"Qarabağ"ın polşalı futbolçusu Yakub Jezniçak ölkəsi Polşa mətbuatına geniş müsahibə verib. Matc.az saytının məlumatına görə, təcrübəli müdafiəçi ölkəmizdə gördüklərindən və "Qarabağ"ın uğurlarından danışıb.

- Polşaya tez-tez səfər edirsiniz. Azərbaycandan bura yol belə asandı?

- Asan deyil, çünki Bakıdan bura birbaşa reys yoxdu. Səfər təxminən 8 saat çəkir, yorucu olur. Ancaq mövsüm boyu 2-3 dəfə Varşavada olmağa çalışıram. Bu, fasilə olduğu zaman baş verir.

- "Legiya"dakı dostlarınızla əlaqə saxlayırsınız?

- Bəli, 2-3 oyunçu ilə zəngləşirik. Təəssüf ki, "Legiya" sürətlə dəyişir, mənim oynadığım heyətin yarıdan çoxu yoxdu. Futbol çox dinamikləşib, 2 il ərzində çox dəyişiklik olur.

- "Legiya"da bir müddət əvvəl Balkan layihəsi var idi, indi isə portuqaliyalılar gətirilir. Stabillik üçün heyətin qorunması vacib deyil?

- Azarkeşlərin polşalılara üstünlük verməsini başa düşürəm. Ancaq yerlilər baş məşqçinin tələbinə cavab vermirsə, əcnəbilərə ehtiyac duyulur. "Legiya" hər altı aydan bir 6-7 oyunçu dəyişmək əvəzinə stabilliyi tapmalıdı. Oynadığım "Qarabağ"da bunu görürəm. Orda çox az şey dəyişir. Hər transfer dönəmində 1 və ya 2 oyunçu gələr, eyni sayda da gedər. Bunun sayəsində komanda hər il avrokuboklarda uğurlu çıxış edir. Futbolçular bir-birilərini tanıyır, oyun zamanı situasiyalara görə kimin necə davranacağını bilirik. Bütün bunlar köməkdi. 6 aydan bir heyəti dəyişsən, buna uyğunlaşmaq və komandanı tanımaq da çətin olur.

- Azərbaycan çempionatı bizə ekzotik görünür. Ora gedəndə sizdə qorxu var idimi?

- Bəli, necə olacağı məlum deyildi. Xüsusilə də, ilk dəfə legioner həyatı yaşayacaqdım. Əvvəllər "Yagelloniya"da çıxış etmiş və hazırda "Qarabağ"ın formasını geyinən Dani Kintanadan məlumat aldım. O, müsbət şeylər dedi və gəldiyim zaman gördüklərim məni yaxşı mənada təəccübləndirdi. 2004-cü ildən, yəni 21 yaşımdan "Legiya"da çıxış etmişəm. Hazırkı durum isə mənə çox xoş gəlir. Bakı inkişaf edir və həyat yoldaşımla birlikdə sakit həyat yaşayırıq. İdman da müsbətə doğru dəyişir, çünki biz çempionlar Liqasında oynadıq. Bura gəldiyim üçün peşmanlıq keçirsəydim, özümə qarşı dürüst olmazdım. Hər şey əla alındı.

- Bir çoxları qərbin xəyallarını qurur, ancaq siz əks istiqamətə getdiniz. Məsələn, Bundesliqaya yollana bilməzdiniz?

- Bu yaşda Almaniya çempionatı mənim üçün çox yüksəkdi. Mənim kimi futbolçu şərqə baxmaq məcburiyyətindədi. Ancaq gənclərə qərb liqalarını məsləhət görərdim. Oyun inkişafı, karyera və səviyyə baxımından ora daha üstündü.

- Azərbaycandakı qazanc Polşa çempionatından daha yüksəkdi?

- Ən yaxşı futbolçular Polşa liqası ilə müqayisədə daha yaxşı qazanırlar. Ancaq mən "Legiya"dakından daha az maaş alıram.

- Ancaq buna dəyərdi. çünki bir il əvvəl çempionlar Liqasının qrupunda oynadınız...

- Azərbaycan klub tarixində ilk dəfə bunu bacarmışdı. çox cazibədar görünürdü, "çelsi", "Atletiko" və "Roma" ilə qarşılaşdıq. Cəmi 2 xal toplamağımıza baxmayaraq, performansımızı müsbət xatırlayırıq. Kimlərlə qarşılaşdığımızı düşünsək, ümumi nəticə pis deyil.

- Həmin oyunlardan ən çox hansı futbolçular xatirinizdə qaldı?

- Antuan Qrizmann və Eden Azar. Bu mövsüm isə Avropa Liqasında "Arsenal"ın oyunçuları Aleksandr Lyakazett və Pyerr-Emerik Obameyanqın adını çəkə bilərəm. çempionlar Liqasında "Atletiko" ilə iki dəfə qarşılaşdıq və cəmi 1 qol buraxdıq. "Arsenal"a qarşı nəticələr daha pis idi, ancaq onlara da qarşı da "savaşdıq".

- Azərbaycan çempionatında oynayan polyaklar barədə nə deyə bilərsiniz?

- Məndən əvvəl Marçin Burxardt və David Peterzkeviç oynayıb. Hazırda Premyer Liqanın yeganə polyakı mənəm. Ancaq Vild-Donald Gerye və Dani Kintana kimi Polşa çempionatında çıxış etmiş futbolçular var.

- Mədəniyyət baxımdan sizin üçün hər hansı problem oldumu?

- Xeyr, mən bu baxımdan problem yaşamadım. Müsəlman ölkəsi olduğu doğrudu, ancaq bunu küçələrdə görmürsünüz. Məsələn, biz narahat idik ki, yoldaşım şəhərdə üzüaçıq gəzə bilməz. Ancaq sakinlərin belə radikal olmadığını gördük. Gündəlik yaşayış tərzində hər hansı bir problem yoxdu.

- Yerli sakinlərlə hansı dildə danışırsınız?

- Azərbaycan dilindən başqa rus dili də üstünlük təşkil edir. Ancaq komandanın çoxu ingilis dilindən istifadə edir. Onlarla mənə daha asan olur. Rus dilində 90 faiz başa düşürəm. Danışmaqda çətinlik çəkirəm, çünki polyak dili ilə qarışdırıram.

- Polşaya, məsələn, "Legiya"ya qayıtmaq planınız varmı?

- Yalvarmaqdan xoşum gəlmir. Əgər təklif olsa, o zaman düşünərəm. "Qarabağ"la mövsümün sonuna qədər müqaviləm var. Yeni müqavilə təklifi olub-olmayacağını və ya başqa komandanın mənimlə maraqlanıb-maraqlanmayacağını görəcəyik. Futbolçu həyatı tez dəyişir. Əvvəlcədən bəzi şeylər planlaşdıra bilərsiniz, lakin sonda istədiyiniz yerdə olursunuz. "Legiya" hələ də mənim ürəyimdədi və onları dəstəkləməkdə davam edəcəm. ümid edirəm ki, "Lexiya"nı qabaqlayaraq, yenidən Polşa çempionu olacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest