"Bakıda olmaq bizim üçün xoşdu, gözəl qarşılandıq". Matc.az saytının məlumatına görə, bunu Litva yığmasının baş məşqçisi Valdas Urbonas deyib.

Litvalılar sabah yoldaşlıq görüşü çərçivəsində Azərbaycan millisinin qonağı olacaq. Qarşılaşmanın keçiriləcəyi "Bakcell Arena"nın konfrans zalında təşkil olunan mətbuat konfransında 52 yaşlı mütəxəssis jurnalistlər önünə çıxıb. O, öncə görüşlə bağlı fikirlərini bildirib: "Sabahkı oyuna ciddi yanaşırıq. Yoldaşlıq görüşü olması fikrimizi dəyişmir. Hər iki komanda seçmə mərhələnin ilk oyununda məğlub olub. Eyni situasiya yaranıb. Müsbət nəticəyə ümid edirik. öz oyunumuzu təhlil etmişik. Azərbaycan yığmasının Xorvatiya ilə oyununu izləmişəm. Yaxşı təşkilatlanmış komandadı. Rəqibimizin Millətlər Liqasındakı çıxışını da izləmişdim. Məşqçi korpusundakı dəyişiklikdən sonra tez uyğunlaşdıqları görünür. Futbolçular ayrı-ayrılıqda keyfiyyətlidi".

- Bizdən fərqli seçmə mərhələdə "cırtdan" ölkənin komandasına uduzdunuz. Bu amilin komandanıza mənfi təsiri olacaqmı?

- İndi dünyada bütün komandalar futbol oynamağı bacarır. Lüksemburqu zəif komanda saymıram. İndi rəqabət böyükdü. Əlbəttə, siz dünya çempionatının vitse-çempionu ilə qarşılaşmışdınız. Bu gün yalnız dünya çempionu ilə oynasaydıq, özümü rahat hiss edərdim.

- Xorvatiya ilə matçda hansı futbolçumuzun çıxışını xüsusi vurğulayardınız?

- Komandanı ümumilikdə fərqləndirərdim. Yaxşı təşkilatlanmış futbol oynadınız. Azərbaycan müdafiədə çox yaxşı idi. İndividual cəhətdən mübarizə aparmaq çətin olsa da, yaxşı oynadılar. Qol vuran futbolçu müəyyən mənada fərqlənə bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest