"Növbəti seçmə mərhələnin reytinqini artırmaq istəyirik. Bu üzdən Azərbaycanla görüşdə 3 xal çox önəmlidi".

"2015-ci ildən bəri Drammendə məğlub olmuruq. Böyük komandalardan belə xal alaraq, daha güclü oynaya biləcəyimizi göstərmişik". Matç.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Norveç yığmasının baş məşqçisi Leyf Qunnar Smerud deyib.

O, yerli futbol federasiyasının rəsmi saytına açıqlamasında Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan millisi ilə son matçı haqda danışıb.

Smerud meydana 3 xal üçün çıxacaqlarını söyləyib: "Mübarizəmizin hələ də bir mənası var. Seçmə mərhələni əla komanda ilə uğurlu başa vurmaq istəyirik. Əgər bu gün qələbə qazansaq, son seçmə mərhələdən 2 xal çox toplamış olacağıq. Bu, əla göstərici olar. Həmçinin növbəti seçmə mərhələnin reytinqini artırmaq istəyirik. Bu üzdən Azərbaycanla görüşdə 3 xal çox önəmlidi".

41 yaşlı mütəxəssis hələ də qrup ikincisi qismində mərhələ adlayacaqlarına inanır: "ötən həftəyə qədər qrup liderliyi üçün ümidli idik. Ancaq Almaniyaya məğlubiyyət bunu puç etdi. Bu gün isə həm bizim, həm də Azərbaycanın heyətində sonuncu dəfə yığmada oynayacaq futbolçular olacaq. "Döyüşü" səbirsizliklə gözləyirik və Almaniyadan sonra qrup ikincisi kimi növbəti mərhələyə adlamağa ümid edirik"

Qeyd edək ki, Norveç – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə 20:15-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest