Yerli KİV baş məşqçinin qovulmasının əleyhinədi. Həmkarlarımız yenilgiyə baxmayaraq, baxımlı oyun göstərdiklərini düşünür.

Almaniya yığmasının baş məşqçisi Yoahim Löv istefaya göndərilə bilər. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, buna səbəb komandanın Millətlər Liqasındakı uğursuz çıxışıdı.

Dünən Fransaya da məğlub olan (1:2) Bundestim 3 görüşdə cəmi 1 xal toplayıb və final mərhələsi şansını əldən verib. Bu isə Lövün postunu laxladıb.

Lakin yerli KİV baş məşqçinin qovulmasının əleyhinədi. Həmkarlarımız yenilgiyə baxmayaraq, baxımlı oyun göstərdiklərini düşünür: "Komandamız uduzsa da, rəqibdən daha yaxşı çıxış etdi. Sadəcə, ələ düşən qol imkanlarını dəyərləndirə bilmədi. Nəzərə alaq ki, rəqib San Marino və ya Azərbaycan deyil, hazırkı dünya çempionu Fransa idi. Bununla belə, Löv bir neçə dəyişikliklə aqressiv kollektiv yaratmağı bacarıb. Onun komandası Hollandiya və Fransadan baxımlı oyun göstərir. Fransa hazırda dünyanın ən güclü heyətinə malikdi. Löv isə heyətdə gəncləşdirmə siyasəti aparır. İndiki durumda onun istefası uğurlu olmaz".

Qeyd edək ki, A Liqasının 1-ci qrupuna 7 xalla Fransa başçılıq edir. Hollandiyanın 3, Almaniyanın isə 1 xalı var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest