməyi bacardıq. Artıq bu oyunu unudub qarşıdakı görüşlərə köklənməliyik.

- "Neftçi" 90 dəqiqə ərzində cəmi bir real qol imkanı yaratdı. Bu, sizin müdafiə xəttinin güclü olmasından, yoxsa rəqibin Yusuf Laval, Qodsvey Donyo kimi oyunçuların gedişindən sonra hücum xəttinin zəifləməsindən qaynaqlandı?
- Məncə, komanda olaraq yaxşı çıxış etdik. İstər müdafiə, istər orta sahə, istərsə də hücum xətti öz işinin öhdəsindən gəldi.

- Artıq "Neftçi"dən xeyli uzaqlaşaraq, ikinci yerdəki mövqeyinizi möhkəmlətdiniz. Mövsümün əvvəlindən çempionluq kəlməsini dilinə gətirməyən komandanın turdan-tura qızıl medal qazanacağına inamı artmır?
- Məncə, bu məsələ barədə fikir bildirmək üçün çox tezdi. Mövsümün ikinci yarısı hələ yeni start götürüb. Bizi qarşıda uzun marafon gözləyir. ümumiyyətlə, biz hər növbəti matçımıza köklənirik. Mövsümün sonunda hansı pillədə olacağımızı sonda görəcəyik.

- "Qarabağ"da Kadi Borges ayrılsa da, tanınmış oyunçular transfer etdilər. Bu amil sizin gözünüzü qorxutmur?
- Açığı, "Qarabağ"da dəyişikliyini olması fərq eləmir. çünki bu komandanın bir oyun nizami var, kim olsa, həmin oyun üzərində çıxış edəcəklər. Qorxmalı bir şey yoxdu. Sadəcə, çıxıb mübarizə aparmaq lazımdı.

- Rəqib müdafiəçi kimi, Kadinin Azərbaycan çempionatından ayrılması sizi sevindirdi? ümumiyyətlə, onun "Krasnodar"a keçidi xarici klubların Azərbaycanda oynayan futbolçulara marağı artırmasına xidmət edə bilər?
- "Qarabağ"dan çox  futbolçular gedib, ancaq çox keçmir ki, yerlərinə yeniləri tapılır və alınır. Yəni fərqi yoxdu. Kadi olmasa, başqa yaxşı futbolçu onu əvəzləyəcək. Amma təbii ki, Kadi keyfiyyətli oyunçu idi.

- Müdafiənin mərkəzində həm Abdulaye Ba, həm də Con İrasaballa tandem təşkil etmisiniz. Hansı ilə daha rahat anlaşa bilirsiniz?
- Hər ikisi yaxşı futbolçudu. Komandamızda hər mövqe üzrə güclü rəqabət var. Həm İrasabal və Ba ilə, həm də Zurab Oçiqava ilə çox yaxşı anlaşırıq.

XƏYAL

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest