"Keşlə" klubunun qapıçısı Kamran Ağayev Azərbaycan millisinin heyətində daha bir postyuqoslav ölkəsinə yollanmayacaq. Matc.az "sportnet"ə istinadən xəbər verir ki, bu dəfə də rəsmi səbəb kimi 33 yaşlı qolkiperin zədəli olması göstərilib. Klub təcrübəli oyunçunun dabanında çat yarandığını və onun 10 günədək məşq edə bilməyəcəyini açıqlayıb. Ağayev 2018-ci il noyabrın 20-də Kosovo ilə UEFA Millətlər Liqasındakı səfər matçına da ayağındakı zədəni səbəb göstərərək, getməmişdi. Həm Xorvatiya, həm də Kosovo Balkan yarımadasındakı postyuqoslav ölkəsi sayılır və bu, millinin yarımadaya ardıcıl ikinci səfəri olacaq.

Yeni baş məşqçi Nikola Yurçeviçin açıqladığı 23 futbolçudan ibarət siyahı Kosovo ilə oyunun iştirak ərizəsindəki "23-lük"dən müəyyən qədər fərqlidir. Dəyişməyən yalnız qapıçılardır. Yurçeviç də sələfi Qurban Qurbanov kimi Səlahət Ağayev, Emil Balayev və Şahruddin Məhəmmədəliyevə dəvət göndərib. Fərq ondadır ki, Balayev artıq "Səbail"in yox, Qazaxıstan "Tobol"unun üzvüdür.

Müdafiəçilərdən Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov və Təmkin Xəlilzadə yenə yığmaya çağırılıb. Əvəzində Pavlo Paşayev və Şəhriyar Əliyev zədə səbəbindən kənarda qalıb. ürfan Abbasova isə ümumiyyətlə dəvət göndərilməyib. Onları uzun müddətdən sonra Anton Krivotsyuk, Şəhriyar Rəhimov və ilk dəfə dəvətli olan ömər Buludov əvəzləyib.

Yarımmüdafiəçilərdən Qara Qarayev, Riçard Almeyda, Emin Mahmudov və Dmitri Nazarova yenə dəvət göndərilib. Bu dəfə Almeyda Qazaxıstan "Astana"sından yox, icarə əsasında qayıtdığı "Qarabağ"dan çağırılıb. Əfran İsmayılov, Rahid Əmirquliyev, Cavid İmamverdiyev kənarda saxlanılıb. Onların əvəzinə uzun fasilədən sonra Eddi İsrafilov və ilk dəfə Əli Babayevlə Aleksey İsayev millinin düşərgəsində olacaq.

Hücumçu mövqeyinə isə yenə Mahir Mədətov, Araz Abdullayev, Mirabdulla Abbasov, Ramil Şeydayev və Rüfət Dadaşov çağırılıb. Ruslan Qurbanovu isə Namik Ələskərov əvəzləyib.

Yurçeviçin siyahısına əsasən belə qənaətə gəlmək olar ki, millidə nisbətən gəncləşdirmə siyasəti aparılıb. Hazırda yığmada 30 və daha çox yaşı olan futbolçu yoxdur. Kamran Ağayev, Rahid Əmirquliyev və Əfran İsmayılovun yaşı məhz bu həddədir. 2017-2018 mövsümünün ən yaxşı futbolçusu, 29 yaşlı Cavid İmamverdiyev "Sabah"ın heyətində elə də uğurla çıxış etmir. Eyni sözləri "Səbail"də əsas heyətə düşməkdə çətinlik çəkən Ruslan Qurbanov barədə də demək olar. ürfan Abbasov daha gənc olsa da, Yurçeviçin diqqətini cəlb edə bilməyib.

Düzdür, Almeyda, Medvedev, Rəhimovun da 30 yaşı var və onlar hazırda millinin ən yaşlı üzvləri sayılırlar. Bu "üçlük"dən ən yaşlısı isə yubileyini Xorvatiya ilə oyundan bir gün əvvəl - martın 20-də qeyd edəcək milliləşdirilmiş braziliyalıdır. Amma nəzərə almaq lazımdır ki, ilk iki oyunçu zəngin beynəlxalq təcrübəyə malikdir və millinin əvəzolunmaz əsas heyət üzvləridir. Sonuncusu isə Paşayevin yoxluğunda cinahlarda ehtiyat qüvvə kimi rəqabət yarada bilər.

Beləliklə, Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsinə son heyəti ilə müqayisədə 7 futbolçu olmadan başlayacaq. Görüşəcək heyətdə hər hansı dəyişiklik baş verməsə, martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda Xorvatiya önünə məhz bu heyət çıxacaq. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest