Azərbaycan futbolu hərtərəfli üstü bəzək, altı təzəkdi. "Qarabağ"ın fərqli iş prinsipi ilə Avropa arenalarındakı uğuru, paytaxtdakı stadionlar, mötəbər yarışların Bakıya salınması, yüzlərlə uşaq komandasının olması futbolumuzun bəzəyidi. Ancaq qazıdıqca həmin bəzəyin altından tüstülənmiş təzək çıxır. Klublarımız həvəskar səviyyədədi, stadionların yolunu tanıyan azarkeş yoxdu, uşaq futbolunda isə hərc-mərclik hökm sürür.

ölkədə futbol səviyyəsinin yox dərəcəsinə yaxın olduğu bir vaxtda klub rəhbərləri ərinmədən ayağı top tutmayan əcnəbiləri yığıb gətirir, ciblərinə yüzminlər "basır", 6 aydan sonra da "bu futbolçu deyilmiş ki" deyib, yola salırlar. Pullu vaxtlarında bir-birilərinə sanki acıq verirmiş kimi, əcnəbi məşqçiləri gətirənlər əlləri "aşağı düşən" kimi, yerlilərin ətəyindən yapışırlar. Həmin yerlilərdi ki, futbolumuzun ən ağır vaxtlarında sinələrini irəli atır, hətta karyeralarını qurban verməkdən belə çəkinmirlər. Bütün bunları isə pul yox, onlara ehtiyac olduğu üçün edirlər.

Zakir Mahmudov da "Sumqayıt"da, "Şəmkir"də, "Karvan"da, "Standard"da yüzminlər xatirinə çalışmayıb. "Şəmkir" çempionluqlar qazananda Ağasəlim Mircavadovun yanında olub, "Karvan"ın UEFA Kubokunda mərhələ adlamasında Yunis Hüseynova kömək edib. Həmin Zakir Mahmudov indi aclıq, səfalət içində yaşayır, kirayə qaldığı daxmasına bir tikə çörək aparmaq üçün özünü ora-bura vurur. Təsəvvür edirsiz, onun əlinə su tökə bilməyəcək səviyyədə olan insanlar hazırda klublarda məşqçi, funksioner, nə bilim menecer işləyirlər, layiq olmadıqlarından da artığını qazanırlar. Zakir Mahmudov isə gecələr metal yığıb satmaqla bilmir xəstəsinə baxsın, qarınlarını doydursun, yoxsa evin kirayəsini versin.

Zakir bəy niyə unudulub, niyə heç kimin yadına düşmür? çünki daim saf dünyası olub, sakit, sadə insan kimi tanınıb və ən əsası yaltaqlanmağı bacarmayıb. Mənim heç kimə söz "vurmaq" fikrim yoxdu. Hər sahədə olduğu kimi, futbol təsərrüfatında da belə insanların olduğunun və necə irəli getdiyinin nümunələri var. Amma bataqlıq içində olan Azərbaycan futbolunun Zakir Mahmudov kimilərinə ehtiyacı daha çoxdu.

ümumiyyətlə, Mahmudov xasiyyətli insanların bütün sahələrdə yoxa çıxmaları adi hala çevrilib. Elə bu üzdəndi ki, heç nəyimiz düz gətirmir. "çürüklərin" kef çəkdiyi bu fani, güvənilməz dünya, həqiqətən də, ədalətsizliklərlə doludu. O qədər ədalətsizdi ki, Zakir müəllim kimi futbolun mütəxəssisi 250 manatlıq işə də razıdı. Yetər ki, quru çörək də olsa, evinə apara bilsin.

Onun bu cür ehtiyac içində yaşaması (buna yaşamaq demək mümkündüsə) əslində Azərbaycan futbolunun rəzilliyini, futbol ictimaiyyəti üçün necə utancverici hal olduğunu çılpaqlığı ilə ortaya qoyur. Vəziyyət o həddə çatıb ki, indi klublarımıza, futbol başbilənlərimizə Zakir Mahmudovdan bəhrələnmələrini yox, intihar etməsinin qarşısını almalarını xahiş edirik.

Əminəm ki, keçmiş futbolçular, məşqçilər arasında Zakir Mahmudov kimi ömür sürən başqaları da var. Əl tutmaq Əlidən qalıb. Pulların boş-boşuna havaya sovurulduğu bir vaxtda onları tapıb əl tutmaq inanın ki, sizə daha çox savab qazandırar. "Otxod" gəlmələrə pul tökmək yerinə özümüzünklərin qədrini bilsək, futbolumuzun üstü kimi, altı da bəzək olar.

Ruslan SADIQOV

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest