Topaz Premyer Liqasında çempionluq uğrunda mübarizə aparan "Neftçi" digər tərəfdən transfer çalışmalarını da davam etdirir. Matc.az saytının əldə etdiyi məlumata görə, baş məşqçi Roberto Bordin daha bir keçmiş yetirməsini yanına gətirməkdə maraqlıdı.

Söhbət "Şerif"in sol cinah müdafiəçisi Kristiano da Silva Leytedən gedir. İtaliyalı mütəxəssis hələ ötən yay "Neftçi"nin "sükanı arxası"na keçəndə braziliyalını özü ilə gətirməyə çalışıb. Tərəflər arasında transfer danışığı aparılıb, lakin maliyyə məsələsində ortaq məxrəcə gəlmək mümkün olmayıb. 26 yaşlı "sambaçı"nın çox pul tələb etməsi keçidin reallaşmasına imkan verməyib.

Cari mövsüm tez-tez sol cinahda dəyişikliklər edən Bordin yenidən Kristianonu gündəmə gətirib. Ancaq braziliyalının transferi komandanın çempionatdakı mövqeyindən asılı olacaq. "Ağ-qaralar" çempion olsalar, çempionlar Liqasında mübarizə aparacaqlar. Belədə rəhbərlik heyətin gücləndirilməsi üçün transfer büdcəsi ayıracaq. Bu baş verərsə, Kristiano ilə yenidən danışıq aparılacaq. Ancaq futbolçunun "Şerif"lə müqavilə müddəti ilin sonuna qədər olduğundan, bakılılar Tiraspol təmsilçisini də bu transferə razı salmalı olacaq.

Qeyd edək ki, "Neftçi" qış fasiləsində "Şerif"in mərkəz müdafiəçisi Petru Rakunu heyətinə cəlb edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest