Avropa çempionatının əsas mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışını yekunlaşdırmaq üzrədi. Yeniyetmələrdən ibarət komanda martın 26-da qrup oyunlarının keçiriləcəyi Sloveniyaya yola düşəcək. Millimiz martın 27-də Kipr, ertəsi gün Hollandiya və martın 30-da Sloveniya yığması ilə qarşılaşacaq. Səfəröncəsi millinin baş məşqçisi Ağatahir Əzimov azfutzal.az saytına müsahibə verib.

- Səfəröncəsi komandada ümumi atmosfer necədir?

- Pis deyil. Türkiyə ilə yoldaşlıq oyunları keçirdik, ardınca komanda 10 gün ərzində sırf fiziki hazırlıq keçirdi, martın 16-dan isə təlim-məşq toplanışına yığışmışıq və taktiki planda çalışırıq. Hazırlıq prosesini artıq yekunlaşdırmaq üzrəyik. Uşaqlar məşqlərdə özlərini yaxşı tərəfdən göstərirlər, normal işləyirlər. Ancaq ölkə çempionatı çərçivəsində keçirdiyimiz oyunlarda istədiyimizi əldə edə bilmədik. Sanki komandada nəsə çatışmır. Qol epizodları yaradırıq, amma "çərçivə"yə düşə bilmirik. Təbii ki, bu qolları vurmasaq, çətin olacaq.

- Bu psixoloji hazırlıqla bağlıdır, yoxsa ustalıq səviyyəsi aşağıdır?

- Ustalıq səviyyəsi barədə danışmayaq, çünki yoxdur. Uşaqlar indi-indi futzal oynamağa başlayıblar. Ancaq psixoloji baxımdan problemlərin olduğunu danmıram. Bu variant mümkündür. Türkiyəyə məğlub olduqdan sonra uşaqlar toparlana bilmirlər. Oyunumuz var, müəyyən taktiki işlər görürük, amma vacib olan qol vurmaqdır ki, onu da istənilən səviyyədə bacarmırıq. Oyunçularla həm fərdi, həm də komanda şəklində söhbətlər aparırıq.

- Futzalçılar öz oyunlarına baxıb təhlillər aparırlarmı?

-  Dediklərinə görə, baxırlar. Ancaq necə baxırlar, təhlil edirlər, onu bilmirəm. Hər şeydən əvvəl komandada mehribanlıq olmalıdı, uşaqlar bir-birinə kömək etməyi bacarmalıdı. Necə ki, yeməkxanada yemək çəkən zaman bir-birimizi gözləyir, hömət edir, düşünürük, meydanda da bunu etməliyik. Rəqiblə fərdi oynayan zaman komanda yoldaşını sığortalamalısan, daha deməməlisən ki, qol vuran mənim oyunçum deyildi. Oyunlara baxdıqca nələrin çatışmadığını görürəm. İstəyirəm onları məşqlərdə düzəldim, ancaq sonra baxıram ki, biz heç təkbətək çıxanda qol vura bilmirik. Taktiki gedişlərdə məqsəd qapıçı ilə təkbətək çıxmaq və qol vurmaqdı. Əgər biz qol vura bilmiriksə, qalanını neynirəm? çatışmazlıq çoxdur.

- Rəqibləri izləyə bilirsinizmi?

- Nəticələri ilə maraqlanırıq. Bilirəm ki, Sloveniya Serbiya ilə iki yoldaşlıq oyunu keçirib. Hamısı toplanış keçirib, yaxşı hazırlaşıb. Kipr birinci mərhələdə oynasa da, zəif komanda deyil.

- Oyunların Sloveniyada keçirilməsi uşaqlarda pisxoloji baxımdan problem yarada bilərmi?

- Biz Bakıda da ancaq Türkiyə ilə oynamışıq. Artıq belə şeyləri unutmalı, boyumuzdan hündürə tullanmalıyıq. Ustalığımız yoxdu, sıfırdan başlamışıq işə. Görək nəticələr necə olacaq.

- Zədəli və ya hansısa səbəbdən səfərə apara bilməyəcəyiniz oyunçu varmı?

- Yüngül zədəsi olan oyunçular var. Həkim oyunlara qədər düzələcəklərini deyib. Ancaq nəzərdə tutduğumuz futzalçılar bizimlə səfərə çıxacaq.

- Həm Gürcüstanla, həm də Türkiyə ilə yoldaşlıq oyunlarında qırmızı vərəqə alan futzalçılarımız oldu. Bunun qarşısını almaq üçün iş görmüsünüzmü?

- Oyun epizodu zamanı alınan vərəqəyə bir söz deyə bilmərəm. Amma hakimlə danışmağa, rəqiblə mübahisə etməyə görə alınan vərəqəyə görə iradımızı bildiririk. Məsələn, Türkiyə ilə oyunda Rauf Rüstəmov, eləcə də Gürcüstanla matçda Vladislav Reznovun qırmızıları gərəksiz idi. Hər şey özlərindən asılıdır. Oyuna ilk növbədə özləri hazır olmalıdırlar. Ancaq "Füzuli" ilə oyunumuz əksini göstərdi. Uşaqlar beyində rəqibi udublar, ancaq meydanda onlar bizi uddular. Halbuki "Füzuli" ilə 5 yoldaşlıq oyunu keçirsək hamısında qalib gələrik. Gürcülərlə birinci oyunda qələbə qazandıq, çünki oyuna çox istəkli, həvəsli çıxmışdılar. Yəni uşaqlar oyuna tam hazır idilər. çatışmazlıqlar var. Əlimizdən gələni edirik ki, uşaqların düzgün yetişməyinə kömək edək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest